Dəmir yumruq » Manşet » Azərbaycanın yeni rəqəmsal arxitekturası
Manşet / Siyasət / 13-02-2026, 13:19

Azərbaycanın yeni rəqəmsal arxitekturası

 

 

 

Fevralın 11-də Preziden İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib.


Müşavirədə ölkənin rəqəmsal inkişaf strategiyası və informasiya - kommunikasiya texnologiyaları sahəsində gələcək prioritetlər müzakirə olunub. Dövlət Başçısı bu sahədə atılacaq addımlarla bağlı müvafiq tapşırıqlar verib.


Prezident İlham Əliyev çıxışında bu gün süni intellekt, rəqəmsallaşma və data mərkəzlərinin yaradılmasını ölkənin gələcək inkişafını müəyyən edən ən mühüm amillər kimi önə çəkdi. Bu çıxış təkcə texnoloji yeniliklərin təşviqi ilə bağlı çağırış deyil, həm də Azərbaycanın post-neft dövründə rəqabət qabiliyyətini təmin edəcək iqtisadi modelin konturlarının müəyyənləşdirilməsidir. Bu reallıq fonunda rəqəmsallaşma və süni intellekt məsələsinin dövlət siyasətinin prioritetinə çevrilməsi strateji zərurət kimi çıxış edir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsal transformasiya proqramları ölkələrin uzunmüddətli inkişaf trayektoriyasını müəyyən edir. Prezidentin də vurğuladığı kimi Azərbaycanda da bu istiqamətdə müəyyən işlər görülüb, lakin eyni zamanda əsas məsələ rəqəmsal inkişafın sistemli və vahid planlı əsasda həyata keçirilməsidir. Prezident çıxışında bu məqamlara diqqət çəkərək bildirdi ki, ölkəmizin rəqəmsal iqtisadiyyata keçidi üçün ciddi struktur üstünlükləri mövcuddur. İlk növbədə ölkənin əlverişli geostrateji mövqeyi diqqət çəkir.


Asiya ilə Avropa arasında yerləşən, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin üzərində qərarlaşan Azərbaycan artıq fiziki tranzit mərkəzinə çevirilib. Transmilli böyük şirkətlərlə iş təcrübəmiz - bu da digər böyük üstünlüyümüzdür. 30 ildən artıq uğurla davam edən neft - qaz layihələrimiz, bütün bu təcrübə rəqəmsal dünyada aparıcı rol oynayan şirkətlərlə münasibətdə də davam etdirilməlidir. Dövlət başçısı çıxışında Azərbaycanın mövcud bütün üstünlüklərini qeyd etdiyimiz məqamlarla yanaşı, enerji generasiya gücünün artımı, istifadə olunmayan enerji ehtiyatları, geniş nəqliyyat və enerji infrastrukturu, fiber-optik bağlantılarının inkişafı, müsbət investisiya mühiti və beynəlxalq tərəfdaşlıq platformalarının – süni intellekt və data mərkəzləri kimi yeni iqtisadi istiqamətlər üçün baza kimi təqdim edib. Xüsusilə 10 min meqavatlıq generasiya gücü və ən azı 2 min meqavat sərbəst enerji potensialının data mərkəzləri üçün başlıca şərt kimi qeyd olunması bu sahəyə strateji yanaşmanı nümayiş etdirir. Digər məqamlar dünyanın aparıcı fondları ilə əməkdaşlıq, xüsusilə Azərbaycan Dövlət Neft Fondunun uzun illərdir bu təsisatlarla işləməsi rəqəmsal layihələr üçün maliyyə cəlbini asanlaşdırır. Qlobal texnologiya şirkətləri ilə aparılan danışıqlar və müsbət nəticələr ölkənin rəqəmsal transformasiya prosesində etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir.


Prezidentin nitqində də qeyd olunduğu kimi ABŞ, Avropa məkanı, Çinlə imzalanmış strateji tərəfdaşlıq sənədləri rəqəmsal əməkdaşlıq üçün geniş imkanlar yaradır. Xüsusilə ABŞ-la imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası süni intellekt, data mərkəzləri və yüksək texnologiyalar sahəsində əlaqələrin institusional çərçivəsini müəyyən edir. Eyni zamanda Çinlə imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sənədi innovasiya, rəqəmsal infrastruktur və texnologiya transferi baxımından perspektivlər yaradır. Təbii ki, bütün bu proseslər çoxvektorlu əməkdaşlıqlar modeli olaraq ölkənin qlobal texnoloji proseslərin aktoruna çevrilməsində mühüm məqamlardandır.


Prezident tərəfindən dövlət qurumları arasında bu sahədə sıx koordinasiyanın təmin edilməsi, qısa müddətdə vahid fəaliyyət planının hazırlanması və kibertəhlükəsizlik üzrə məsul şəxlərin müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar bu prosesin institusional çərçivədə həyata keçiriləcəyini göstərir.


Rəqəmsallaşma ilə paralel olaraq kibertəhlükəsizlik məsələsi də prezidentin nitqində xüsusi əhəmiyyət kəsb edən məqamlardan idi. Prezident nitqində qeyd edib ki, bu istiqamətdə də əsas hədəflər müəyyən edilməlidir və  bu sahəyə ciddi diqqət göstərilməlidir. Dövlət başçısı həmçinin əlavə edib ki, bizdə artıq fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi var, onun işi daim diqqət mərkəzində olmalıdır, bu mərkəzin uğurlu fəaliyyəti milli təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır.


Süni intellekt və rəqəmsal texnologiyalar sayəsində ixtisaslı kadrların hazırlanması dövlət başçısının çıxışında xüsusi yer alan məqamlardan idi. Dövlət başçısının qeyd etdiyi kimi bu sahədə ixtisaslı kadrların hazırlanması uzunmüddətli iqtisadi dayanıqlılığın əsas elementlərindəndir. Ali təhsil müəssisələrində informasiya texnologiyaları, süni intellekt və kibertəhlükəsizlik ixtisaslarının genişləndirilməsi, xaricdə təhsil proqramlarının bu istiqamətə yönəldilməsi vacibdir. Eyni zamanda otra məktəblərdə şagirdlərə ilkin rəqəmsal biliklərin aşılanması gələcək nəsillərin texnaloji dünyaya hazırlığını təmin etmək baxımından vacibdir. Prezident bu məqamları vurğulayaraq qeyd edib ki, biz öz təhsil sistemizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, həm dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdır. Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses daha da genişlənəcək. Gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq, təbii ki orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramlarına da müəyyən dəyişikliklər edilməlidir.


Prezident İlham Əliyevin süni intellekt və rəqəmsal infrastrukturu prioritet elan etməsi həm daxili idarəetmə islahatı, həm də beynəlxalq tərəfdaşlara yönəlmiş siyasi mesajdır. Vahid fəaliyyət planının hazırlanması və icrası strateji hədəflərə çatmaq yolunda mühüm mərhələdir. Göründüyü kimi qarşıdakı əsas vəzifə vahid strateji plan çərçivəsində ölkəni regionun qabaqcıl aparıcı rəqəmsal mərkəzinə çevirməkdir.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.