Xəbər verdiyimiz kimi, özünü “təhsil eksperti” kimi təqdim edən Kamran Əsədov qəbul imtahanlarında abituriyentlərin ayaqqabısında gizli kamera, səsötürücü və nano qulaqcıq yerləşdirərək cavabların ötürülməsində ittiham olunur. Faktla bağlı onun barəsində cinayət işi açılıb və məsələ hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Demiryumruq.az xəbər verir ki, lakin KONKRET.az-ın əldə etdiyi yeni məlumatlar qalmaqalın daha dərin qatlarını üzə çıxarır. Məlum olub ki, adı ağır cinayət ittihamlarında hallanan Kamran Əsədov az müddət öncə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli tərəfindən fəxri diplomla təltif edilib.
Belə ki, İsa Həbibbəyli Kamran Əsədovu “Elmin populyarlaşdırılması sahəsində göstərdiyi xidmətlərə görə” mükafatlandırıb. Bu fakt haqlı suallar doğurur: elmi və təhsili bu gün acınacaqlı vəziyyətə salan, imtahan sistemini saxtalaşdırmaqda ittiham edilən bir şəxs hansı “xidmətlərinə” görə elm adına təltif olunub?

AMEA prezidenti İsa Həbibbəyli əsl ziyalıları, real elmi fəaliyyəti olan alimləri dəstəkləmək əvəzinə, təhsilə və elmə zərər vuran, bu gün isə cinayət məsuliyyətinə cəlb olunan şəxsləri himayə edib və onları müxtəlif diplomlar, fəxri fərmanlarla önə çəkib.
Bu hadisə bir daha göstərir ki, elm və təhsil sahəsində nüfuzlu postlarda əyləşən şəxslərin verdiyi qərarlar təkcə bir qurumun deyil, bütövlükdə cəmiyyətin gələcəyinə ciddi zərbə vurur. Təhsildə korrupsiyanın, saxtakarlığın dərinləşməsinin arxasında məhz bu cür “mükafatlandırma siyasəti”dayanır.
Qeyd edək ki, məsələ ilə bağlı AMEA rəhbərliyi və şəxsən İsa Həbibbəyli tərəfindən indiyədək hər hansı açıqlama verilməyib.
Demiryumruq.az