Məlum olduğu kimi yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan geniş müşavirə keçirilib.
Həmin müşavirədə ölkə prezidenti indiyədək Azərbaycanda su təchizatı ilə bağlı görülən işlər barədə ətraflı məlumat vermiş, eyni zamanda qarşıda qoyulan perspektivlərlə bağlı öz fikirlərini bildirmişdir. Və ən başlıca Qarabağda və Şərqi Zəngəzurda su ehtiyatları, eyni zamanda həmin su ehtiyatlarından istifadə edilməsi ilə bağlı öz fikirlərini bildirən cənab prezident Azərbaycanda çox yaxın gələcəkdə su təchizatı ilə bağlı həyata keçiriləcək layihələr, layihələrin maliyyə mənbələri, həmçinin rəqəmsal idarəetməyə keçidin vacibliyi ilə bağlı bir sıra məsələləri diqqətə çatdırıb.
İlk növbədə qeyd edək ki, sözügedən proqram iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələ 2026-2030-cu, ikinci mərhələ isə 2031-2035-ci illəri əhatə edəcək. Birinci mərhələdə su və kanalizasiya infrastrukturu yenidən qurulacaq. İkinci mərhələdə yeni su anbarlarının və nasos stansiyalarının tikintisi, su təchizatının fasiləsizliyinin təmin olunması və müasir xidmət modellərinin tətbiqi prioritet istiqamətlər kimi müəyyən ediləcək. Proqramın 10 illik dövrü əhatə etməsi, maliyyə mənbələrinin əvvəlcədən müəyyənləşdirilməsi və icraya ciddi nəzarət mexanizmlərinin nəzərdə tutulması dövlət idarəçiliyində bu sahəyə sistemli yanaşmanın bir daha bariz göstəricisidir. Yanvarın 12-də həmin Dövlət Proqramına həsr olunan müşavirədə prezidentimiz bu sənədin genişliyini və konkretliyini qeyd edərək bildirib ki: “Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən. İctimai nəzarət də əlbəttə ki, mütləq olmalıdır”. Həmçinin dövlət başçısı mətbuat qarşısında proqramın icrasının geniş işıqlandırılması tələbinin vacibliyini qoyaraq vurğulayıb ki, Azərbaycan vətəndaşları, xüsusilə Bakı və Abşeronda yaşayan insanlar görsünlər, bilsinlər ki, nə vaxt hansı məsələ öz həllini tapır və yubanmalar da olmamalıdır.
Dövlət başçısının çıxışının əsas hissəsində son illər ərzində ölkəmizdə bütün istiqamətlər üzrə həyata keçirilən əsas infrastruktur məsələlərindən bəhs olunub. Qeyd olunub ki, həmin məsələlər uğurla icra olunmuşdur. Enerji, qazlaşma, yol-nəqliyyat, su infrastrukturu sahələrində əsas problemlərin mərhələli şəkildə həll olunduğu diqqətə çatdırılıb. Prezidentin nitqində həmçinin vurğulanıb ki, içməli su və suvarma layihələri də həmişə dövlətin diqqət mərkəzində olub. Son 20 il ərzində 4 böyük su anbarı inşa edilib və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Bu gün əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra olunmuş və bu proses uğurla davam etdirilir. Müşavirədə müzakirə olunan proqramın Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcəyini diqqətə çatdıran dövlətimizin başçısı Bakının və Abşeron yarımadasının içməli su problemlərinin uzun illər ciddi problem kimi qarşıda durduğunu bildirib. Genişmiqyaslı və müfəssəl dövlət proqramının qəbul edilməsi zərurətinin məhz bu baxımdan vacibliyi qeyd olunub.
Proqramın icrası istiqamətində qarşıda duran prioritetlərdən bəhs edərkən prezident İlham Əliyev qeyd edib ki, yeni su anbarları tikilməlidir. Bu da çox böyük genişmiqyaslı infrastruktur layihələrdir. Sayğaclaşdırma məsələsinin vacibliyinə diqqət yönəldərək dövlət başçısı bildirib ki, bu proses 100 faizə çatdırılmalıdır. Bu gün fasiləsiz içməli su ilə təmin olunan əhali 70 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatacaqdır.
Bu gün azad olunmuş ərazilərdə də içməli su və suvarma layihələri uğurla davam etdirilir. Ölkə başçısının çıxışında da vurğulandığı kimi son 5 il ərzində bir neçə önəmli layihələr icra olunub. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yarasız vəziyyətə salınmış su anbarları əsaslı şəkildə təmir olunub. İşğal dövründə Ermənistan dövləti tərəfindən bizə qarşı həyata keçirilən su terroru ölkəmizə böyük problemlər yaratdığı bir daha dövlət başçısının nitqində qeyd olunub: “Bu gün isə həmin ərazilərdə həyata keçirilən layihələr əsasında “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda “Köndələnçay” - üç su anbarı yenidən qurulub, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı bu gün artıq istismardadıdır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının – “Həkəriçay”, “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur”.
Göründüyü kimi müşavirədə səslənən bu və ya digər mesajlar bir daha onu təsdiqləyir ki, Azərbaycan problemləri qabaqlayıcı strateji düşüncə ilə həll edir. Həyata keçirilən tədbirlər təkcə uğurların göstəricisi deyil, həm də gələcək üçün etibarlı zəmanətdir.