2025-ci il ərzində ölkədə informasiya texnologiyalarından istifadə edilməklə törədilmiş 1799 cinayət faktı qeydə alınıb.
Demiryumruq.az xəbər verir ki, bu fikirləri 15 mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda keçirilən forumda DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyev deyib.
Onun sözlərinə görə, bunlardan 632-si kiberoğurluq, 352-si isə digər kibercinayət halları ilə bağlı olub.
E.Mehdiyev əlavə edib ki, rəqəmsal texnologiyaların inkişafı ilə paralel olaraq kibercinayətkarlıq da daha mürəkkəb xarakter alır:
“Elektron ödəniş məlumatlarının sızdırılması, informasiya texnologiyalarından istifadə edilməklə oğurluq halları və digər kiberhücumlar istehlakçıların maliyyə təhlükəsizliyi üçün ciddi risklər yaradır”.
Baş idarə rəisi vurğulayıb ki, elektron ticarət sahəsində törədilən cinayətlərin təhlili göstərir ki, cinayətkarlar daha çox saxta elektron poçt ünvanlarından, saxta internet saytlarından və fişinq üsullarından istifadə edirlər:
“Bu üsullarla cinayətkarlar insanların etibarından sui-istifadə edir, müxtəlif bəhanələr və cəlbedici təkliflərlə onların pul vəsaitlərini ələ keçirirlər. Üsulların mahiyyəti dəyişməsə də, tətbiq formaları və aldatma taktikaları daim yenilənir”, - deyə o qeyd edib.