2 Fevral hər il ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük qayğı ilə yanaşan Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanılıb.
Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər hər zaman gənc nəsilə qayğısını və diqqətini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edirdi. O, hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırılmasında ölkə gəncliyinin potensialına ehtiyac duyulduğunu hər kəsdən yaxşı bilir və düzgün qiymətləndirirdi. Məhz bu potensialın reallaşdırılmasına şərait yaratmaq məqsədilə Ulu öndər müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə bir çox mühüm sənədlər imzalayıb. Bu tədbirlərin təbii ki, ən mühüm istiqaməti gənclər siyasətinin institutlaşdırılması məqsədilə Ümummilli Liderin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması olub. “Gənclər Günü”nün təsis edilməsi, dövlət gənclər siyasətinin qəbul edilməsi, Gənclər Fondunun yaradılması və bu kimi istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycan gəncliyinin inkişafını təmin etmək məqsədini daşıyıb. Məhz bu baxımdan Ulu Öndərin gənclərlə bağlı imzaladığı sərəncam və həyata keçirilən tədbirlər onların respublikanın ictimai və siyasi həyatında daha fəal iştirakı üçün şərait yaratdı, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etdi.
Ümummilli Liderin gənclərlə bağlı siyasətinin mühüm istiqamətlərindən biri də Azərbaycan Gənclərinin Forumlarının keçirilməsi olub. Ulu Öndər 1995-ci ildə bu təşəbbüsü irəli sürdü və 1996-cı ildən etibarən forumlar keçirilməyə başlanıldı. Bu tədbirlər gənclərin cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək, onların problemlərini dinləmək və həlli yollarını müzakirə etmək üçün mühüm platformaya çevrildi. 1996-cı il fevralın 2-də keçirilən forumda Heydər Əliyev gənclər qarşısında tarixi vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Məhz bu forumdan sonra 2 fevral 1997-ci il tarixli sərəncamla Azərbaycanda hər il Gənclər Günü kimi qeyd edilməyə başlanıldı. Bu gün də Azərbaycan gənclərinin forumları ənənəvi olaraq keçirilir və gənclər siyasətinin inkişafına mühüm töhfə verir.
Hələ ötən əsrin 70-80-ci illərində gənclər siyasətinin uğurla reallaşması mütərəqqi addımlardan idi. Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı sayəsində bir çox sahələrdə olduğu kimi Azərbaycan gəncliyinin təhsili istiqamətində də mühüm tədbirlər həyata keçirilibdir. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu Ulu Öndərin hər zaman diqqət mərkəzində olub. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentlərlə şəxsən görüşü, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsil sahəsinə də olan diqqətinin bariz nümunəsi olub.
Vaxtilə Ulu Öndərin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, sosial təminatlarına yönələn bütün bu kimi tədbirlərin uğurla həyata keçirilməsinin nəticəsidir ki, Azərbaycan gəncliyi bu gün ölkənin ictimai-siyasi həyatının bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi-iqtisadi, humanitar, sosial layihələrin reallaşmasında mühüm rol oynayırlar.
Bütün bunlar dövlət gənclər siyasətinin təmilinin effektivliyinin göstəricisidir. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyində özünə, öz gücünə, potensialına inam hissi artıb və bu eyni zamanda hər bir Azərbaycan gəncində onların bu ölkə üçün dəyərli vətəndaş olmaları inamını daha da gücləndirib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti dövlətin əsas prioritet istiqaməti olaraq davam etdirilir. Təsadüfi deyi ki, 2007-ci ilin ölkəmizdə “Gənclər İli”, 2020-ci ilin “Könüllülər İli” elan olunması, respublikanın şəhər və rayonlarında “Gənlər evi”nin yaradılması, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təsis edilməsi və bu kimi tədbirlər dövlət gənclər siyasətinin uğurla davam etdirilməsidir.
Bundan əlavə 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan olub. Prezident İlham Əliyevin 1997-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyi dövrdən gənclərin idmana cəlb olunması xüsusi diqqət yetirilən məsələlərdən olub, məhz bu səbəbdən gənc idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil etməsi ölkəmizin bir daha idman ölkəsi kimi təsdiqini tapıb.
Sözsüz ki, müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər şanlı Zəfərimizin qazanmasında mühüm fədakarlıqlar göstəriblər, öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıblar. Təbii ki, bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi olub. Bu gün azad Qarabağda dalğalanan üçrəngli bayrağımız onların fədakarlığı və mübarizliyinin ən mühüm təcəssümüdür.
2 Fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi təsis edilməsi və qeyd olunması dövlətin gənclərə verdiyi dəyərin, onların inkişafına yaradılan şəraitin və gələcəyə olan inamın təcəssümüdür. Onların enerji, bilik və təşəbbüskarlığı cəmiyyətin hərtəfəli inkişafını daha güclü təmin edəcək, heç şübhəsiz ki, dövlətin və cəmiyyətin qarşılıqlı səyləri sayəsində gənclərin uğurları daha da artacaqdır.