Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqrımı Memorial Kompleksinin açılışında iştirak ediblər.
Prezident İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xocalı Soyqrımı ildönümünü məhz Xocalıda, xocalılarla birlikdə keçirməsi xüsusi və dərin simvolik məna daşıyır. Dövlət Başçısının bu faciəli tarixdə Xocalıda olması, əhali ilə bir araya gəlməsi, abidənin açılışında iştirakı həm şəhidlərin xatirəsinin ehtiram ifadəsi, həm də Qarabağa və oraya qayıdan insanlara olan diqqət və qayğının sistemli xarakter daşıdığını bir daha nümayiş etdirir. Bütün bunlar eyni zamanda təsdiqləyir ki, Azərbaycan bu torpaqlarda həyatın bərpasını təmin edir, mühüm tarixi günləri məhz öz ərazisində, öz insanları ilə birlikdə qeyd edir və bölgənin dirçəldilməsi prosesini ardıcıl şəkildə davam etdirir.
Dövlət başçımızın qeyd etdiyi kimi Memorial Kompleksinin məhz Xocalıda açılışı ədalətin təntənəsidir. Bu Kompleks silinməz yaddaşımızın təcəssümü olacaq. Soyqırım kompleksinin təməli dövlət başçısının iştirakı və Xocalı sakinləri ilə birlikdə 2 il əvvəl qoyulmuşdu. Kompleksin layihəsi Heydər Əliyev Fondu tərəfindən bir müddət əvvəl hazırlanmış, layihənin reallaşması üçün Bakıda yer seçilmişdi. Prezident İlham Əliyev kompleksin yaradılması ilə bağlı məqamlara aydınlıq gətirərərək onun tikintisi ilə bağlı tərəddüdlər keçirdiyini və bu səbəbdən də layihəni təxirə saldığını bildirdi. Təbii ki, tərəddüdə səbəb dövlət başçısının Azərbaycan xalqının Xocalıya qayıdacağına əminliyi idi.
Prezident İlham Əliyevin nitqində də qeyd olunduğu kimi Memorial Kompleksin Xocalıda təməlinin qoyulması ədalətin təntənəsi olmaqla yanaşı xüsusi siyasi əhəmiyyətə malikdir. Bu tarixi hadisə bir çox məqamları özündə ehtiva edir. Biz artıq Xocalıya qayıtmışıq. “Qarabağ Azərbaycandır!” reallığının dünyaya növbəti təsdiqidir. Prezident öz çıxışında bəyan etdi ki, dünya ictimaiyyəti Memorial Kompleksin timsalında Azərbaycan xalqının əyilməz ruhunun şahidi olur. Çünki Xocalı soyqırımı XX əsrin ən qanlı cinayətlərindən biri idi və xalqımız buna məruz qalmışdı, - 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız öz mənliyini, ləyaqətini, inamını saxladı. Dövlət başçısı vurğuladı ki, biz bu Memorial Kompleksin açılışında iştirak edərkən bir daha deyirik ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin. Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir. Son 80 il ərzində bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdır dünyada. Bu gün biz sülh içində yaşayırıq və bunun təminatçısı Azərbaycan dövlətidir, bizim siyasətimizdir.
Prezident İlham Əliyev çıxışında Xocalı həqiqətlərinin tanıdılması istiqamətində görülən işlərdən bəhs etdi: “Azərbaycan xalqı üçün bu, ən böyük faciədir. Bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün, bizim haqq işimizi dünya birliyinə təqdim etmək üçün həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox qurumlar fəal çalışıblar. Burada xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istərdim. Fond yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi. Son 20 il ərzində dünyanın bir çox ölkələrində bir çox tədbirlər, təqdimatlar, simpoziumlar, konfranslar keçirilmişdir, bir çox kitablar, broşürlər, bukletlər dərc edilmişdir. Çünki Ermənistan dövləti, dünya erməniliyi və dünya erməniliyinin, Ermənistan dövlətinin arxasında duran dövlətlər bu qanlı faciəni ört-basdır etməyə çalışırdılar. Hətta erməni təbliğatçıları Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdılar. Əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bu gün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun məlumat olmayacaqdı. Məhz bizim təkidli səylərimiz nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıyıb və bu proses davam etdirilir. Biz ədalət tələb edirdik. Ancaq əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri bizim bu faciəmizə biganə yanaşırdılar, Ermənistan dövlətinin törətdiyi bu qanlı cinayəti ört-basdır etməyə çalışırdılar. Biz isə ədalətə addım-addım irəliləyirdik. 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması bir addım idi, Vətən müharibəsi və şanlı Zəfərimiz ikinci addım idi, Xocalı şəhərinin iki il yarım bundan əvvəl azad edilməsi isə son addımlardan biri idi. Nəhayət, axırıncı addım bu yaxınlarda müharibə cinayətkarlarına qarşı Bakıda keçirilmiş məhkəmə prosesi idi. Xocalı soyqırımını törətmiş, əli Azərbaycan xalqının qanına batmış quldurlar məhkəmə qarşısında cavab verməli oldular”.
Dövlət başçısı çıxışında 2020-ci ildə qazanılan tarixi Zəfərdən, antiterror tədbirlərindən də geniş şəkildə bəhs etdi. Prezidentin nitqində qeyd olundu ki: Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində müharibə cinayətkarlarının bir hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdir, bir hissəsi, xüsusilə separatçıların liderləri sayılan ünsürlər isə müxtəlif dövrlərdə saxlanılmış və məhkəmə qarşısına gətirilmişdir. Bax bu, ədalətin tam təntənəsidir. Ədaləti biz özümüz təmin etdik, xalqımız bir yumruq kimi birləşərək həm 2020-ci, həm 2023-cü illərdə böyük qəhrəmanlıq göstərmişdir. Biz ədaləti Silahlı Qüvvələrimizin peşəkarlığı, fədakarlığı, rəşadəti hesabına özümüz təmin etdik. Əlbəttə ki, müharibə cinayətkarlarını ədalət məhkəməsinə gətirmək və ədalətli məhkəməni təşkil etmək bizim ədalətimizin son nöqtəsi idi. Dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağı azad edərək özü təmin etsin və müharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin. Bunu biz etdik – Azərbaycan dövləti. Bizim iradəmiz, deyə bilərəm ki, əyilməz iradəmiz bunu təmin etdi.
Prezident İlham Əliyev qətiyyətlə bəyan etdi ki, biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq. Hər zaman güclü olmalıyıq ki, belə faciələr bir daha təkrarlanmasın.