Dəmir yumruq » Manşet » Bu gün Azərbaycan–Özbəkistan münasibətləri ən yüksək müttəfiqlik səviyyəsindədir
Manşet / Siyasət / 17-11-2025, 17:38

Bu gün Azərbaycan–Özbəkistan münasibətləri ən yüksək müttəfiqlik səviyyəsindədir

 

 

Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq getdikcə daha əhatəli və strateji xarakter daşıyır. Dinamik şəkildə dəyişən geosiyasi mühitdə və artan qarşılıqlı maraqlar şəraitində Bakı və Daşkənd ortaq tarixə, siyasi etimada və regional və beynəlxalq məsələlərə oxşar yanaşmalara əsaslanan yüksək səviyyəli qarşılıqlı əlaqələr nümayiş etdirirlər. Bu münasibətlər təkcə dostluq münasibətləri deyil, əsl qardaşlıq və qarşılıqlı anlaşma nümunəsi ola bilər. Dövlət başçısının ötən günlərdə Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi geniş müsahibədə səslənən fikirlər bütün bu məqamları bir daha təsdiq etdi. Müsahibədə vurğulanan tezislərdə qeyd olunduğu kimi Azərbaycan və Mərkəzi Asiya ölkələri tarixən bağlı olan ortaq mədəni, mənəvi və etnik irsin daşıyıcılarıdılar. Bu birliyi ilk baxışda coğrafi sərhədlər ayırır kimi görünsə də, Xəzər dənizi gerçək mənada birləşdirici funksiyanı yerinə yetirir. Xəzər bu gün sadəcə su hövzəsi deyil, region xalqlarının strateji yaxınlığını, iqtisadi imkanlarını və tarixi əməkdaşlıq ənənəsini bir araya gətirən məkandır. Prezident İlham Əliyev müsahibədə bu məqamlara xüsusi olaraq toxunaraq qeyd etdi ki, qardaş xalqlarımız əsrlər boyu dərin rəğbət və hörmət bəsləyib və sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu gün bu möhkəm təməl üzərində uğurla inkişaf edir.


 

 

Şavkat Miromonoviç Mirziyoyevlə İlham Əliyev arasında olan şəxsi dostluq münasibətləri sözsüz ki, ölkələrimiz arasındakı əməkdaşlığın inkişafında xüsusi rol oynayır. Bu xüsusda müsahibədə diqqət çəkən məqamlardan ölkə başçısının nitqində səslənən fikirlər bir daha bu deyilənləri təsdiq edir. Dövlət başçısı qarşılıqlı səfərlərin və təmasların dinamikasına diqqət çəkərək bildirdi ki, münasibətlərimizin inkişafına təsir edən əhəmiyyəti heç də az olmayan amil Özbəkistan prezidenti Şavkat Miromonoviç Mirziyoyevlə aramızda yaranan şəxsi etimad və dostluq münasibətləridir. Prezidentin dövlətlərarası münasibətlərimizin inkişafına şəxsi töhfəsini, onun çoxsaylı əməkdaşlığımızın ardıcıl olaraq gücləndirilməsinə daim diqqət yetirməsini xüsusi vurğulamaq istərdim. Qardaş Özbəkistanın lideri, görkəmli dövlət xadimi və Azərbaycanın böyük dostu prezident Şavkat Mirziyoyevi ölkəmizdə salamlamaq bizim üçün həmişə böyük şərəf və məmnuniyyətdir. Son bir il yarım ərzində baş tutan səfərlər bir daha münasibətlərimizin yüksək dinamikasını əyani şəkildə göstərir.


 

 

Prezident İlham Əliyev həmçinin vurğuladı ki, bu tarixi səfərlər zamanı onlarla mühüm sənəd, o cümlədən Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digərləri iki ölkə arasında hüquqi çərçivəni daha da gücləndirib.


Azərbaycan və Özbəkistan arasında siyasi əməkdaşlıq, qarşılıqlı hörmət, müdaxilə etməmək və bir-birinin suverenliyini dəstəkləmək prinsiplərinə əsaslanır. Prezidentin müsahibəsində bu məqamlara da diqqət çəkildi. Xüsusilə Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və qardaş ölkənin müharibədən sonrakı dövrdə azad edilmiş ərazilərin bərpasında fəal iştirakı minnətdarlıqla xatırlandı. Prezidentin nitqində qeyd olundu ki: “Özbəkistan Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Biz bunu həmişə xatırlayacaq, ölkələrimiz və xalqlarımız arasında həmrəylik, dostluq və qardaşlıq jesti kimi qəbul edəcəyik.”


Müsahibədə həmçinin prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşünü qardaş xalqlarımız arasında əsrlər boyu davam edən dostluğun möhkəmləndirilməsində, siyasi, iqtisadi, nəqliyyat, investisiya, enerji, mədəni, humanitar və rəqəmsal transformasiya sahələrində çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli mərhələ olacağını vurğuladı. Qeyd olundu ki, bu çərçivədə 3-cü dəfədir ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə iştirak edəcək.


Özbəkistan xəbər agentliyinə verdiyi müsahibədə prezident İlham Əliyev Azərbaycanın regiondakı bütün ölkələrlə əməkdaşlığın ən yüksək səviyyədə hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini vurğuladı. Qeyd etdi ki: hesab edirəm ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, həmçinin fəal siyasi dialoqumuz və qarşılıqlı səfərlərimiz bu əməkdaşlıq formatının uğurunda mühüm rol oynayır. Son bir neçə ildə dövlət başçıları arasında qarşılıqlı səfərlərin və təmasların dinamikası münasibətlərimizin yüksək səviyyəsini əyani şəkildə nümayiş etdirir. Qarşılıqlı səfərlərin dinamikası prezidentin nitqində səslənən fikirləri bir daha təsdiqləyir: “Son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər ediblər və mən özüm də həmin müddətdə qardaş ölkələrdə 13 dəfə səfərdə olmuşam. Orta Dəhlizin artan əhəmiyyəti əməkdaşlığımızın genişləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır.”


Prezident müsahibədə həmçinin ölkələrimiz arasında əməkdaşlığın beynəlxalq platformalarda da uğurla inkişaf etdiyindən bəhs edərək xüsusilə Türk Dövlətləri Təşkilatı, BMT, Qoşulmama Hərəkatı, İƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın uğurla inkişafını vurğuladı.


Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın qardaş Özbəkistanla iqtisadiyyatın bütün sahələrində əməkdaşlığına da diqqət çəkərək bildirdi ki, hər iki tərəf əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır və bunun üçün güclü siyasi iradə və əhəmiyyətli potensial mövcuddur. Qeyd olundu ki, iqtisadi münasibətlərin daha da inkişafı üçün etibarlı hüquqi baza yaradan təxminən 200 sənəd imzalanıb və Azərbaycan münasibətlərin möhkəmlənməsinə töhfə verən qarşılıqlı faydalı əməkdaşlığı bundan sonra da dəstəkləyəcək.


Müsahibədə ikitərəfli münasibətlər kontekstində son illər qarşılıqlı ticarət əlaqələri, nəqliyyat-logistika əməkdaşlığı, enerji sahəsində əməkdaşlıq, humanitar və mədəni, idman, media və qeyri-hökumət təşkilatları sahələrində olan əlaqələrdən də geniş şəkildə bəhs olundu. Prezidentin nitqində qeyd olunduğu kimi bütün bu tədbirlər və həyata keçirilən layihələr Azərbaycan ilə Özbəkistanın güclü qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir, xalqlarımız arasında dostluğun möhkəmlənməsinə, mənəvi və mədəni qarşılıqlı əlaqələrin daha da inkişafına xidmət göstərir.


 

 

 

Göründüyü kimi Azərbaycanla Özbəkistan arasında qurulan əməkdaşlıq modeli qarşılıqlı hörmət, etimad, səmimi qardaşlıq və uzunmüddətli strateji maraqların harmoniyasına əsaslanır. Bu birlik regionda sabitlik və dayanıqlı müttəfiqliyin formalaşması üçün nümunəvi model kimi çıxış edir.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.