Azərbaycan balanslaşdırılmış və milli maraqlara əsaslanan müstəqil xarici siyasət həyata keçirir. ABŞ ilə münasibətlərin yüksək səviyyəyə çatması da məhz bu ardıcıl və praqmatik xarici siyasət kursunun məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. Yüksək səviyyəli qarşılıqlı səfərlər, imzalanan sənədlər və genişlənən iqtisadi-ticari əlaqələri gələcəkdə Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Bu baxımdan ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan və ABŞ münasibətləri müstəqillik tariximizdə heç vaxt indiki qədər yaxın və intensiv olmayıb. İlk növbədə qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. ABŞ Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Ötən dövrlərdə tərəflər siyasi, iqtisadi, təhlükəsizlik və humanitar sahələrdə sıx əməkdaşlıq formalaşdırıblar. Xüsusilə enerji sahəsində əməkdaşlıq münasibətləri strateji xarakter almasına ciddi töhfə verib. ABŞ Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tiblisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz Qaz Dəhlizi kimi qlobal enerji layihələrini daim dəstəkləyib. Bu layihələr təkcə Azərbaycanın iqtisadi inkişafına deyil, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verib. Bununla yanaşı, Azərbaycan beynəlxalq terrorizmlə mübarizə, regional təhlükəsizliyin təmin olunması və sülhməramlı missiyalarda ABŞ ilə əməkdaşlıq edən etibarlı tərəfdaş kimi çıxış edib. Azərbaycan hərbçilərinin Əfqanıstanda beynəlxalq koalisiya qüvvələri tərkibində xidmət etməsi də iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın mühüm nümunələrindən hesab olunur. Təəssüf ki, Bayden administrasiyasının ziddiyətli və riyakar siyasəti müəyyən dövrlərdə iki ölkə arasındakı əlaqələrə mənfi təsir göstərdi. Bununla belə ötən il liderlər Donald Tramp və prezident İlham Əliyevin düşünülmüş siyasətinin məntiqi nəticəsi olaraq Azərbaycan - ABŞ münasibətlərində yeni mərhələnin əsasları formalaşmağa başladı. Birləşmiş Ştatların Vitse-prezidenti Vensin Azərbaycana səfəri bu münasibətlərin yeni dövrünün mühüm anonsu kimi dəyərləndirilə bilər. Səfər çərçivəsində keçirilən görüşlər və bu görüşlərin fonunda hökumətlərarası Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması gələcək əməkdaşlığın daha da dərinləşəcəyinə dair siyasi iradəni ortaya qoydu.
Prezident İlham Əliyev ölkələrimiz arasındaki münasibətlərə toxunarkən Azərbaycana göstərilən çox müsbət münasibətə görə Tramp – Vens adminstrasiyasına minnətdarlığını bildirdi, çünki dövlət başçısının qeyd etdiyi kimi hazırki adminstrasiyanın hakimiyyəti dövründə aparılan uğurlu siyasət sayəsində Azərbaycan – ABŞ münasibətləri strateji əməkdaşlıq səviyyəsində yeni mərhələyə qədəm qoydu, Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması isə inkişaf edən əlaqələrin davamı kimi yadda qaldı. Prezident İlham Əliyev mətbuata bəyanatında bu məqamlara diqqət çəkərək bildirdi ki, Strateji Tərəfdaşlıq haqqında Xartiyanın bu gün imzalanması mərasimi heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürüdür.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Vaşinqtonda keçirilmiş tarixi görüş və Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması iki ölkə arasındakı əməkdaşlıq üçün yeni imkanlar açdı. Bu mərhələ Azərbaycan üçün ABŞ ilə strateji tərəfdaşlıq səviyyəsində münasibətlər qurmağın, regional sülh prosesinə töhfə verməyin və iqtisadi inteqrasiyanı təşviq etməyin vacibliyini göstərdi.
Prezident çıxışında Ermənistan - Azərbaycan sülh prosesində ABŞ-ın rolunu qeyd edərək TRIPP layihəsi vasitəsilə regionda nəqliyyat və iqtisadi inteqrasiyanın əsas diqqət mərkəzinə gətirdiyini bildirdi. Prezident həmçinin enerji, müdafiə, süni intellekt sahələrində əməkdaşlıq perspektivlərindən danışaraq Azərbaycan - ABŞ münasibətlərinin çoxşaxəli, strateji və uzunmüddətli xarakter aldığını bəyan etdi. Dövlət baçısı çıxışında Tramp - Vens administrasiyasının Qafqazda sülhə verdiyi töhfəni də xüsusi vurğuladı. Şübhəsiz ki, ölkəmizin xarici siyasət kursu,Tramp Administrasiyasının konstruktiv mövqeyi və xüsusilə prezident İlham Əliyevin qlobal liderliyi bütün bu proseslərin müsbət məcrada istiqamətinə gətirib çıxardı.
Məhz bu baxımdan ABŞ ilə münasibətlərin yüksək səviyyəyə çatması ardıcıl və praqmatik xarici siyasət kursunun məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. Əminliklə bildirmək olar ki, ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edən bütün bu addımlar əlaqələrimizin bundan sonrakı inkişafına müsbət töhfələr verəcəkdir. Bu baxımdan Vensin Azərbaycana səfəri tarixi əhəmiyyət daşıyan səfər kimi yadda qaldı.