Dəmir yumruq » Manşet » "Kibertəhlükəsizlik milli təhlükəsizliyimizin əsas dayaqlarındandır” - Tahir Gözel
Manşet / Müsahibə / Bugün, 17:27

"Kibertəhlükəsizlik milli təhlükəsizliyimizin əsas dayaqlarındandır” - Tahir Gözel

 

Data və süni intellekt dövründə kibertəhlükəsizlik milli təhlükəsizliyimizin əsas dayaqlarındandır”.
 
Bu sözləri “Qarabağ” Futbol Klubunun prezidenti və “Proxima Tech Solutions” şirkətinin təsisçisi Tahir Gözel “Proxima Cyberday” tədbirində jurnalistlərə açıqlamasında deyib.
 
O bildirib ki, Azərbaycan sürətlə rəqəmsallaşan və böyük həcmdə məlumatların toplandığı bir ölkəyə çevrilir:
 
“Dövlət qurumlarının, korporativ strukturların, səhiyyə və digər sektorların məlumat infrastrukturunun genişlənməsi fonunda dataların qorunması milli təhlükəsizliyin ən vacib istiqamətlərindən biri kimi ön plana çıxır. Telekommunikasiya şirkətlərinin və böyük korporasiyaların regional və beynəlxalq arenada genişlənməsi ölkənin texnoloji inkişaf tempini daha da artırır. Bu isə həm də ölkəni rəqiblərin, qərəzli qüvvələrin kiberhücumlarına qarşı daha həssas edir. Data və süni intellekt dövründə ölkələr üçün əsas məsələ bu məlumatları qorumaq və hücumlara qarşı dayanıqlı ekosistem yaratmaqdır. Çünki kiberhücumlar artıq sadə fərdlərin deyil, süni intellekt tərəfindən idarə olunan avtomatlaşdırılmış agentlərin iştirakı ilə həyata keçirilir”.
 
Tahir Gözel qeyd edib ki, “Proxima Tech Solutions” şirkətinin yeni Kibertəhlükəsizlik Əməliyyat Mərkəzi məhz bu ehtiyacdan yaranıb:
 
“Mərkəzdə “Cisco”, “Palo Alto”, “CrowdStrike”, “Nothreat” və digər qlobal şirkətlərin ən son texnologiyaları tətbiq olunur, süni intellektə əsaslanan qabaqcıl müdafiə mexanizmləri qurulur. Məqsəd Azərbaycanın kritik infrastrukturunu, dövlət və özəl sektor məlumatlarını yüksək səviyyədə qoruyan güclü “kiber qalxan” formalaşdırmaqdır”.
 
Şirkət rəhbəri gələcəkdə Azərbaycanın öz kibertəhlükəsizlik məhsullarını və rəqəmsal xidmətlərini dünya bazarına çıxarmağı hədəflədiyini deyib. Onun fikrincə, ölkə öz “unicorn”larını yaratmağa qadirdir və bu, dövlətin iqtisadi gücünün əsas göstəricilərindən biri olacaq.
 
Tahir Gözel həmçinin dünyanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı gənclərin yüksək potensialını xüsusilə qeyd edib və onların ölkəyə qayıdaraq bu ekosistemin inkişafına töhfə vermələrinin vacibliyini vurğulayıb.
 
Çıxışının sonunda Tahir Gözel bildirib ki, Azərbaycan xalqı zəhməti, zəkası və mədəniyyəti ilə rəqəmsal dünyada öz layiqli yerini tutmağa qadirdir və bu yolda ölkənin görəcəyi işlər hələ çoxdur.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.