Ağ Partiya başqanı Tural Abbaslı özünün TikTok hesabında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) fəaliyyəti ilə bağlı tənqidlərini bölüşüb.
Demiryumruq.az xəbər verir ki, partiya başqanı agentliyin fəaliyyətini yarıtmaz adlandırıb.
Onun sözlərinə görə, MİDA-nın missiyası aztəminatlı ailələlərin təminatına kömək göstərməkdir:
“Minlərlə ailə sənədlər toplayır ki, öz qiymətinə mənzil alsın. Yəni burada hansısa güzəştdən söhbət getmir. Ancaq MİDA həm sayca az mənzil satışa çıxarır, həm də bu işi lotereya işinə çevirib”.
T.Abbaslı qeyd edib ki, dekabrın 3-də MİDA 600-dən çox mənzil satışa çıxarıb və 15 saniyəyə hamısı alınıb:
“Amma bu şəxslərin arasında tanıdığımız adamlar yoxdur. 15 saniyəyə ev almaq olar? Bu, biabırçılıqdır, vətəndaşı ələ salmaqdır. Camaat əziyyət çəkib sənəd toplayır, sonra 15 saniyəyə mənzillərin satıldığı deyilir. Biz yaxşı bilirik ki, o mənzillər necə satılır. İndi məlum olur ki, evlərin satışına görə bir qrup adam həbs edilib. Əslində, qanunu pozan vətəndaşların sənədlərini hazırladığı halda onlara mənzil almağa mane olanlardır”.
Partiya lideri hüquq-mühafizə orqanlarını MİDA-nın fəaliyyətini araşdırmağa çağırıb:
“Bu agentlik mənzilləri kimlərə və necə satmasının hesabatını belə vermir. Hər dəfə də deyilir ki, sistem donur. Biz cərimə ödəyəndə sistem donmur, amma MİDA-nın sistemi hər dəfə donur. Sadəcə, eyni adamlar neçə-neçə evlər alır və onları kirayə verir. Belə çıxır ki, bu agentliyin işi kasıb ailələrin mənzil sahibi olmasına şərait yaratmaq yox, varlıları daha da varlandırmaqdır.
Üstəlik, qurumun yarım milyarda yaxın vəsaiti var, bəs bu maliyyə ilə hansı binalar tikilib?”.