Dəmir yumruq » Manşet » Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:...Prezident fərmanı niyə yadına düşmürdü?
Manşet / Bugün, 08:45

Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:...Prezident fərmanı niyə yadına düşmürdü?

 

Bəs indiyə kimi torpaq vergisi alanda niyə Prezidentin fərmanı Araz Nəcəfovun yadına düşmürdü? Yerquruluşu planından çıxarış sənədində sabiq sədr Əmiraslanovun adının qarşısına Araz Nəcəfov saxtakarcasına öz imzasını atanda Prezident fərmanı niyə yadına düşmürdü?

Bu sətirlər Vətəndaş Heydərov Məcid İmran oğlunun təmsilçisi (mülki etibarnamə ilə) Haqverdiyev Qoşqar Umud oğlu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi cənab Əbülfət Rzayevə ünvanladığı və bir surəti də Yenixeber.org-a daxil olan müraciətdə yer alır. Biz səslənən iddialarla bağlı qarşı tərəfi də, dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu..

Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:

Məlum edirəm ki, təmsil etdiyim Heydərov Məcid İmran oğluna Abşeron rayonu Qobu bələdiyyəsi tərəfindən 01 aprel 2008-ci il tarixli 08 saylı qərar qəbul olunaraq 0,08 ha torpaq sahəsi ayrılmışdır. Bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişangahlar qoyulub yerində təhvil verilmişdir. Təhvil verilmə Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışla və cizgi aktı ilə rəsmiləşdirilmişdir. Akta Abşeron rayonu Qobu bələdiyyəsinin o vaxtkı sədri Mübariz Bayramov, Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq-Tikinti Şöbəsinin o vaxtkı müdiri Akif Əliyev, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin o vaxtkı müdiri Mübariz Vəliyev imza atmışlar.

Eyni zamanda vətəndaş Heydərov Məcid İmran oğlu tərəfindən bələdiyyə büdcəsinə 29 dekabr 2007-ci il tarixində 500,0 manat torpaq rüsumu və 13 may 2008-ci il tarixində 10,0 manat torpaq vergisi ödənilmişdir.
Di gəl, vətəndaş Heydərov Məcid İmran oğlu həmin torpaq sahəsinə “çıxarış” sənədi almaq üçün müraciət edəndə Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən imtina cavabı almışdır. Bundan sonra vətəndaş Məcid Heydərov Sumqayıt inzibati məhkəməsinə müraciət edərək, ona “çıxarış” sənədi verilməsi öhdəliyinin aidiyyəti qurumun üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

Bələdiyyənin məlum qərarının və aktının mövcudluğunu, vətəndaş Məcid Heydərov tərəfindən torpaq rüsumu və torpaq vergisinin ödənildiyini Qobu bələdiyyəsinin sədri Araz Nəcəfov vətəndaş Heydərov Məcid İmran oğlunun 17.11.2025-ci il tarixli ərizəsinə cavab olaraq elə həmin gün göndərdiyi 17 noyabr 2025-ci il tarixli 533 № li məktubunda da təsdiqləyir. Lakin eyni zamanda vurğulayır ki, vətəndaş Heydərov Məcid İmran oğluna torpaq sahəsinin ayrılması ilə bağlı Qobu bələdiyyə şurasının 01 aprel 2008-ci il tarixli 08 saylı qərarı Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2007-ci il tarixli 662 nömrəli fərmanından sonraya düşdüyü üçün sənəd Fərmana əsasən tərtib edilməmişdir.

Lakin bələdiyyə sədri Araz Nəcəfov daha əvvəl - 07 noyabr 2025-ci il tarixdə 525 №-li məktubu ilə Sumqayıt İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq bildirmişdir ki, Abşeron rayon Qobu bələdiyyəsinin 2013-cü ilədək olan torpaqayırma sənədləri qorunması və mühafizə olunması üçün Abşeron rayon Dövlət Arxiv İdarəsinə göndərilmişdir. Eyni zamanda xatırlatma vermişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiq edilməsi barədə 23 noyabr 2007-ci il tarixində 662 nömrəli fərmanına əsasən bələdiyyələr torpaq sahəsinin satışını 30.11.2007-ci il tarixdən etibarən yalnız hərrac və ya müsabiqə yolu ilə əldə edə bilərlər: “Odur ki, sorğunuzda qeyd olunan vətəndaş Heydərov Məcid İmran oğluna torpaq sahəsinin ayrılmasına dair Abşeron rayon Qobu bələdiyyəsinin 01.04.2008-ci il tarixli 08 saylı qərarı qüvvəsiz hesab olunur”. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiq edilməsi barədə 23 noyabr 2007-ci il tarixli 662 nömrəli Fərmanına əsasən, bələdiyyələr torpaq sahəsinin satışını 30.11.2007-ci il tarixdən etibarən yalnız hərrac və ya müsabiqə yolu ilə əldə edə bilərlər.

Maraqlıdır, Araz Nəcəfov görəsən, on gün əvvəl məhkəmə sorğusuna yazdığı cavab məktubunda niyə axtarılan torpaqayırma sənədindən (Bələdiyyənin 01.04.2008-ci il tarixli qərarından və aktından) söz açmayıb? Amma Prezidentin 23 noyabr 2007-ci il tarixli Fərmanını xatırlatmağı unutmayıb?
Araz Nəcəfovdan soruşan da yoxdur ki, vəzifəyə gəlməsindən ötən müddət ərzində o özü və bələdiyyədə rəsmi və ya qeyri-rəsmi işə götürdüyü, torpaq dəllallığı ilə məşğul olan qohumları sözügedən torpaq sahəsində vətəndaş M.Heydərovun hasar bünövrəsi saldığını, 3 yük maşını daş tökdüyünü, 7 ağac əkdiyini heç görməyiblərmi? Araz Nəcəfovdan soruşulmalıdır ki, nəyə görə Məcid Heydərova verilən Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarış sənədinə sabiq sədr Ə.Əmiraslanovun əvəzinə saxtakarlıq edərək özün imza atmısan?

Bələdiyyə sədri Araz Nəcəfov vətəndaş Məcid Həmidova həmin 8 sot torpaq sahəsini almaq üçün aşağı qiyməti 7000 (yeddi min) manatdan başlayan hərracda iştirak etməyi təklif edib. Haqlı sual yaranır: Bəs indiyə kimi torpaq vergisi alanda niyə Prezidentin fərmanı Araz Nəcəfovun yadına düşmürdü? Yerquruluşu planından çıxarış sənədində sabiq sədr Əmiraslanovun adının qarşısına Araz Nəcəfov saxtakarcasına öz imzasını atanda Prezident fərmanı niyə yadına düşmürdü?

Odur ki xahiş edirəm, qeyd etdiyim faktların araşdırılması, qanunsuzluqlara, vəzifə saxtakarlığına rəvac verən şəxslərin əhatə dairəsinin dəqiqləşdirilməsi və onların məsuliyyətə cəlb olunması təmin olunsun.
Tərəfimizdən lazım olacaq sənəd və materialları təqdim etməyə hazırıq.

Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq. 


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.