BDU rektoru yenidən gündəm oldu: Elçin Babayevi Mehdiyevə bağlayan tellər...
Ölkənin ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Bakı Dövlət Universiteti uzun illərdir Azərbaycan təhsil sistemində xüsusi yer tutur. Minlərlə tələbənin təhsil aldığı bu ali məktəbin fəaliyyəti daim ictimai diqqət mərkəzində olub. Son illərdə isə universitetin idarəçiliyi və rəhbərliyi ilə bağlı müxtəlif müzakirələr aparılır.
2019-cu ilin mart ayında Elçin Babayev rektor vəzifəsinə təyin edilərkən bu qərar cəmiyyətdə, xüsusilə tələbələrdə müəyyən gözləntilər formalaşdırmışdı. Gənc və müasir idarəetmə yanaşmasına malik rəhbər kimi onun universitetdə yeni islahatlara imza atacağı düşünülürdü. Lakin gözləntilər birmənalı şəkildə özünü doğrultmadı və ciddi suallar ortaya çıxdı. Səsləndirilən fikirlər arasında universitetin maliyyə və inzibati idarəçiliyi, obyektlərin icarəyə verilməsi, eləcə də daxili idarəetmə mexanizmləri ilə bağlı xoşagəlməz iddialar yer alır. Böyük və köklü ali təhsil ocağında şəffaflıq və hesabatlılıq prinsiplərinin qorunması şübhəsiz ki, vacibdir.
Eyni zamanda rektorun təyinat prosesi ilə bağlı müxtəlif siyasi və regional faktorların rol oynadığı barədə fikirlər də səsləndirilir və bu kontekstdə Ramiz Mehdiyevin adı çəkilir. Qeyd olunur ki, universitetdə kifayət qədər peşəkar professorların çalışmasına baxmayaraq elm ictimaiyyətində geniş tanınmayan Elçin Babayevin məhz Ramiz Mehdiyevin dəstəyi ilə rektor vəzifəsinə təyin olunması həm həmin dövrdə, həm də hazırda müəyyən narazılıqlara səbəb olub.
Aydındır ki, ali təhsil müəssisəsinin nüfuzu təkcə akademik göstəricilərlə deyil, həm də idarəetmədə şəffaflıq, ədalət və etimad mühiti ilə ölçülür. Bu baxımdan universitet rəhbərliyinin səsləndirilən suallara aydınlıq gətirməsi və ictimaiyyətlə açıq dialoq qurması həm BDU-nun nüfuzunun qorunmasına, həm də təhsil sistemində sağlam idarəçilik mühitinin formalaşmasına xidmət edə bilər. Cəmiyyət isə haqlı olaraq ölkənin aparıcı ali təhsil müəssisəsində yüksək idarəçilik standartları gözləyir.
Sosial mediada yayımlanan məlumatları araşdırmaq məqsədi ilə bir daha BDU rektoru Elçin Babayevin həyat fəlsəfəsinə nəzər saldıq. Bəli, sözün həqiqi mənasında ölkənin nüfüzlü ali təhsil ocağının rektoru ətrafında heç də xoşagəlməz olaylarla tanış olduq. Əslində. həqiqət nə qədər acı olsa da bir növ reallığı əks etdirir. Konkret desək Bakı Dövlət Universitetin rektoru E. Babayev, sabiq PA rəhbəri Ramiz Mehdiyevin xeyir-duası və təkidi ilə rektor təyin edilib. Onu da nəzərinizə çatdıraq ki, təhsil eksperti Etibar Əliyevin rektota qarşı səsləndirdiyi ittihamlar vəziyyəti daha da mürəkkəbləşdirib. Çünki təhsil sahəsində Babayev qədər adı R. Mehdiyevlə birgə hallanan ikinci şəxs yoxdur. Maraqlı bir mənbənin sözlərinə inansaq, tədbirlərin birində ona bu haqda sual verilsədə, lakin o cavablandırmaqdan imtina edib. Bu istiqamətdə dərin araşdırmalara ehtiyac olduğundan bəzi detallara toxunmuruq. Amma Ramiz Mehdiyev faktoru çox güman ki, bizi yanıltmayacaq.