Qrant müsabiqələri üçün “sərt qaydalar” tətbiq edən QHT-lərə Dövlət Dəstəyi Agentliyi Sona Əliyevanın rəhbərlik etdiyi təşkilata təhsilə aidiyyəti olmayan mövzularda qrant verib(?)
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsindən ayrılan qrant vəsaitlərinin kimlər arasında paylanması ilə bağlı apardığımız araşdırmalarla bir-birindən maraqlı faktlar üzə çıxmaqdadır. Əvvəlki yazılarımızda Agentliyin icraçı direktoru Aygün Əliyevanın bəzi rəfiqələrinə məxsus QHT-lərə ayrılan qrantlar barədə məlumat vermişdik.
Bu gün də xanım Əliyevanın daha bir rəfiqəsi-Sona Əliyevaya məxsus QHT-yə ayrdığı “rəfiqə qrantları”ndan bəhs edəcəyik.
***
Əvvəlcə Aygün və Sona Əliyevaların rəfiqəlik münasibətlərinin nə vaxt və necə yaranmasına nəzər yetirək. Xatırladaq ki, hər iki xanım 2013-cü ildə sabiq vergilər naziri Fazil Məmmədovun kurasiyasında olmuş Binəqədi və Şəmkir rayon icra hakimiyyətlərində başçının müavini vəzifələrinə təyin olunublar. Aygün Əliyeva Fazil Məmmədovun qaynı Xaləddin İsgəndərovun, Sona Əliyeva isə Alimpaşa Məmmədovun müavini olub. Elə rəfiqələr arasında münasibətin təməli də həmin vaxtdan qoyulub. Təqdim etdiyimiz fotolardan da göründüyü kimi...
Hər iki müavin çalışdıqları rayonlara qarşılıqlı səfərlər edərək, rayonda görülən işlərlə tanış olur, rayon ictimaiyyət ilə görüşlər keçirirlərmiş. (Bu arada Sovet dönəminin raykom katibləri yada düşür.)
Fotodan göründüyü kimi, Xaləddin İsgəndərov hər iki rayonun xanım müavinlərini yanında əyləşdirib onlara öz tövsiyələrini verirmiş.
Sona Əliyeva 2015-2020-ci illərdə aid olduğu qrupun dəstəyi ilə Milli Məclisin deputatı da ola bildi. (Xatırlayırsınızsa həmin vaxt ailə üzvləri mediaya çıxaraq Sona Əliyevaya qarşı müxtəlif ittihamlar səsləndirməyə başlamışdılar. Anası Bəşirə Əliyeva, qardaşı - Gəncə şəhəri Kəpəz rayon Polis Şöbəsinin rəis müavini Adil Əliyev məsələ ilə bağlı silsilə açıqlamalar vermişdir.)
Parlamentdən Vətəndaş Cəmiyyətinə…
Bu istiqamətdə Yenixeber.org-a ötürülən məlumata görə, deputatlıq fəaliyyətinin acı sonluğu ilə işsiz qalan Sona Əliyeva 2022-ci ildə "Təhsilli Gələcək" Təhsilin İnkişafı İctimai Birliyinin sədri kimi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqələrində iştirak etməyə başlayır. Təbii ki, keçmiş həmkarı və rəfiqəsi Aygün Əliyevanın böyük dəstəyi ilə…Sona Əliyevanın 2022-ci ildən bu günədək hər il QHT-lərə Dövlət Dəstəyi Agentliyindən aldığı qrantların siyahısını təqdim edirik:
2022-ci il: “Gələcək Gənclərlə Gələcək” - 3G İntellektual İstedadın kəşf olunması layihəsi - 8000 manat;
2023-cü il: “Qadın sahibkarlığı və məşğulluq imkanlarının gücləndirilməsi” mövzusunda tədbirlərin keçirilməsi layihəsi - 9000 manat;
2024-cü il: “Onlayn Sınaq Platforması - təhsildə yeni dostunuz!” layihəsi - 9000 manat;
2025-ci il: “Ailənin dəyər daşıyıcısı” layihəsi - 9000 manat.
Diqqət etdinizsə, qrant müsabiqələri üçün “sərt qaydalar” tətbiq edən QHT-lərə Dövlət Dəstəyi Agentliyi Sona Əliyevanın rəhbərlik etdiyi təşkilata təhsilə aidiyyəti olmayan mövzularda qrant verib(?)
Əldə etdyimiz məlumata əsasən, digər rəfiqələri kimi Sona Əliyeva da qrant aldıqdan sonra heç zaman Aygün Əliyevanın yanında “xəcalətli qalmayıb”. Özü də ətrafındakı dostlara etiraf etdiyi kimi, hər dəfə ətirlərlə birgə, digər qiymətli hədiyyələr həmişə onunla olub...
Göründüyü kimi, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “qayğı göstərdiyi” təşkilatları araşdırdıqca daha maraqlı faktlar ortaya çıxır. Ən maraqlısı isə Agentliyin rəhbərliyində təmsil olunan şəxslərə bağlılığı olan QHT-lərin çoxluq təşkil etməsidir.
Qarşıdakı günlərdə növbəti “rəfiqə qrantları” ilə yanaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyindən qrant alan QHT-lərin maliyyə hesabatlarını hazırlamaq üçün hansı formal şirkətlərin qaimələrindən istifadə etdiklərinə dair materialları da ictimailşdirəcəyik.(Yenixeber.org)
Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.
