Dəmir yumruq » Manşet » Köhnə cinayət kölgəsi, yeni vəzifə: “Azərenerji”də sual doğuran müşavir təyinatı
Manşet / Dün, 08:33

Köhnə cinayət kölgəsi, yeni vəzifə: “Azərenerji”də sual doğuran müşavir təyinatı

 

"Azərenerji” Açıq Səhmdar Cəmiyyətində baş verən son kadr təyinatı ciddi suallar doğurur və enerji təhlükəsizliyi kimi strateji sahədə ictimai narahatlığı daha da artırır.
Məsələ "Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayevin vaxtilə ağır cinayət ittihamı ilə həbs olunmuş Üzeyir Yusifovu özünə müşavir təyin etməsi ilə bağlıdır.
Məlumatlara görə, Üzeyir Yusifov "Azərenerji” ASC-nin Xüsusi Təkmilləşdirmə Quraşdırma Mərkəzinə (XTQM) rəhbərlik etdiyi dövrdə DRES-lərdə aparılan təmir işlərinə nəzarət edərkən dövlət əmlakının külli miqdarda mənimsənilməsi faktı üzrə məsuliyyətə cəlb edilib. Sözügedən faktla bağlı onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə cinayət işi başlanıb və Yusifov həbs edilib.
İndi isə cəmiyyət haqlı olaraq sual edir:
Belə bir keçmişi olan şəxs hansı meyarlarla yenidən "Azərenerji” kimi strateji qurumda rəhbərliyə yaxın vəzifəyə gətirilir?
Üzeyir Yusifovun hazırda həm Balababa Rzayevin müşaviri, həm də "AzərEnerji” ASC-də enerjinin istehsalı operatorunun direktoru kimi fəaliyyət göstərməsi vəziyyəti daha da ağırlaşdırır. Bu təyinat təkcə etik deyil, eyni zamanda idarəetmə və təhlükəsizlik baxımından riskli presedent yaradır.
Xatırladaq ki, enerji sektoru sadəcə bir qurum deyil — bu sahədə verilən yanlış qərarlar minlərlə insanın həyatına, ölkənin iqtisadi sabitliyinə və milli təhlükəsizliyə birbaşa təsir edir. Keçmişdə baş vermiş böyük enerji qəzaları hələ də cəmiyyətin yaddaşındadır və həmin hadisələr zamanı məsuliyyətsiz idarəçiliyin hansı fəsadlara yol açdığı hamıya məlumdur.
Balababa Rzayevin bu təyinatla keçmişi suallar doğuran şəxslərə ikinci deyil, bəlkə də üçüncü şans verməsi istər-istəməz belə bir təəssürat yaradır:
"Azərenerji”də şəffaflıq yox, şəxsi yaxınlıq prinsipi əsas götürülür?
Rəsmi qurumlar bu məsələ ilə bağlı hələlik açıqlama verməyib. Lakin ictimaiyyət cavab gözləyir:
Cinayət məsuliyyəti daşımış şəxsin strateji enerji sistemində yenidən söz sahibi olması nə dərəcədə doğrudur?
Bu təyinat hansı məsuliyyət mexanizmi ilə əsaslandırılıb?
Enerji təhlükəsizliyinə kim cavabdehdir?
Bu suallar cavabsız qaldıqca, narahatlıq da artır. Çünki söhbət təkcə bir müşavir təyinatından yox, ölkənin enerji damarına kimlərin toxunduğundan gedir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.