Dəmir yumruq » Manşet » Humanist siyasətin uğurlu davamı
Manşet / Siyasət / Dün, 15:39

Humanist siyasətin uğurlu davamı

 

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiyanın elan edilməsi təşəbbüsü Azərbaycan dövlətçiliyinin dayanıqlı inkişafını təmin edən hüquqi-siyasi ənənələrin məntiqi davamıdır. Müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası ilə mümkün olmuş, onun rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırmışdır. Məhz bu möhkəm konstitusion əsas üzərində qurulan dövlət siyasəti bu gün prezident İlham Əliyev tərəfindən ardıcıl, qətiyyətli və çağırışlara uyğun şəkildə davam etdirilir.


Ölkə başçısının bu təşəbbüsünün əsas məzmunu yalnız hüquqi yox, həm də ictimai-siyasi xarakter daşıyır. “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən amnistiya bir daha güclü dövlətin verdiyi balanslı qərarları təsdiqləyir. Dövlət göstərir ki, cəza məqsəd deyil, vasitədir və əsas hədəf insanın cəmiyyətə qayıdışıdır. Bu addım eyni zamanda cəmiyyətə aydın mesaj verir ki, bu cür qərarlar hüquqi sistemdə gərginliyi azaldır, cəmiyyətlə dövlət arasında etdimadı möhkəmləndirir və ikinci şans anlayışının real mexanizm olduğunu təsdiqləyir. Bu gün konstitusiyamızın ali hüquqi qüvvəsi ölkənin bütün ərazilərində bərqərar edilib və bu da yalnız hərbi və siyasi uğur deyil, eyni zamanda hüquqi dövlətçiliyin qələbəsidir. Belə bir tarixi mərhələdə hümanist hüquq siyasətinə əsaslanan amnistiya təşəbbüsü ilə çıxış etmək yalnız güclü, özünə inanan və gələcəyə strateji baxışla yanaşan dövlətin ata biləcəyi addımdır.


İndiyə qədər ölkəmizdə 12 amnistiya aktı 130 mindən artıq şəxsə şamil edilib,  imza atılmışdır. Prezident  İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı 17 mindən artıq nəfərə şamil edilib. Yeri gəlmişkən qeyd edək ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, həmin dövrdə 7 amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyev tərəfindən isə 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb, həmin dövrdə 5 amnistiya aktı qəbul edilib. Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10162 məhkum əfv olunub. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar isə 7060 nəfərə şamil olunub. Milli Məclisin deputatı olarkən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə amnistiya aktı qəbul edilib.


Əsası Ümummilli Lider tərəfindən qoyulan bu siyasətin və humanizmə sadiqlik ənənələrinin əsas məqsədi insanpərvərlik dəyərlərinə böyük önəm vermək, sağlam cəmiyyət formalaşdırmaqdır. İmzalanan əfv sərəncamları, qəbul edilən amnistiya aktları törətdikləri müxtəlif cinayətlərə görə azadlıqdan məhrum edilmiş məhkumların cəmiyyət üçün yararlı vətəndaşlara çevrilmələri naminə yaradılmış imkanların ən ümdəsidir. Prezident İlham Əliyevin təklifi əsasında amnistiya aktının şamil ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq. Belə ki, amnistiya aktının 20 mindən çox insana şamil ediləcəyi nəzərdə tutulur. Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.


Sözügedən amnistiya aktının layihəsinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.


 

Bu təşəbbüs bir daha Azərbaycan dövlətçiliyinin gücünü, siyasi uzaqgörənliyini və humanist mahiyyətini nümayiş etdirir. Bu addım bir daha sübut edir ki, qalib Azərbaycan dövləti yalnız gücü ilə deyil, eyni zamanda humanizmi, liberal dəyərləri, ədaləti və məsuliyyətli hüquq siyasəti ilə də nümunədir.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.