Dəmir yumruq » Manşet » Nərimanovda tikinti özbaşınalığı: Vüqar Bağırova kim “dur” deyəcək?
Manşet / Bugün, 11:08

Nərimanovda tikinti özbaşınalığı: Vüqar Bağırova kim “dur” deyəcək?

Bakının Nərimanov rayonunda günün günortaçağı aşkar qanunsuzluqlara yol verilsə də, aidiyyəti qurumların “tükü də tərpənmir”. Necə ola bilər ki, paytaxtın mərkəzində qanunsuz tikinti işləri aparılsın, yaşıllıqlar məhv edilsin, lakin müvafiq orqanlar bu mənzərəni görməzdən gəlsinlər?!

“Bəyin oğurlanması” filmində deyildiyi kimi, ya gərək İsrafilin elçi daşı üstündə oturasan, ya da o daşı götürüb vurasan başına… İndi dövlət orqanları da baş verən özbaşınalığa göz yummaqla vətəndaş Akif Nəzərovu az qala o həddə çatdırıblar.

Belə ki, redaksiyamıza müraciət edən Bakı sakini Akif Nəzərov Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Nərimanov Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığı məktublarda baş verən qanun pozuntularını faktlarla açıqlayıb. Vətəndaş bildirir ki, sözügedən qurumların verdiyi cavablar sanki qanunu pozan tərəfin maraqlarına xidmət edir.

Şikayətin məzmunu ondan ibarətdir ki, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, 138 ünvanında qanunsuz tikinti işləri aparılır. Vüqar Bəhruz oğlu Bağırov tərəfindən tikinti normaları kobud şəkildə pozularaq obyektə əlavə artırmalar edilib. O, şəxsi restoranı üçün “kəhkəşan” yaratmaq istəyərkən, belə demək mümkünsə, işin təməlinə əvvəldən haram qatıb. Tikintini davam etdirməyə heç bir rəsmi icazəsi olmadığı halda, V.Bağırov qanunlara məhəl qoymur, üstəlik, ərazidəki yaşıllığı da məhv edir. Lakin aidiyyəti qurumlar onun Aşıq Molla Cümə küçəsi, 138 ünvanındakı bu özbaşınalığını – qanunsuz artırmaları və ağacların kəsilməsini görməzdən gəlirlər.

Nərimanovda tikinti özbaşınalığı: Vüqar Bağırova kim “dur” deyəcək?Akif Nəzərovun şikayətçi qismində ölkə rəhbərliyinə müraciətindən sonra Nərimanov RİH başçısının müavini İradə Muradovanın imzası ilə Kommunal Təsərrüfat Birliyinə və yerli polis şöbəsinə tikintinin dayandırılması barədə xəbərdarlıq məktubu göndərilib. Amma görünən odur ki, Vüqar Bağırova sanki heç bir qüvvənin gücü çatmır, yaxud o, kimlərinsə maraqlarını təmin edir. Halbuki Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu qanunsuzluğa dərhal müdaxilə etməli idi.

Ona görə də Akif Nəzərov mətbuat vasitəsilə ilk növbədə komitəyə və digər məsul orqanlara üz tutaraq bu qanunsuzluğa son qoyulmasını xahiş edir. Lakin Vüqar Bağırov həmin ünvanda qanunsuz artırmalar etməklə insanları narazı salmaqda israrlı görünür. Vətəndaşların rahatlığını pozmaq hesabına restoran genişləndirmək və qazanc əldə etmək niyyəti göstərir ki, bu şəxs həm dövlət qanunlarına qarşı gedir, həm də vətəndaş hüquqlarını tapdalayır. Belə pozucu əməllərlə biznes qurmaq, çörək qazanmaq isə… Nə isə!

Hazırda Akif Nəzərovun müraciətində qeyd olunur ki, Vüqar Bağırovun həyətyanı sahəni qanunsuz zəbt edərək genişləndirməsi, artırmalar etməsi və havalandırma sisteminin texniki normalara uyğun olmaması ciddi narahatlıq yaradır. Bu səbəbdən təxirəsalınmaz tədbirlərin görülməsi artıq qaçılmazdır. V.Bağırovun saymazyana davranışı onun nə qanun, nə də dövlət tələbi tanıdığını nümayiş etdirir.

Qeyd edək ki, restoran və digər obyektlərdə aparılan qanunsuz artırmalar Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin birbaşa pozulmasıdır. Bura sənədsiz, icazəsiz və ya layihədən kənar inşa edilən bütün əlavə sahələr daxildir. Şikayəti nəzərə alaraq, aidiyyəti qurumlardan qanunamüvafiq tədbirlər görmələrini xahiş edirik./yenicag.az


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.