Dəmir yumruq » Manşet » Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının strateji əhəmiyyəti
Manşet / Siyasət / Bugün, 15:33

Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının strateji əhəmiyyəti

 

Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətləri davamlı olaraq inkişaf etdirməkdədir. Tərəflər arasında əməkdaşlıq çərçivəsində ikitərəfli və çoxtərəfli formatda çoxsaylı layihələr və təşəbbüslər, son illərdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün möhkəm hüquqi çərçivə yaradan mühüm sazişlər və anlaşma sənədləri imzalanıb. Avropa İttifaqı ilə qarşılıqlı hörmət və maraq prinsipləri əsasında qurulan münasibətlər martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfərində özünün bir daha aydın ifadəsini tapdı.


Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə təkbətək və geniş tərkibdə görüşlərində Azərbaycan ilə Aİ arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi. Təhlükəsizlik, enerji, nəqliyyat və digər sahələrdə dialoqun uğurla aparıldığı, etibarlı tərəfdaş kimi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi xüsusi qeyd olundu. Həmçinin nəqliyyat, logistika və bağlantılar üzrə müzakirələr aparıldı, bu məsələlərdə Azərbaycanın regionda mühüm rol oynadığı, Orta Dəhlizin tərkib hissəsi kimi TRIPP layihəsinin önəmi vurğulandı. Bu layihənin davamı olaraq Naxçıvan dəmir yolu xəttinin bərpasında və yenidən qurulmasında Aİ-nın iştirakına diqqət yönəldildi. Görüşlər çərçivəsində Azərbaycan və Aİ arasında rəqəmsal transformasiya, süni intellekt, data mərkəzlərinin yaradılması sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.


Azərbaycan Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidentinin mətbuata bəyanatında da Azərbaycan-Aİ tərəfdaşlığının strateji əhəmiyyəti bir daha vurğulandı, təhlükəsizlik, enerji, nəqliyyat sahələri də daxil olmaqla, son dövrdə keçirilmiş yüksək səviyyəli görüşlərin dinamikasına əsaslanaraq siyasi dialoqun və praktiki əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqlik ifadə olundu. Prezident İlham Əliyev səfərin hazırki dövrdə çox uğurla inkişaf edən ikitərəfli əlaqələrimizin daha da yüksəldilməsində mühüm rol oynayacağına əminliyini ifadə etdi. İqtisadi göstəricilərə diqqət yönəldən prezident İlham Əliyev əlavə etdi ki, bu ilin yanvarında ticarət dövriyyəmizin 50 faizi Aİ ilə bağlı olub. Aİ bizim üçün bir nömrəli ticari tərəfdaşdır. Hazırda Azərbaycan Avropada fəal şəkildə sərmayə yatırır. 2022-ci ilin iyulunda imzalanan Azərbaycan ilə Aİ arasında imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumuna diqqət yönəldərək bildirdi ki, həmin vaxtdan etibarən ölkəmiz həm həcm, həm də ölkələrin sayı baxımından Avropa ölkələrinə qaz ixracını artırıb. Bu gün Aİ-nın 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə Azərbaycan dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkədir. Prezident İlham Əliyev mətbuata bəyanatında həmçinin hazırki dövrün əsas çağırışlarından biri yaşıl enerjiyə keçidlə bağlı məqamlara da toxundu. Prezidentin nitqində vurğulandı ki, Azərbaycanın malik olduğu bərpaolunan enerji potensialı dünya dövlətləri ilə əlaqələrin inkişafında mühüm rol oynayır. Azərbaycan ilə Aİ arasında enerji sahəsi ilə əməkdaşlığın digər sahəsi bərpaolunan enerji ilə bağlıdır. Ölkəmiz külək, günəş və su elektrik enerjisinə böyük sərmayələr yatırır. Planımız 5 və ya 6 il ərzində ixraca hazır olan 6-8 qiqavatlıq bərpaolunan enerjiyə malik olmaqdır. Hazırda Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri, enerji infrastrukturunun digər fərqli hissələri üzərində çalışırıq – deyə prezident həmçinin əlavə etdi.


Dövlət başçısının bir çox görüşlərdə səsləndirdiyi kimi Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə birgə mətbuata bəyanatında da ötən ilin avqustunda ABŞ-a işgüzar səfəri zamanı əldə olunan tarixi sülh razılaşmasına, onun uğurlu nəticələrinə yönəltdiyi fikirlər diqqət çəkən məqamlardan idi. Artıq 7 aydır ki, sülh şəraitində yaşadığımızı bildirən prezident İlham Əliyev bu əminliyi ifadə etdi ki, Ermənistanla sülh daimi olacaq. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan və Ermənistan arasında əldə olunan sülh razılaşması regionda yeni əməkdaşlıq imkanları yaradır. Xüsusilə Orta Dəhlizin genişlənməsi və nəqliyyat əlaqələrinin inkişafı regionun iqtisadi potensialının daha səmərəli istifadə olunmasına şərait yaradacaq: Biz, həmçinin ticarətə başlamışıq. Ermənistana mühüm neft məhsullarının təchizatına başlamışıq. Digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırmışıq. Bu isə bir daha güclü siyasi iradəmizi göstərir, çünki biz sülhə təkcə iki ölkənin parafladığı sənəd üzərində deyil, həmçinin əyani şəkildə nail oluruq. Düşünürəm ki, əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir – prezidentin nitqində vurğulandı.


Prezident İlham Əliyevin bəyanatı Azərbaycanın həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirdi. Ümumilikdə səsləndirilən fikirlər, keçirilən görüşlərin atmosferi onu deməyə əsas verir ki, Aİ Azərbaycanla münasibətləri yenidən qiymətləndirir və bu istiqamətdə müsbət addımlar atmaqda maraqlı və qətiyyətlidir. Bu baxımdan Antoni Koştanın Azərbaycana səfəri və aparılan müzakirələr tərəflər arasında strateji tərəfdaşlığın gələcək inkişafı üçün əhəmiyyətli rol oynayacaqdır.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.