31 Dekabr - Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür.
Artıq 5-ci ildir ki, xalqımız bu əlamətdar günü son 200 illik tariximizin ən parlaq səhifəsi və əbədi qürur mənbəyimiz olan şanlı Zəfərimizin doğurduğu qalibiyyət ovqatı və fəxarət hissi ilə qeyd edir. Bu tarix, yalnız təqvimdə bir gün olmaqdan daha çox, tarixi köklərimizə, milli kimliyimizə və mənəvi dəyərlərimizə bağlılığın ifadəsidir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü təkcə xaricdə yaşayan soydaşlarımızın deyil, həm də Azərbaycanda yaşayan hər bir vətəndaşın öz xalqına, vətəninə, milli birliyinə sarsılmaz bağlılığını nümayiş etdirdiyi bir bayramdır.
Böyük və qüdrətli Azərbaycan xalqının övladlarının söz, əqidə və əməl birliyinə nail olmaq arzusunu və əzmini təcəssüm etdirən həmrəylik günü bütün xalqımız tərəfindən əziz bayram kimi böyük ruh yüksəkliyi ilə qeyd edilir.
Hamımıza yaxşı məlumdur ki, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi məhz Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmişdir və bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə müraciət etmişdir. Yalnız bundan sonra dekabrın 25-də müvafiq təklif respublika parlamenti tərəfindən qəbul olunmuş və dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qərar qəbul edilmişdir. Beləliklə də Ulu Öndər “dünya azərbaycanlıları” anlayışını formalaşdırmışdır ki, bu da mahiyyət etibarilə özündə birliyi, həmrəyliyi ifadə edir. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı hər bir həmvətənimizin qürur mənbəyinə çevrilmişdir. Milli hədəflərə nail olmağın tək yolunun həmrəylik olduğunu bizə öyrədən Ulu Öndər təkcə vətənimizdə deyil, dünyanın bütün yerlərində məskən salmış xalqımızın övladlarına azərbaycanlı olmağın, azərbaycançılıq məfkurəsinin sevincini, qüdrətini, qürurunu yaşatdı və dünya azərbaycanlılarının əbədi lideri kimi fövqəl ucalığa qovuşdu. Sonrakı illərdə prezident İlham Əliyev bu istiqamətdə ənənələri davam etdirərək, xüsusilə diaspora fəaliyyətində ciddi dönüş yarada bildi. Ölkəmizin uğurlu xarici siyasətinin yaratdığı yeni reallıqlar diaspora fəaliyyətində vəhdət təşkil edərək səmərəli nəticələr verdi. Azərbaycanın xarici siyasət xəttinin prioriteti olan milli maraqlarımızın qoruyucusuna çevrilən diplomatiyamızda diaspor fəaliyyəti ən mühüm faktor oldu. Prezident İlham Əliyev Ümummilli Liderin milli birlik və diaspor siyasətini davam etdirərək, xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirdi. Dövlət başçısı diaspor təşkilatlarının inkişafı üçün ardıcıl tədbirlər həyata keçirir və azərbaycanlıların maraq və mənafelərinin qorunmasını prioritet məsələ hesab edir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Dünya Azərbaycanlılarının II Qurultayı (2006-cı il) diaspor təşkilatlarının lobbiyə çevrilməsi istiqamətində mühüm addım oldu. Bu toplantılar xaricdə yaşayan soydaşlarımızın milli ruhunun yüksəldilməsinə və vahid ideologiya ətrafında birləşməsinə dəstək oldu.
Azərbaycan və Türkiyə təşkilatları arasında əməkdaşlıq “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edir. 2007-ci ildə Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatlarının birinci formu bu əməkdaşlığın tarixi mərhələlərindən biri oldu.
Dünya Azərbaycanlılarının I Qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası və həmin toplantıda “Dünya azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqlədi.
Bu günkü müstəqil Azərbaycan dövləti xalqımızın ən böyük nailiyyətlərindən biridir. Hər bir soydaşımız bilir ki, ona arxa duran, hüquqlarını, şərəfini, nüfuzunu qorumağa qadir olan dövləti vardır. Odur ki, dünyanın müxtəlif guşələrində məskən salmış soydaşlarımız vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevrilməsi, geniş bir bölgədə söz sahibi olması, həyatın bütün sahələrində heyrətamiz uğurlar qazanması ilə fəxr edirlər. Dövlətimizin ərazi bütövlüyünün, suverenliyinin tam bərpa edilməsi hər bir azərbaycanlının qəlbini qürur hissi ilə doldurur. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirak edərək Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsinə böyük töhfələr verirlər.
Bu gün müstəqilliyinin ən qüdrətli dövrünə qədəm qoyan ölkəmiz qalib dövlət kimi tarixi Zəfərimizdən və yeni reallıqlardan irəli gələn strateji hədəflərin müəyyənləşdiyi əlamətdar dönəmini yaşayır. Möhtərəm prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsi və ondan sonrakı dövürdə Azərbaycan misilsiz hərbi, siyasi, diplomatik qələbələr qazanıb, müasir həyatımızın bütün sahələrində yüksək nailiyyətlər əldə edib. Azərbaycan dövləti dünya azərbaycanlılarının birlik və həmrəyliyinin möhkəmləndirilməsinə də ümdə əhəmiyyət verir. Xalqımızın mütəşəkkil qüvvəyə çevrilməsinə yönələn tədbirlər mütəmadi şəkildə davam etdirirlir. Tarixin gərdişi ilə Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan soydaşlarımıza qayğı göstərilməsi, onların milli kimliyinin hüquq və mənafelərinin, təhlükəsizliyinin qorunmasına dəstək verilməsi dövlət siyasətinin ayrılmaz tərkib hissəsini təşkil edir.
Bu gün hamılıqla əminik ki, Ümummilli Lider Heydər Əliyevin çətinliklə nail olduğu milli birliyimiz, həmrəyliyimiz “Biz birlikdə güclüyük” deyən prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək daha möhkəm və əbədi olacaqdır.