Dəmir yumruq » Manşet » Zəngəzur dəhlizi ilə bağlı MÜHÜM AÇIQLAMALAR
Manşet / Siyasət / Dün, 09:55

Zəngəzur dəhlizi ilə bağlı MÜHÜM AÇIQLAMALAR

 

Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə ali komissarı Marta Kos ABŞ ilə “Tramp marşrutu” (TRIPP) layihəsində Aİ-nin iştirakının mümkünlüyü ilə bağlı danışıqlar apardığını bildirib. O, həmçinin, Şərqlə Qərb arasında nəqliyyat əlaqəsinin daha yaxşı təşkil edilməsi üçün Azərbaycan, Türkiyə, Ermənistan və Avropadan ibarət dördtərəfli xüsusi qrupun yaradılması barədə müzakirələrin aparıldığını qeyd edib.

Marta Kosun açıqlamaları beynəlxalq əlaqələr və geosiyasi dinamika baxımından çox əhəmiyyətli mövzunu gündəmə gətirir. “Tramp marşrutu”nun Aİ-nin enerji və nəqliyyat siyasətlərinə təsiri çox böyükdür. Aİ Rusiya-Ukrayna müharibəsindən sonra enerji təchizatında diversifikasiya və yeni alternativlər axtarışında olduğu üçün bu layihə ona yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyan fürsət təqdim edir. Aİ və ABŞ üçün “Tramp marşrutu” yalnız infrastruktur layihəsi deyil, daha geniş geosiyasi və strateji maraqların təmin edilməsi məqsədi daşıyan təşəbbüsdür. Bu layihənin həyata keçirilməsi həm regionda, həm də qlobal səviyyədə yeni güc balansının yaranmasına səbəb ola bilər.

METİN YENİ.jpeg (33 KB)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli Musavat.com-a şərhində bildirib ki, Avropa İttifaqının (Aİ) TRIPP layihəsinə böyük maraq göstərməsi səbəbsiz deyil:

“Bu layihə ilə bağlı Aİ-nin böyük geosiyasi, geoiqtisadi maraqları var. Nəzərə almaq lazımdır ki, “Tramp marşrutu” təkcə nəqliyyat, yaxud enerji layihəsi deyil. Bu layihə özündə bir çox vacib elementi birləşdirir. Hesab edirəm ki, gələcəkdə Aİ ilə ABŞ əməkdaşlıq həm iqtisadi, həm geosiyasi, həm də texnoloji sahədə genişlənə bilər.

Bu məsələdə hər iki tərəfin strateji maraqları üst-üstə düşür. Avropa rəsmilərinin mövqeyindən aydın oldu ki, onlar bu layihəyə yalnız 42 kilometrlik dəhliz kontekstində yanaşmırlar. Onlar hesab edirlər ki, TRIPP Orta Asiyadan Avropaya qədər uzanan yolun bir hissəsidir və Orta Dəhlizin effektiv işləməsi üçün Aİ və ABŞ birgə çalışa bilərlər. Fikrimcə, bu vacib mövqedir”.

M.Məmmədli qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Aİ Rusiyadan enerji asılılığını azaltmaq üçün enerji və nəqliyyat diversifikasiyası siyasətini həyata keçirir:

““Tramp marşrutu”nun reallaşması Aİ-nin maraqlarına tamamilə uyğundur. Bu layihənin reallaşması regionda inteqrasiya prosesinə də töhfə verə bilər. Bu da dayanaqlı sülhün, təhlükəsizliyin mühitinin formalaşmasına gətirib çıxara bilər”.

Nigar HƏSƏNLİ


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.