Azərbaycanla Serbiya arasında münasibətlər son illərdə siyasi, iqtisadi və enerji sahəsində dinamik inkişaf mərhələsinə qədəm qoyub. Ölkələrimiz arasında əlaqələr ildən-ilə uğurla inkişaf edir, münasibətlər strateji tərəfdaşlıq, dostluq, qarşılıqlı hörmət prinsipi əsasında davam etdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iki dost ölkə daim bir-birinin yanındadır və səmimi qardaşlıq əlaqələri mövcud dinamikanı daha da gücləndirir.
Dövlət başçılarının müntəzəm səfərləri, xüsusilə də Belqradda keçirilən görüşlər bu dostluğun nümunəsidir. Bu münasibətlər xalqlar arasında dostluq və hörmətə əsaslanan tərəfdaşlıq modelidir. Dövlət başçısının fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin mövcud inkişaf dinamikasını əks etdirməklə, yeni strateji məqsədlərə çatmaq üçün potensial imkanların müzakirəsi və həlli baxımından mühüm əhəmiyyət kəsb etdi. Bu səfər tərəfdaşlığın davamlı olaraq yüksələn xətt üzrə inkişafının təsdiqi kimi yadda qaldı.
Ölkəmizin başçısının Belqradda yüksək səviyyədə qarşılanması, keçirilən görüşlər və liderlərin iştirakı ilə Strateji Tərəfdaşlıq Şurasının birinci iclasının baş tutması münasibətlərin möhkəm təməl üzərində qurulduğunu bir daha nümayiş etdirdi. Keçirilən iclas ikitərəfli əlaqələrin daha da gücləndirilməsi, prioritet istiqamətlərin müəyyənləşdirilməsi və konkret layihələr üzrə əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Tədbir çərçivəsində liderlərin mətbuata bəyanatla çıxışı zamanı prezident Aleksandr Vuçiçin – Mən əziz dostum İlham Əliyevdən çox şey öyrənirəm və Azərbaycan xalqı hər zaman Serbiyadan və serbiya xalqından yalnız yaxşı işlər gözləyə bilər fikri sadəcə diplomatik ifadə deyildi. Bu, ölkə başçımızın artan beynəlxalq nüfuzunun və qlobal liderliyinin açıq etirafı idi.
Eyni zamanda prezident Vuçiçin nitqində səsləndirdiyi mühüm mesajlar yaxın dostluq əlaqələrinin daim irəli getdiyinin təsdiqi idi: “Bu gün keçirilən görüşün və Şura iclasının xüsusi rəmzi əhəmiyyəti var. Çünki, o Serbiya Respublikasının ən mühüm milli bayramı günündə - Dövlətçilik Günündə keçirilir və bu tarixi bizə ən yaxın dostlarımızla – Prezident İlham Əliyevlə və Azərbaycandan gəlmiş qonaqlarımızla qeyd edirik” ifadəsi Azərbaycan olan böyük ehtiram və etimadın nümunəsi demək idi. Qarşılıqlı münasibətlərin təcəssümü hər iki liderin çıxışlarında aydın şəkildə bəyan olunurdu.
Səfər çərçivəsində iki ölkə arasında bir sıra mühüm sənədlər imzalandı. Eyni zamanda gələcək hədəflərlə bağlı bir sıra istiqamətlər üzrə mühüm prioritetlər müəyyənləşdirildi: “Bizim gələcək üçün də açıq-aydın planlarımız var. Həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır” - prezidentin nitqində vurğulandı.
Energetika sahəsində ölkələrimiz arasındakı əməkdaşlığa toxunan prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan bir müddət əvvəl Serbiyaya təbii qaz ixracına başlayıb və bu gün qərara gəldik ki, ixracın həcmini artırılacaq. İxrac ediləcək qaz Serbiya tərəfindən elektrik enerjisinə çevriləcək, bu da artıq təmiz enerji istehsalına imkan yaradacaq. Bunun nəticəsində həm Serbiya daxili bazarı, həm də gələcəkdə ixrac üçün əlavə potensial formalaşacaq. Prezident həmçinin vurğuladı ki, hazırda Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir və bu rəqəm artmaq üzrədir. Eyni zamanda ölkəmizdə çoxsaylı bərpaolunan enerji stansiyalarının tikintisi davam edir və bu sahədə Serbiya ilə əməkdaşlıq perspektivləri açıqdır, strateji tərəfdaşlıq daha da güclənir.
Ümumilikdə liderlərin çıxışlarında səslənən fikirlərdə öz təsdiqini tapdı ki, enerji, investisiya, sənaye, nəqliyyat, texnologiya və bir çox sahələrdə formalaşan sinerji yaxın illərdə tərəflərin regional təsir imkanlarını daha da artıracaqdır.
Dövlət başçılarının birgə bəyanatlarında səsləndirilən təşəbbüslərdə də göründüyü kimi Azərbaycan-Serbiya münasibətləri daha geniş və kompleks strateji model üzrə davam etdiriləcəkdir. Buistiqamətlərin fonunda iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və milli maraqların təmin olunması baxımından mühüm töhfələrə yol açacaqdır.