Müasir, müstəqil Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranmasından 33 il ötür. Ulu Öndərin siyasi mirası olan YAP ötən 33 il ərzində nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçmiş siyasi ləyaqət etalonu yaratmışdır. Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi, iqtisadi, ictimai və demokratik inkişafı istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, çox mühüm tarixi təşəbbüslərə və müvəffəqiyyətlərə imza atmışdır. Bu gün sıralarında 800 mindən çox vətəndaşı, cəmiyyətin bütün təbəqələrindən olan fəal, intellektual və vətənpərvər insanları birləşdirən partiyamızın bütün seçkilərdə möhtəşəm qələbə qazanaraq sözün əsl mənasında, qələbələr partiyasına çevrilməsi bu reallığın təsdiqidir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qeyd etdiyi kimi bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib.
1991-ci ildə bərpa edilmiş dövlət müstəqilliyinin ilk illərinin ictimai-siyasi mənzərəsinə nəzər saldıqda görürük ki, Azərbaycan xalqı və dövləti üçün taleyüklü məsələlərin həlli məhz lider amili, onun fenomen fəaliyyəti, qətiyyəti və uğurlu siyasəti, xalq-lider birliyi sayəsində mümkün olmuşdur. Bu, heç şübhəsiz, öz tarixi köklərinə bağlı olan, istiqlal-müstəqillik idealını milli və siyasi dəyər kimi rəhbər tutan, bu yolda güclü əzm, iradə göstərən və sarsılmaz mübarizə nümunəsi yaradan bir xalqın üstünlüyü və xoşbəxtliyidir. Çünki zamandan, məkandan, dövrdən və şəraitdən asılı olmayaraq taleyüklü anlarda siyasi məsuliyyəti öz üzərinə götürən lideri olmayan xalqların hansı acı ssenarilərin qurbanlarına çevrildiklərinin, necə böyük fəlakətlərlə üzləşdiyinin şahidi olmuşuq. 1990-cı ilin əvvəllərində eyni situasiya və problemlə qarşılaşan mübariz Azərbaycan xalqı, lider fenomeni, xalq ilə liderin unikal və mükəmməl vəhdəti sayəsində tənəzzüldən qurtularaq tərəqqi yoluna çıxmağı, böyük zəfərə doğru irəliləməyi və əsas strateji hədəflərə çatmağı, nəhayət tarixin ən böyük Qələbəsinə müvəffəq olmağı bacarmışdır. Ümumiyyətlə Aszərbaycan xalqı istər XX əsrin sonlarında istərsə də XXI əsrin əvvəllərində öz müdrik liderləri Heydər Əliyev və İlham Əliyevin milli vətənpərvərlik ruhu, qətiyyəti və həm milli maraqlara, həm də ümumbəşəri dəyərlərə əsaslanan siyasəti sayəsində dövlətimizin yüksəlişinin, üçrəngli bayrağımızın ən yüksək zirvələrdə əzm və fəxarətlə dalğalanmasının qürurunu yaşamışdır.
Müstəqilliyin ilk illərində ölkənin qarşılaşdığı xaos və böhran dövlətçiliyin məhv olmaq təhlükəsini yaratmışdı. Belə bir mərhələdə 91 nəfər ziyalının Ulu öndər Heydər Əliyevə ünvanladığı müraciət xalqın nicat çağırışı idi. Bu müraciət milli məsuliyyətin təcəssümü olmaqla dövlətin gələcəyini qorumaq iradəsini ifadə edirdi. Yeni Azərbaycan Partiyasının yaradılması həmin müraciətin məntiqi davamı oldu. Partiyanın təsis konfransı dövlətçiliyin yenidən dirçəlişinin başlanğıc nöqtəsinə çevrildi. Yeni Azərbaycan Partiyası yaranan gündən milli maraqları müdafiə edən intellektual siyasi güc olaraq formalaşdı. Və bu gün bu maraqlar Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə qorunur.
Müstəqilliyin ən çətin çağlarında xalqın iradəsindən güc alan YAP dövlətçilik düşüncəsinin möhkəmlənməsində həlledici rol oynayan tarixi bir missiyanın daşıyıcısı kimi formalaşıb. Ulu öndər Heydər Əliyevin liderliyi və siyasi qətiyyəti partiyanın ideoloji əsaslarını müəyyən edərək onu milli inkişafın aparıcı qüvvəsinə çevirib. Prezident İlham Əliyevin uzaqgörən siyasəti isə Yeni Azərbaycan Partiyasını moderin dövlət quruculuğu prosesinin strateji mərkəzinə yüksəldib.
Güclü idarəetmənin, mütərəqqi siyasi xəttin və milli həmrəyliyin əsası uğurlu nəticələrə gətirib çıxardı. 2003-cü ildən prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət daha da müasirləşdi. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrildi. Ordu quruculuğunda görülən işlər 2020-ci ildə Vətən müharibəsində tarixi Zəfərlə nəticələndi. Bu Qələbə xalq-lider birliyinin təntənəsi idi. 2023-cü ildə suverenliyin tam bərpası dövlətçilik tariximizin tam bərpası oldu.
Azərbaycanın uğurlarında öz payı, rolu olan YAP Zəfərin reallıqları fonunda 2021-ci il 5 mart tarixində keçirilmiş VII qurultay partiyanın həyatında böyük tarixi hadisə oldu. Çünki bu qurultay birliyimizin, həmrəyliyimizin nümayişi olmaqla, həm də 1992-2021-ci illərdə YAP-nın qarşıya qoyduğu hədəfləri reallıqlara çevrilməsinin təqdimatı oldu. Partiyamızın sədri İlham Əliyevin proqram xarakterli çıxışında qeyd etdiyi kimi Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin əsas səbəbi ölkədə və regionda yaranmış yeni reallıqlardır. Qurultayda yeni Nizamnamənin qəbul edilməsi, müəyyən yeniliklərin edilməsi, struktur dəyişikliyi siyasi islahatların tərkib hissəsi kimi dəyərləndirildi. Partiyanın yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edildi. Mehriban xanım Əliyeva ictimai-siyasi həyatda, davamlı xarakter alan islahatlar prosesində fəal iştirakı ilə müasir, müstəqil, qalib Azərbaycanın yeni-yeni hədəflərini reallığa çevirməsinə böyük töhfələr verir.
Şübhəsiz ki, ötən 33 ilin uğurlarını, keçilən şərəfli yolu bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Əsas budur ki, Azərbaycan dövləti hakim Yeni Azərbaycan Partiyası əldə edilən uğurlarla kifayətlənmir, daim irəli baxır. Partiyamız bu gün Zəfərin diqtə etdiyi vəzifələri uğurla həyata keçirmək üçün yumruq kimi birləşməyə çağırışlar edir.
Əminliklə söyləmək olar ki, Yeni Azərbaycan Partiyası yeni reallıqlar, həmçinin dövlətin qətiyyətli siyasəti, xalqın sarsılmaz həmrəyliyi fonunda öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə Azərbaycanın növbəti tarixi naliyyətlər qazanmasına və strateji zirvələr fəth etməsinə layiqli töhfəsini verəcəkdir.