“Dinamo” klubunun prezidenti Yaşar Seyidovun Futbolxeber.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Yaşar müəllim, eşitdiyimizə görə, AFFA Klublar Komitəsinə müraciət edərəm qurumun qarşıdakı iclasında iştirak etmək, bəzi təkliflər səsləndirmək istəyirsiniz. Həmin təkliflər hansılardır?
Bəli, Klublar Komitəsinin iclasında iştirak etməklə bağlı AFFA-nın baş katibi Cahangir Fərəcullayevə, PFL prezidenti Elxan Səmədova, Klublar Komitəsinin rəhbəri Elçin Usuba və AFFA-nın Lisenziya və Qeydiyyat departamentinin rəisi Seymur Səlimliyə müraciət ünvanlamışıq. Artıq müraciətimiz müsbət cavablandırılıb. Klublar Komitəsinin sədri Elçin Usubdan qurumun martın 11-də keçiriləcək iclasda bizim müraciətimizin müzakirə olunacağı ilə bağlı məktub almışıq. Buna görə onlara minnətdaram. O ki qaldı Klublar Komitəsində iştirakla bağlı müraciətimizə, bildiyiniz kimi, II Liqada çıxış etməsinə və maliyyə çatışmazlığına baxmayaraq, Premyer Liqa klubları kimi, “Dinamo” da bütün yaş qrupları üzrə AFFA-nın təşkilatçılığı ilə keçirilən U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və U-19 Gənclər Liqasında iştirak edir. Hazırda Bakı və ətraf kənd-qəsəbələrdən 300-dək gənc akademiyamızda futbolun sirlərini öyrənir. Bir sözlə, təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyik ki, “Dinamo” bu gün Azərbaycanda uşaq futbolunun inkişafı üçün misilsiz və əvəzolunmaz xidmət göstərir.

- Özü də bildiyimiz qədər, “Dinamo” bütün bu işləri heç bir kənar maliyyə dəstəyi olmadan görür. Elədir?
- Elədir ki, var. Azərbaycan Premyer Liqasında çıxış edən klublara AFFA tərəfindən gənclər futbolunun inkişafı üçün 500 min manat təqdim olunur. Üstəlik, demək olar ki, bütün Premyer Liqa klublarının əlavə sponsoru da mövcuddur. Lakin İkinci Liqada çıxış edən “Dinamo” klubu bu cür dəstək ala bilmir. Bu gün “Dinamo” uşaq futboluna Premyer Liqa səviyyəsində diqqət ayırsa da, nə klubumuza gənclər futbolunun inkişafı üçün 500 min manat ayrılır, nə də əlavə sponsorumuz var. Bu gün “Dinamo” klubu yalnız II Liqada çıxışa görə aldığı cüzi vəsaitlə ayaqda durur. Bütün çətinliklərə baxmayaraq, “Dinamo” Futbol Klubu daim AFFA-nın baş katibi Cahangir Fərəcullayevin dəstəyini hiss edir. Fürsətdən istifadə edib sizin vasitənizlə klub olaraq – məşqçilər korpusunun, futbolçuların, texniki heyətin adından Cahangir bəyə minnətdarlığımızı bildiririk. İnanırıq ki, bu dəfə də müraciətimizə biganə qalmayacaq və öz dəstəyini “Dinamo” klubundan əsirgəməyəcək.
Məlum olduğu kimi, “Qarabağ” klubunun UEFA Çempionlar Liqasındakı çıxışına görə Azərbaycan Premyer Liqasının iştirakçılarına qitə futbol qurumu tərəfindən vəsait ödəniləcək. UEFA artıq illərdir Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan klubların təmsil etdiyi ölkələrdəki digər klublara da həmrəylik məqsədi ilə maddi yardım göstərir.
“Dinamo” Futbol Klubunun uşaq futbolundakı fəaliyyətini və AFFA-nın qəbul edilmiş 2025-2028-ci illər İnkişaf Strategiyasının bəzi müddəalarına töhfə vermək istəyimizi nəzərə alaraq, UEFA tərəfindən “Qarabağ”ın ÇL-dəki çıxışına görə ayrılacaq vəsaitdən təkcə Premyer Liqa klublarına deyil, “Dinamo”ya da müəyyən maliyyə yardımı göstərilməsini AFFA-dan, Klublar Komitəsindən xahiş edirik. Hesab edirik ki, uzun illərdir Azərbaycan futboluna xidmət edən, bu gün onlarla yetirməsi Premyer Liqada çıxış edən “Dinamo” da həmin vəsaitdən pay almağı haqq edir. Bu vəsaitin adı həmrəyliklə bağlıdır. Düşünürəm ki, Premyer Liqa təmsilçiləri ilə bəzi məsələlərdə həmrəy olmasını nəzərə alaraq, “Dinamo” klubunun da həmin vəsaitdən pay almağa haqqı çatır.
- Siz bu həmrəyliyi nədə görürsünüz?
- Biz üç məsələdə Premyer Liqada çıxış edən klublarla həmrəy olmuşuq. Əvvəla, “Karvan-Yevlax” klubu 2025/2026-cı il mövsümündə Azərbaycan Premyer Liqasında çıxış etmək üçün Azərbaycan klublarının lisenziyalaşdırılması qaydalarına əsasən (Maddə 20-S.03) minimum iki yaş qrupu üzrə komandaya malik olmalı idi. Lakin “Karvan-Yevlax”ın aşağı qrupları üzrə komandaları mövcud olmadığı üçün “Dinamo” Futbol Klubu ilə əməkdaşlıq müqaviləsi bağlanmış və bu əməkdaşlıq müqaviləsinə görə həmin meyarların tələblərini yerinə yetirərək “Karvan-Yevlax” Azərbaycan Premyer Liqasında çıxış etmək üçün hüquq qazanmışdır. Yəni “Dinamo” Futbol Klubu II Liqada çıxış etməsinə baxmayaraq, Azərbaycan Premyer Liqasında çıxış etmək istəyən klubla həmrəylik göstərərək onunla əməkdaşlıq müqaviləsi bağlamışdır. Düşünürük ki, bu proses qarşıdakı illərdə də Premyer Liqaya vəsiqə qazanacaq digər klublarla da davam edəcəkdir. Yəni “Dinamo” Futbol Klubu Premyer Liqada çıxış edən bütün klublarla həmrəydir. Bunu biz Premyer Liqa klubları ilə bərabər, gənclər liqasında bütün yaş qrupları ilə təmsil olunmaqla da göstəririk.
Premyer Liqa klubları kimi, “Dinamo” da gənclər liqalarında – U-10-dan U-19-a kimi bütün yaş qrupları üzrə ölkə çempionatlarında təmsil olunur. Bütün bu sadaladığım faktlar “Dinamo” klubunun da UEFA-dan gələn Həmrəylik vəsaitindən “Dinamo”ya da pay verilməsi üçün hüquqi əsaslar yaradır. Biz inanırıq ki, “Dinamo” klubu 2025-26 mövsümünün başlanğıcında Premyer Liqa klubları ilə həmrəy olduğu kimi, onlar da vəsaitin bölünməsində bizimlə həmrəy olacaqlar.
Bundan əlavə, “Dinamo” və İsgəndər Cavadov adına Bakı Futbol Akademiyasının yetirmələri Premyer Liqa klublarının istər əsas, istərsə də gənclər komandalarında çıxış edirlər. Lakin dəfələrlə müraciət etməyimizə baxmayaraq, bu vaxta qədər yetirmələrimizin transferləri qarşılığında “Dinamo” klubuna heç bir vəsait ödənilməmişdir. Halbuki bu gün 100-ə qədər yetirməmiz Premyer Liqa təmsilçilərinin istər əsas, istərsə də aşağı yaş qruplarında forma geyirlər.
- Maliyyə yardımı ilə bağlı danışarkən AFFA-nın 2025-2028-ci illər İnkişaf Strategiyası qeyd etdiniz. Sizin istəyiniz İnkişaf Strategiyasına nə kimi töhfə verə bilər?
- AFFA-nın İnkişaf Strafegiyasının 5.2.1. bəndində II Liqa komandalarının təlim-məşq bazalarının yaradılmasına dəstək olmaq, bu komandaların təlim və inkişafı üçün zəruri avandanlıqla təmin olunması; 5.2.1.1. bəndində isə Bakıda təlim-məşq infrastrukturu olmayan peşəkar klubların ümumən Bakıya səfər edən digər bölgə klubları üçün istifadə edilə biləcək təlim-məşq mərkəzinin inşasını təmin etmək qeyd olunub.
Məhz bu iki bəndi nəzərə alaraq, hesab edirik ki, UEFA-dan ayrılan həmin vəsaitdən “Dinamo”ya da pay düşməsi məqsədəuyğun olardı. Həmin maliyyə yardımının sayəsində “Dinamo”nun məskunlaşdığı Abşeron Olimpiya Kompleksinin stadionunu müasir standartlara uyğun inşa etmək çox faydalı olardı. Bu halda həm AFFA-nın İnkişaf Strategiyasına uyğun olaraq strategiyada nəzərdə tutulmuş təlim-məşq bazası olmayan ikinci liqa komandalarının bazalarının yaradılması reallaşardı, həm də Bakıya səfər edən digər bölgə klubları bu meydançanın xidmətindən istifadə edərdi. Eləcə də bu arenanın xidmətindən Premyer Liqa klublarının əvəzedici heyətləri, aşağı yaş qrupları üzrə komandaları, I və II Liqa klubları da yararlana bilərlər.
- Üstəlik, bu, hazırda Bakıda yaşanan stadion çatışmazlığını da qismən aradan qaldırardı...
- Əlbəttə. Qeyd etdiyiniz kimi, Bakı şəhərində stadion çatışmazlığını nəzərə alaraq, AFFA-nın Gənclər Liqasının, aşağı yaş qrupları üzrə ölkə çempionatının oyunlarının keçirilməsi üçün şərait yaranardı. Bir sözlə, UEFA-dan ayrılan vəsaitdən “Dinamo” klubuna, Abşeron Olimpiya Kompleksinin stadionunun müasir standartlara uyğun inşasına yardım edilsə, bu, həm AFFA-nın İnkişaf Strategiyasının reallaşmasına, həm də ümumən Azərbaycan futbolunun inkişafına faydalı olar. Hesab edirik ki, UEFA tərəfindən ayrılmış vəsaitdən səmərəli, İnkişaf Strategiyasının müddəalarının həyata keçirilməsinə uyğun olaraq istifadə etmək lazımdır. AFFA-nın yeni inkişaf strategiyası qəbul etməsi çox müsbət haldır. Düşünürük ki, UEFA-dan gələn vəsait həmin bu strategiyanın da icra olunmasında rol oynaya bilər. Məncə, elə AFFA özü də bu məsələ maraqlı olmalıdır ki, klublara ayrılan vəsait strategiyada yer alan müəyyən müddəaların icrasına yönəlsin.
- Uzun illərdir Azərbaycan futbolundasınız. Daha əvvəl bu cür praktika ilə qarşılaşmısınız?
Bəli, daha əvvəl Azərbaycan futbolunda belə bir praktika mövcud olub. Belə ki, bir neçə il əvvəl mən AFFA İcraiyyə Komitəsində yer aldığım və “Bakı” Futbol Klubunun vitse-prezidenti olduğum zaman UEFA-nın Çempionlar Liqasında iştirak üçün ayırdığı vəsaiti “Turan Tovuz” klubunun hesabına yönəltdik. Həmin vaxt mən, “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov və “Şamaxı” klubunun sələfi – “İnter” klubunun prezidenti Georgi Nikolovun təşəbbüsü və digər klubların razılığı ilə UEFA-dan gəlmiş vəsait Tovuz şəhər stadionunun qazonunun dəyişdirilməsinə yönəldildi. Həmin vaxt Tovuz klubunun müraciəti digər komandalar tərəfindən müsbət qarşılandı. Ümid edirik ki, illər əvvəl “Turan Tovuz”un xahişi kimi, bu gün “Dinamo”nun da müraciəti müsbət qarşılaşanacaq, digər klublar təşəbbüsümüzü dəstəkləyəcəklər. İnanıram ki, Azərbaycan futboluna ləyaqətlə xidmət edən, gənc nəslin sağlam yetişməsində rolu olan, yüzlərlə yeniyetməni Azərbaycan futboluna qazandırmış “Dinamo” klubunun müraciəti müsbət qarşılanacaq.
Demiryumruq.az