Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Tədbir çərçivəsində ənənəvi olaraq idmanın inkişafında xidmətləri olan idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması mərasimi baş tutub.
Ali rəhbərlik səviyyəsində idmançılarla birbaşa görüş ölkəmizdə idmanın dövlət üçün prioritet sahə olduğunu bir daha təsdiqləyir. Başlıca olaraq gənclərə dövlətin zəhməti və uğuru qiymətləndirməyi mesajını verir və bu isə idmançıların motivasiyasını və məsuliyyət hissini daha da artırır. Sözügedən mərasim və idmançılarla keçirilən görüşlər uzunmüddətli idman strategiyasının reallaşmasını daha da surətləndirir.
Təsadüfi deyil ki, bu il də Azərbaycan idmanı üçün uğurlu il kimi yadda qaldı. Dövlət başçısının çıxışında da vurğulandığı kimi bu il idmançılarımız beynəlxalq yarışlarda rekord nəticələr göstərmiş, 2000-dən çox medal, o cümlədən 600-dən çox qızıl medal qazanmışlar. Keçən illərlə müqayisədə olan bu artım, Azərbaycanın idmana göstərdiyi diqqət və resursların səmərəli idarə olunmasının nəticəsidir. Eyni zamanda idmançıların mükafatlandırılması və onların nailiyyətlərinin qiymətləndirilməsi ənənəsinin davam etdirilməsi, bu sahəyə dövlətin verdiyi dəstəyin göstəricisidir.
Prezident İlham Əliyev bu məqamı qeyd edib ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilməkdədir. Bölgələrdə idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edərək bildirib ki, bu il Gəncədə və Yevlaxda Olimpiya İdman komplekslərinin tikintisi başa çatmışdır. Ümumilikdə bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatdırılmışdır.
Dövlət başçısı çıxışında xüsusi olaraq sağlam gənc nəslin yetişməsinin ölkənin gələcək inkişafında əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, sağlam gənc nəsil ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır ki, Azərbaycan əhalisi, Azərbaycan vətəndaşları fiziki cəhətdən sağlam olsunlar. Bizim siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda tərbiyə etməkdir, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi olsun, əbədi olsun. Məhz o halda ölkə uğurla inkişaf edə bilər ki, gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etsin. Bu baxımdan, idman həm milli təhlükəsizlik, həm də gələcək inkişaf üçün strateji əhəmiyyətə malikdir.
Dövlət başçısının nitqində Azərbaycanın beynəlxalq idman arenasındakı uğurlarından da bəhs olunub. Qeyd olunub ki, son 5 il ərzində ölkəmizin bayrağı müxtəlif beynəlxalq yarışlarda qalib ölkənin simvolu kimi qaldırılıb. Hər dəfə idmançılarımız tərəfindən dövlət bayrağımız beynəlxalq yarışlarda qaldırılanda əlbəttə ki, hər birimiz qürur hissi keçiririk və onlar da bunu hiss edirlər. Ölkəmizə, xalqımıza olan münasibəti hiss edirlər və idman meydançalarına, idman arenalarına çıxarkən, təbii olaraq qürur hissi ilə çıxırlar. Və sözsüz ki, bizim 5 il bundan əvvəl əldə etdiyimiz şanlı Qələbə idmançıların məsuliyyətini də böyük dərəcədə artırır. Çünki onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər.
Prezidentin nitqində həmçinin qeyd olunub ki, ölkəmiz beynəlxalq idman yarışlarına da ev sahibliyini uğurla davam etdirib. Belə ki, bu il MDB ölkələrinin üçüncü Oyunları, eyni zamanda ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir məhz Azərbaycanda keçirildi. Həmçinin yarım milyard auditoriyası olan Formula 1 yarışları da Bakının təqdimatında böyük maraqla qarşılanıb. Yəni dünya yarışı izləyərkən əlbəttə ki, həm yarışı həm də şəhərimizin gözəliyini görür.Təbii ki, bu da ölkəmizin təqdimatı kimi qəbul edilməlidir.Təsadüfi deyil ki, birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artıb.
Azərbaycan həm də Xizək üzrə Dünya Kubokuna ev sahibliyinə hazırlaşır. Beləliklə ölkəmiz beynəlxalq xizək idmanının cədvəlinə düşür. Bütün bu kimi tədbirlər Azərbaycanın həm idman potensialını, həm inkişaf səviyyəsini, həm turizm və iqtisadi imkanlarını dünya ictimaiyyətinə təqdim edir. Başlıca olaraq ölkəmizin uğurlarının beynəlxalq miqyasda tanınmasında əhəmiyyətli rol oynayır.
Dövlət başçısı nitqinin sonunda qeyd edib ki: Bu il daha bir önəmli hadisə baş vermişdir. Bakı şəhəri “Dünyanın idman Paytaxtı” seçilmişdir. Və bu da çox böyük hadisədir, bizim üçün böyük şərəfdir. Eyni zamanda, Azərbaycanda idmanla bağlı görülən işlərə verilən qiymətdir. Əminəm ki, bu şərəfli adı biz ləyaqətlə daşıyacağıq.