Dəmir yumruq » Manşet » "Müstəqil Azərbaycanın əbədi lideri - Ulu Öndər Heydər Əliyev "- Aisa Aslanova
Manşet / Bugün, 07:46

"Müstəqil Azərbaycanın əbədi lideri - Ulu Öndər Heydər Əliyev "- Aisa Aslanova

Hər il bu tarix - dekabrın 12-si gəldikdə ölkəmizdə xüsusi bir səssizlik, xüsusi bir düşüncə və minnətdarlıq ab-havası yaranır. Bu gün yalnız böyük bir şəxsiyyəti yad etmək deyil, həm də onun qoyub getdiyi ölməz dövlətçilik irsinin dəyərini bir daha dərk etmək günüdür. Umümmilli Lider Heydər Əliyev şəxsiyyəti Azərbaycan üçün sadəcə bir siyasi lider yox,  bir epoxanın simvolu, xalqın xilaskarı, müasir dövlətimizin memarı, sabitliyin, inkişafın və milli özünüdərkin təməlini qoyan nadir tarixi şəxsiyyətlərdən biridir.

Azərbaycan tarixinin ən çətin, ən mürəkkəb dövrlərində Ulu Öndərin dövlətçilik təcrübəsi və uzaqgörənliyi xalqımızı ağır sınaqlardan çıxardı. XX əsrin 90-cı illərində  ölkənin müstəqilliyi faktiki olaraq təhlükə altına düşmüşdü. Siyasi böhran, qarşıdurmalar, iqtisadi geriləmə, ordu quruculuğunda boşluqlar, xarici təzyiqlər və torpaqlarımızın işğalı dövlətçilik ideyasını sarsıtmaqda idi. Lakin xalqın tələbi, çağırışı və ümidi yalnız bir insanın adına bağlı idi: o ad Heydər Əliyev adı idi. 
Ulu Öndərin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə ölkədə tamamilə yeni bir mərhələ başlandı. Azərbaycan yenidən ayağa qalxdı. Dövlət institutları formalaşdırıldı, xaos və parçalanma təhlükəsinə son qoyuldu. Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, hüquqi dövlət quruculuğu yolu açıldı və Azərbaycanın müstəqilliyi real məzmun aldı. Onun rəhbərliyi ilə qəbul edilən demokratik Konstitusiya ölkənin inkişaf strategiyasını müəyyənləşdirdi və müasir Azərbaycanın siyasi-ideoloji sütunu oldu.
Ulu Öndər Azərbaycanın iqtisadi taleyini də böyük bir çevikliklə dəyişdirdi. “Əsrin müqaviləsi” kimi tarixi əhəmiyyətli layihə yalnız neft sektorunu deyil, bütövlükdə ölkənin gələcək inkişaf modelini müəyyənləşdirdi. Bu müqavilə Azərbaycanın beynəlxalq iqtisadi sistemə qapılarını geniş açdı, ölkəmizin enerji təhlükəsizliyi sahəsində əsas söz sahibi olmasına şərait yaratdı. Ən əsası isə Azərbaycanı müstəqil, sabit və öz gücünə arxalanan dövlətə çevirdi.
Ulu Öndərin yaratdığı siyasi məktəb Azərbaycan dövlətçiliyinin ideoloji bazasını formalaşdırdı. Bu məktəb yalnız siyasi idarəçilik metodlarının toplusu deyildi; bu, bir xalqın öz gələcəyini necə qurmalı olduğuna dair tam bir yol xəritəsi idi. Heydər Əliyev xalqa güvənən, xalqın gücünü arxasında hiss edən və hər addımını Azərbaycan Respublikasının maraqlarına söykənərək atan bir lider kimi tarixə düşdü.
Həmin siyasi yolun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. İllər keçdikcə daha aydın görünür ki, İlham Əliyevin fəaliyyətində Ulu Öndərin siyasi irsi sadəcə qorunmur, eyni zamanda daha yüksək mərhələyə qaldırılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq arenada nüfuzlu ölkəyə çevrilib, iqtisadi sabitlik və müasir inkişaf modeli formalaşıb, güclü ordu yaradılıb, diplomatik fəaliyyətimiz yeni zirvələrə çatıb.
Bu siyasətin ən böyük zirvəsi isə şübhəsiz ki, 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdir. Təxminən 30 ilə yaxın müddətdə erməni işğalı altında qalmış torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü və xalqın birliyi sayəsində azad edildi. Bu Zəfər yalnız hərbi qələbə deyildi, həm də Heydər Əliyevin “Güclü dövlət, güclü ordu” strateji xəttinin təntənəsi idi. Bu qələbə ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, suverenliyi təmin edildi və ölkəmiz regionda lider dövlət kimi mövqeyini daha da möhkəmləndirdi.
Azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda gedən bərpa və yenidənqurma işləri, salınan yeni şəhərlər, qayıdan insanlar, qurulan infrastruktur, əlbəttə  bütün bunlar Heydər Əliyev ideyasının yaşayaraq yeni reallıq qazanmasının bariz sübutudur. Ulu Öndərin yüzilliklərlə davam edəcək ideyası artıq müasir Azərbaycan reallığının ayrılmaz hissəsidir.
Əlbəttə, bu günlərdə  biz Ulu Öndər Heydər Əliyev  şəxsiyyətini, əməllərini, xalq və dövlət naminə sərf etdiyi ömrü böyük ehtiramla xatırlayırıq. O, öz xalqı ilə bərabər yaşadı, xalqının taleyini öz taleyi bildi və müasir Azərbaycanın əsasını qoyaraq əbədiyaşarlıq qazandı.
Bu gün onun irsi yaşayır, onun yolu davam edir, onun müəyyən etdiyi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən daha güclü şəkildə gerçəkləşdirilir. Azərbaycan xalqı bir daha əminliklə deyə bilir ki, Heydər Əliyevin qurduğu dövlətçilik yolu Azərbaycanı daim inkişaf, sabitlik və böyük qələbələrə aparacaq.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.