XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından 34 il keçir. Faciənin ildönümü ərəfəsində qanlı səhifəni bir daha vərəqləyərkən, hadisələrin arxasındakı siyasi və hərbi reallıqları açıq şəkildə ifadə etmək zərurətinə daim ehtiyac yaranır. Xüsusilə də, keçmiş sovet ordusunun tərkibində fəaliyyət göstərmiş 366-cı motoatıcı rus alayının soyqırımda iştirakı yenidən gündəmə gəlir. Sübutlar göstərirki, Xocalıda törədilən soyqırımı yalnız erməni silahlı birləşmələrinin əməli deyil, 366-cı motoatıcı alayın birbaşa bu hücumda iştirakı Moskvanın, Kremlin imperiya təfəkkürünün və işğalçı mahiyyətinin açıq təzahürü idi. İllər keçdikcə bu soqrımın mahiyyəti daha dərindən dərk olunur, təhlil edilir, indiki və gələcək nəsillərə çatdırılır.
Azərbaycan xalqının 20-ci əsrdə üzləşdiyi bu dəhşətli faciə yalnız Holokost soyqrımı kimi insanlıq tarixinə düşmüş qanlı qırğınla müqayisə oluna bilər. Xocalı faciəsi 200 ildən çox müddətdə erməni millətçilərini xalqımıza qarşı apardığı soyqrım siyasətinin ən qanlı səhfələrindəndir. Bu dəhşətli gecədə erməni təcavüzkarlarının törətdiyi qətliamda 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub, 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. İşğal nəticəsində şəhər xarabalığa çevrilmiş, xüsusi vandallıqla qarət olunmuşdur, 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, 3 mədəniyyət evi, bir tarixdiyarşünaslıq muzeyi dağıdılıb, şəhərdə 14-15-ci əsrlərə aid dini abidələr yerlə yeksan olub, qəbirstanlıqlar vandallara xas üsullarla dağıdılıb. Bu faktlar sübut edir ki, bu qətliam bəşəriyyət əleyhinə ən ağır cinayətlərdən biri olmaqla yanaşı, insanlığa qarşı törədilən bir vəhşilik nümunəsidir. Bu faciə hər birimizi dərindən yaraladı, amma milli iradəmizi, azadlıq istəyimizi, işğalla bağlı barışmaq mövqeyimizi sarsıda bilmədi, bizi daha da mətinləşdirdi.
Dünyada bənzəri olmayan soyqırım aktı kimi tarixə düşən Xocalı faciəsi ilə bağlı tarixi həqiqətlər ümummilli lider Heydər Əliyevin qətiyyətli və gərgin fəaliyyəti nəticəsində dünya ictimaiyyətinə çatdırılıb. Ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra tariximizin hər bir səhfəsinin öyrənilməsinə, onun saxtalaşdırılmasına yol verilməməsinə, həqiqətlərimizin, faciələrimizin əsaslı şəkildə beynəlxalq ictimaiyyətə çatdırılmasına edilən çağırışlar zaman-zaman reallıqda öz əksini tapdı, dünya gücləri Ermənistanın əsl simasını gördü. Soyqırımı bir çox ölkələrin parlament aktlarında tanınmış və qınanmışdır. Atılan addımların uğurlu nəticəsdir ki, Bosniya və Hersoqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paragvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən Xocalı soyqrımı barədə müvafiq parlament qətnamələri qəbul edilib. Soyqrım ABŞ-ın 20-dən çox ştatının qanunvericilik qurumları səviyyəsində tanınıb. Bundan əlavə 2012-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurası Xocalı faciəsini soyqrım kimi tanımışdır. 2013-cü ilin fevralında Qahirədə keçirilmiş İƏT İslam Zirvə Konfransında qəbul edilən yekun sənəddə üzv dövlətlər Xocalı Soyqrımının tanınması üçün səylər göstərməyə çağırılmışdır. Azərbaycanın həyata keçirdiyi ardıcıl diplomatik fəaliyyəti nəticəsində Xocalı qətliamı haqqında həqiqətlər getdikcə daha geniş coğrafiyada tanınmaqdadır.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Xocalı soyqrımı törədənlərin ifşa olunması və bununla bağlı beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirir. Dövlət başçısının 25 fevral 2025-ci il tarixli “Xocalı şəhərində Xocalı Soyqrımı Memorial Kompleksinin yaradılması haqqında” sərəncamı da bu istiqamətdə atılan addımlardan, eyni zamanda Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədini daşıyır. Bununla yanaşı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Xocalı soyqrımı haqqında faktların dünyaya çatdırılmasında sistemli və ardıcıl fəaliyyət göstərir, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlamış “Xocalıya Ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini gücləndirir. Faciə ilə əlaqədar dəhşətli faktlar beynəlxalq ictimaiyyətə çatdırılır.
Rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin, ümumilikdə bütün şəhidlərimizin qanı yerdə qalmadı. Vətən müharibəsi 30 illik işğala son qoymaqla yanaşı tarixi ədaləti bərpa etdi. 2023-cü ilin sentyabrın 19-da isə Qarabağda keçirilən lokal antiterror tədbirləri nəticəsində Xocalı şəhəri seperatçılardan tamamilə təmizləndi. 2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Dövlət Bayrağını ucaldaraq bu müqəddəs torpağın əbədi olaraq Azərbaycana məxsus olduğunu dünyaya bəyan etdi.
34 il bundan öncə bir gecədə məhv edilən Xocalı şəhəri bu gün həyatının quruculuq mərhələsini yaşayır. Suverenliyimizin tam bərpasından keçən qısa müddətdə Xocalı şəhəri ilk sakinlərini qarşıladı. 2024-cü il mayın 28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşdülər və onlara yeni mənzillərin açarlarını təqdim etdilər. Bu gün soydaşlarımız mərhələ-mərhələ öz doğma yurd-yuvalarına qayıdırlar. Xocalı şəhəri və kəndlərinin məskunlaşması davam etdirilir. Azad Qarabağımız, Şərqi Zəngəzurumuz yenidən dirçəlir, bərpa edilir, bu torpaqları görməyən uşaqlar, gənclər, böyük həvəslə qayıdır, işləyir, qurub-yaradırlar.
Bu gün Xocalı artıq qara xatirələr şəhəri deyil, Azərbaycanın əzəmətinin, yenilməzliyinin rəmzi kimi yenidən qurulur. Azərbaycan xalqı və dövləti Xocalını yenidən qurmaqda, orada həyatın bərpa olunmasında və keçmişin acı xatirələrinin gələcək nəsillər üçün şanlı qələbəyə çevirməkdə qətiyyətlidir.
Xocalını unutmadıq, unutdurmadıq və heç vaxt unutmayacağıq!