Dəmir yumruq » Manşet » İkitərəfli münasibətlərin strateji xarakteri
Manşet / Siyasət / Bugün, 15:55

İkitərəfli münasibətlərin strateji xarakteri

 

 

Azərbaycan və Slovakiya münasibətləri son illərdə sürətlə yüksələn strateji tərəfdaşlıq münasibətlərinə qədəm qoyub.


Ölkələrimiz arasında əlaqələrinin formalaşması müstəqilliyin ilk illərinə təsadüf etsə də, 2019-cu ildən etibarən bu münasibətlər daha sistemli və şaxələnmiş şəkildə inkişaf edir. 2024-cü ilin may ayında isə iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə qarşılıqlı münasibətlərin inkişafını daha da stimullaşdıraraq, münasibətləri yeni səviyyəyə qaldırıb. Artıq iki ölkə arasında konkret sahələr üzrə münasibətlərin inkişafı nəzərə çarpacaq uzunmüddətli perspektivlər vəd edir. Təbii ki, Azərbaycan prezidentinin Slovakiyaya ilk rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin daha intensiv və geniş əhatəli inkişafına öz töhfəsini verəcək.


İlk növbədə, Slovakiya Avropa İttifaqının bir üzvü kimi Azərbaycandan təbii qaz alan, Azərbaycan qazını Avropa bazarına çıxışında rol oynayan bir tərəfdaşdır. Məlumdur ki, Azərbaycan Cənub Qaz Dəhlizi (TANAP/TAP) vasitəsilə Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Avropa İttifaqının 8 üzvü Azərbaycan təbii qazının alıcısıdır. 2024-cü ildə Slovakiyanın neft emalı zavodunda Azərbaycan neftinin ilk partiyası emal edilib, bu da ikitərəfli münasibətlərin inkişafı üçün mühüm məsələdir.


Ölkə başçısının mətbuata bəyanatında bütün bu məqamlar bir daha geniş şəkildə şərh olundu. Cənab prezidentin vurğuladığı kimi bu təkcə iqtisadi deyil, həm də siyasi baxımdan böyük strateji üstünlükdür və Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi möhkəmlənməsinə xidmət edir.


Müdafiə Sənayesi sahəsində əməkdaşlığın müharibə məqsədi daşımadığı, əksinə yeni texnologiyaların yaradılması və sənaye inkişafının dəstəklənməsi üçün nəzərdə tutulması prezidentin çıxışında çox aydın şəkildə ifadə olundu. Azərbaycanın sülhü prioritet kimi qəbul etməsi, texnoloji tərəqqiyə və istehsal imkanlarının genişləndirilməsinə diqqət yetirməsi ölkəmizin gələcəyə baxışının praqmatik mahiyyətini ortaya qoyur. Slovakiya texnologiyaları ilə Azərbaycanın maliyyə və sənaye imkanlarının sintezi yeni müdafiə səneyi məhsullarının yaradılmasına və bu məhsulların beynəlxalq bazarlara çıxışına şərait yarada bilər ki, bu da hər iki ölkənin iqtisadi maraqlarına xidmət edir.


İki ölkə arasında iqtisadi münasibətlərin mühüm istiqamətlərindən birini də nəqliyyat logistika layihələrində əməkdaşlıq təşkil edir. Belə ki, Slovakiya dövləti bir neçə ildir ki, Azərbaycanın iştirakı ilə reallaşan beynəlxalq nəqliyyat layihələrində iştirak edir. Xüsusilə Orta Dəhliz imkanlarının daha da genişlənidirilməsilə bağlı əməkdaşlıq inkişaf etməkdədir.İki dövlət arasında əlaqələrin daha da genişləndirilməsi üçün nəqliyyat layihələrinə birgə vəsait qoyuluşu nəzərdə tutulub ki, bu da ikitərəfli münasibətlərin inkişafına ciddi dəstək verəcək.


Azərbaycan-Slovakiya münasibətləri işğaldan azad edilmiş ərazilərin bərpasına da öz töhfəsini verməkdədir. Ağdamın Baş Qərvənd kəndində fərdi yaşayış evlərinin tikintisi ilə bağlı Slovakiya şirkəti ilə müqavilə bağlanılıb və şirkət artıq tikinti işlərinə başlayıb.


 

Prezident İlham Əliyevin Slovakiyaya səfəri zamanı 8 dekabr 2025-ci il tarixində mətbuata verdiyi bəyanat bir daha göstərir ki, Azərbaycan həm regional həm də qlobal müstəvidə yüksələn nüfuza malik etibarlı tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirir. Dövlət başçımızın nitqində səsləndirdiyi fikirlər diplomatik xəttimizin ardıcıllığını, iqtisadi gücümüzün dayanaqlılığını və beynəlxalq əməkdaşlığa verdiyimiz əhəmiyyətin miqyasını bir daha aydın şəkildə nümayiş etdirir. Bütün bu amillər prezident İlham Əliyevin Slovakiyada səsləndirdiyi bəyanatın Azərbaycan dövlətinin uzunmüddətli, strateji və qlobal hədəflərə hesablanmış siyasətin aydın təzahürü olduğunu göstərir. Bu çıxış Azərbaycanın gücünü, müstəqil xarici siyasətini, iqtisadi imkanlarını, beynəlxalq əməkdaşlığa verdiyi mühüm töhfələrini daha da aydınlaşdırır və ölkəmizin regionda sabitlik, inkişaf və tərəfdaşlığın əsas dayağı olduğunu bir daha təsdiqləyir.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.