Dəmir yumruq » Manşet » Cənubi Qafqazın yeni inkişaf mərhələsi-Deputat
Manşet / Siyasət / Bugün, 18:41

Cənubi Qafqazın yeni inkişaf mərhələsi-Deputat

 

Azərbaycan tarixində unudulmaz, əbədi olaraq yaddaşlara həkk olunan günlər, tarixin səhifəsindən silinməz anlar çoxdur. 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, eyni zamanda milli qürur və milli fəxarət tarixi, canı ilə, qanı ilə dastan yazdığı gündür.
36 il bundan öncə həmin ağır gündə bütün hədələrə, təhdidlərə, ölümlə üz-üzə dayanmasına baxmayaraq, xalqımız müstəqillik, azadlıq uğrunda lazım gələndə şəhid ola biləcəyini də göstərdi. Buna görə də, 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinmir, hər bir azərbaycanlı istər 20 Yanvar şəhidlərinin, istərsə də Birinci və İkinci Qarabağ Müharibəsi şəhidlərinin əziz xatirəsini əbədi yaşadır.
Bu məcrada, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Avropa mətbuatında, Avropa İttifaqının 27 ölkəsində yayımlanan tanınmış informasiya portalı – EU Reporter–da “Azerbaijan commemorates 20 January” adlı məqaləsi dərc olunub. Demiryumruq.az məqaləni Sizlərə təqdim edir. 
Məqalədə ölkəmizin ictimai-siyasi həyatına 20 Yanvar faciəsi kimi daxil olmuş bu günün xalqımızın milli yaddaş fəlsəfəsi, milli özünüdərk prosesində özünəməxsus yeri olduğu, tariximizdə bu kimi hadisələrin xalqımızın milli mənlik şüurunda, həmçinin azərbaycançılıq ideologiyası təfəkküründə dərin və əbədi iz qoyduğu qeyd olunur. 
Məzahir Əfəndiyev vurğulayır ki, faciədən sonra Azərbaycanda milli azadlıq hərəkatı dönməz xarakter aldı və xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanın yaranmasında gördü. Baş vermiş hadisələrdən sonra dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.
O zamanlar bu proseslərə qiymət verməyin, münasibət bildirməyin həddindən artıq qorxulu məsələ olduğu, amma buna baxmayaraq 20 Yanvar hadisələri ilə bağlı ilk rəsmi etirazın Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirildiyi diqqətə çatdırılır. Belə ki, heç bir təhlükədən çəkinməyərək  məhz Ümummilli Lider 1990-cı ilin yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi və qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edərək Azərbaycan xalqını birliyə səslədi.
Deputat yazısında, eyni zamanda, bu gün 20 Yanvarın tarixdə bir faciə, dəhşətli bir terror aktı kimi qalmaqla yanaşı, həm də Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olduğunu, bu tarixin 2020-ci ildən başlayaraq istər döyüş meydanında, istərsə də diplomatik cəbhədə əldə etdiyimiz Zəfərlərlə, xüsusilə 08 avqust 2025-ci il tarixində Azərbaycan Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistan Respublikasının Baş naziri arasında Vaşinqtnon Bəyannaməsinin imzalanması ilə taclandığını xüsusi vurğulayır. 
Bu il keçirilən Davos Ümumdünya İqtisadi Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, verdiyi mesajlar, xüsusilə bu gün Cənubi Qafqazın yeni inkişaf mərhələsinə daxil olduğuna dair sözləri regionda yaşayan bütün xalqlar üçün bundan sonra yalnız sülh, təhlükəsizlik, əmin-amanlıq dövrünün başladığını ortaya qoydu.
Həmin məqalə ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

https://www.eureporter.co/azerbaijan/2026/01/19/azerbaijan-commemorates-20-january/


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.