Göyçayda Qafqaz İslam Ordusunun və Nuru Paşanın abidəsi ucaldılması vacibdir.
1918-ci ildə Azərbaycanı bolşevik-daşnak işğalından azad etmək uğrunda aparılan döyüşlərdə mühüm rol oynamış Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi bu gün də aktuallığını qoruyur. Təklif olunur ki, onun abidəsi Göyçay rayonunun Qaraməryəm kəndinin mərkəzində ucaldılsın.
Bu təşəbbüslə hüquqşünas və jurnalist Anar Əlişah oğlu Nağıyev çıxış edib. O, müxtəlif illərdə Göyçay Gənclər Mərkəzinin direktoru, Göyçay Rayon İcra Hakimiyyəti aparatının mətbuat xidmətinin əməkdaşı, “Göyçay” qəzetinin baş redaktoru, informasiya agentliklərində və televiziya sahəsində məsul vəzifələrdə çalışıb, həmçinin deputat köməkçisi kimi fəaliyyət göstərib. A.Nağıyev dəfələrlə əlaqədar qurumlara müraciət edərək, Qafqaz İslam Ordusunun 1918-ci ilin iyununda Qaraməryəm ətrafında qazandığı qələbənin şərəfinə məhz həmin ərazidə abidə ucaldılmasını təklif edib.
Tarixi faktlara nəzər saldıqda məlum olur ki, 1918-ci ilin iyun ayında Göyçay qəzası və Qaraməryəm ətrafında ağır döyüşlər gedib. İyunun 16-da düşmən qüvvələri Qaraməryəm yaxınlığında Qafqaz İslam Ordusu ilə üz-üzə gəlib. Səhər saat 9-da başlanan döyüş yeddi saat davam edib. Böyük strateji əhəmiyyətə malik Qaraməryəm kəndi bir müddət bolşevik-daşnak qüvvələrinin nəzarətinə keçib.
İyunun 17-də iki türk alayı əsas qüvvələri gözləmədən və yetərli kəşfiyyat aparmadan hücuma keçib. Həmin gün baş verən döyüşlərdə tərəflər ağır itkilər verib, türk qoşunları 200-ə yaxın şəhid, 150-dən çox yaralı verərək geri çəkilməyə məcbur olub. Amazaspın rəhbərlik etdiyi bolşevik-daşnak qüvvələri say üstünlüyünə malik idi və bölgədə bir sıra mövqeləri ələ keçirmişdi.
İyunun 18-də Əliağa Şıxlinski və 5-ci Qafqaz piyada diviziyasının qərargah rəisi Rüşdü bəy ilə birlikdə Nuru Paşa Gəncədən cəbhə bölgəsinə gəldi. O, Göyçayda yalnız hərbçilərlə deyil, yerli əhali ilə də görüşərək, onları orduya dəstək verməyə çağırdı. Nuru Paşa müraciətində bildirirdi ki, əgər silahla kömək etmək mümkün deyilsə, heç olmasa əsgərlərə su və ərzaq çatdırmaq lazımdır. Çünki döyüşlər son dərəcə ağır isti şəraitdə gedirdi.
Qısa müddətdə Göyçay, Ağdaş, Yevlax və Bərdə ətrafından yüzlərlə azərbaycanlı gənc könüllü olaraq cəbhəyə yollandı. Azərbaycan könüllü süvari dəstələrinin, o cümlədən Həbib Səlimovun komandanlığı altında fəaliyyət göstərən birliyin döyüşlərdə mühüm rolu oldu.
İyunun 27-də bolşevik-daşnak qüvvələri qəfil hücuma keçsə də, məqsədlərinə nail ola bilmədilər. İyunun 29-da isə Qafqaz İslam Ordusu əks-hücuma başladı və Qaraməryəm azad edildi. İyulun 1-də düşmən qüvvələri geri çəkilməyə məcbur oldu. Göyçay-Qaraməryəm istiqamətində qazanılan bu qələbə Qafqaz İslam Ordusunun ilk böyük uğurlarından biri kimi tarixə düşdü və Bakının azad olunmasına aparan yolun başlanğıcı oldu.
Döyüşlər zamanı həlak olan türk əsgərlərinin bir qismi Göyçay, Qaraməryəm, Bığır və İsmayıllı ərazilərində dəfn olunub. Bu məzarlar zamanla ziyarətgaha çevrilib və bölgənin tarixi yaddaşının ayrılmaz hissəsidir.
Bu gün Qaraməryəmdə Nuru Paşanın və Qafqaz İslam Ordusunun şərəfinə abidənin ucaldılması təkcə bir tarixi hadisənin xatırladılması deyil, həm də Azərbaycan–Türkiyə qardaşlığının rəmzi olardı. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı bu qardaşlığın siyasi və mənəvi ifadəsinə çevrilib. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı da Türkiyənin Azərbaycana göstərdiyi mənəvi-siyasi dəstək bu birliyin sarsılmaz olduğunu bir daha sübut etdi.
Qaraməryəm kəndi Göyçay rayonunun eyniadlı inzibati ərazi vahidində, Şirvan düzünün şimal-şərqində, Girdimançay və Göyçay çayları arasında yerləşir. Tarixi və coğrafi baxımdan mühüm mövqedə yerləşən bu ərazi 1918-ci il döyüşlərinin əsas meydanlarından biri olub.
İnanırıq ki, tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından bu təşəbbüs əlaqədar qurumlar tərəfindən dəyərləndiriləcək və Qaraməryəmdə Qafqaz İslam Ordusunun və Nuru Paşanın xatirəsinə layiq bir abidə ucaldılacaq.
Anar Nağıyev, hüquqşünas-jurnalist