"Azərbaycan ötən il iqlim konfransına ev sahibliyi ilə dünyanın diqqətində oldu. Bu kimi mötəbər beynəlxalq tədbirlərin ölkəmizdə təşkilini şərtləndirən amillər sırasında Azərbaycanın sabitlik diyarı, təhlükəsiz ölkə kimi nüfuz qazanması, bu cür tanınması da böyük rol oynayır. Azərbaycan COP29-a ev sahibliyi etməklə bərpaolunan enerji sahəsində malik olduğu imkanları bir daha dünyaya təqdim etdi".
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, deputat Vüqar Rəhimzadə deyib.
Azərbaycanın enerji təhlükəsizliyinin yeni mərhələsi: Beş milli prioritetdən biri necə icra olunur?
O bildirib ki, ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib:
"Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Bu baxımdan, Abşeron-Xızı iqtisadi zonasında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa edilən 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyası ölkədə enerji təhlükəsizliyinin həyata keçirilməsində əhəmiyyətli rol oynayacaq. Stansiyanın illik enerji istehsalı həcmi təqribən 1 milyard kilovat-saat nəzərdə tutulur ki, bu da ölkədə enerji istehlakının 3.5 faizidir. Əlbəttə ki, bu elektrik stansiyasının istismara verilməsi daha çox qaz istehlakının azalmasına səbəb olacaq. Həmin qaz ixraca yönəldilə bilər ki, bu da dolayı yolla ixracdan gəlirlərin artmasına səbəb olacaq.
Prezident İlham Əliyev "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində bildirdi ki, bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Sitat: "Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək. Keçən il Mingəçevirdə yeni elektrik stansiyasının açılışını qeyd edərkən bir daha əmin olduq ki, Azərbaycanda bu iki proses, yəni ənənəvi generasiya gücləri və bərpaolunan generasiya gücləri paralel şəkildə aparılmalıdır".
Milli Məclis üzvü əlavə edib ki, bərpaolunan enerji layihələri yalnız enerji təhlükəsizliyini gücləndirmir, həm də ekoloji dayanıqlığın təmin olunmasına, yaşıl enerji ixracının genişləndirilməsinə və iqtisadi inkişafın sürətlənməsinə xidmət edir:
"Ölkəmizdə uğurla həyata keçirilən bərpaolunan enerji layihələri qlobal miqyasda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini daha da artıracaq. Bu məqsədlər üçün Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" və Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətləri ilə müqavilələr imzalanıb. Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji zonası üçün konseptual layihələr hazırlanıb. Müasir dövrün tələbinə uyğun bərpaolunan enerji mənbələrindən ibarət unikal layihələrin həlli istiqamətində işlər davam etdirilir. Azərbaycanın nəhəng təbii qaz ehtiyatları ilə yanaşı, dünya ölkələrinin maraq göstərdiyi bərpaolunan enerji sahəsində zəngin təbii resurslara malik olması "yaşıl artım" layihəsinin həlli üçün geniş imkanlar vəd edir".