Dəmir yumruq » Manşet » İdarəçilikdə yeni mərhələ
Manşet / Siyasət / 13-11-2025, 17:22

İdarəçilikdə yeni mərhələ

 

 

Prezident İlham Əliyev noyabrın 12-də Naxçıvana təyin etdiyi Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonlara təyin etdiyi icra başçılarını qəbul etdiyi zaman verdiyi tapşırıq və tövsiyyələr bir daha göstərdi ki, Azərbaycan dövlətinin idarəçilik fəlsəfəsi xalqa xidmət, ədalət və şəffaflıq prinsiplərinə əsaslanır. Bu tapşırıq və tövsiyyələr həm yeni təyin olunan məmurlar üçün strateji yol xəritəsi, həm də dövlət-vətəndaş məmnunluğunun təmin edilməsinə yönəlmiş siyasətin əsas istiqamətlərini müəyyənləşdirdi.


Ölkə başçısının yeni təyin olunan məmurları qəbul edərkən səsləndirdiyi tezislər postmüharibə reallığında dövlət-vətəndaş münasibətlərində yeni direktivləri kimi qiymətləndirilə bilər.


Prezidentin nitqinin mərkəzində dayanan əsas fikir – məmurun xalqla birliyi – artıq sadəcə bir şüar deyil, dövlət siyasətinin əsas ideoloji dayağına çevrildiyinin təsdiqidir. Bu, idarəetmədə yalnız səmərəlilik yox, həm də sosial etimadın bərpası hədəfini ön plana çıxarır.


Prezidentin çıxışının əsas hissəsində bu istiqamətdə səslənən tezislər məmur-vətəndaş əlaqələrində şəffaflığın və etimadın yenidən qurulmasına yönəlmiş ciddi bir işarədir. Dövlət başçısı bir daha bildirdi ki: “Rəhbər vəzifə təkcə səlahiyyət deyil, eyni zamanda böyük məsuliyyət və mənəvi nümunə tələb edir. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yolla gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq.” Prezidentin nitqində səslənən bu fikirlər dövlətin əsas götürdüyü etik idarəçilik modelini təsvir edir. Məmurun davranışı və əxlaqı artıq şəxsi deyil, birbaşa dövlətin reputasiyası ilə əlaqəlidir.


Ölkə başçısı çıxışının müəyyən hissəsində regionların sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nəticələrinə toxunaraq son illər ərzində həyata keçirilən genişmiqyaslı infrastruktur layihələrin bölgələrin simasını köklü şəkildə dəyişdirdiyini vurğuladı. Prezidentin nitqində qeyd olundu ki, elektrik enerjisi təminatı, magistral və kənd yollarının yenilənməsi, içməli su və suvarma layihələrinin icrası, sosial obyektlərin – məktəb, xəstəxana, idman qurğularının tikintisi artıq Azərbaycanın bütün bölgələrində yüksək səviyyədə təmin edilib, əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Dövlət başçısı bildirdi ki, bu istiqamətdə mühüm işlər görülüb. Demək olar ki, əsas infrastruktur istiqaməti olan elektrik enerjisi ilə bütün bölgələrdə vəziyyət tam normallaşıb. Həmçinin qeyd olundu ki, bütün bölgələrimizlə yanaşı, o cümlədən işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturunun yaradılması güclü potensial yaratmışdır. Prezident bildirdi ki, bu uğurlar dövlət investisiya proqramlarının və regional inkişaf strategiyalarının ardıcıl icralarının nəticəsidir.


Dövlət başçısı sosial ədalət prinsipinin bütün idarəetmə səviyyələrində əsas meyar olmasını vacib saydı. Bildirdi ki, vətəndaşlar istənilən rayonda, kənddə yaşasalar da dövlətin ədalətinə inanmalı və onun bərabər münasibətini hiss etməlidirlər.


Prezident həmçinin bildirdi ki, mərkəzi və yerli idarəetmədə aparılan kadr islahatları nəticəsində artıq dövlət orqanlarında şəffaflıq və məsuliyyət xeyli artıb, qanunsuz göstəriş və tapşırıqların verilməsi halları aradan qaldırılıb.


Ölkə başçısı bölgələrdə məşğulluğun artırılması, sahibkarlığın dəstəklənməsi, kənd təsərrüfatının inkişafını vacib istiqamətlər kimi göstərdi. Prezident qeyd etdi ki, bölgələrdə məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir. Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb, yeni iş yerlərinin yaradılması, sahibkarlara güzəştli kreditlərin verilməsi və özünüməşğulluq proqramlarının genişləndirilməsi regionların iqtisadi potensialını artırır və miqrasiyanın qarşısını almağa xidmət edir. Bu həm işsizliyin azalmasına, həm də regionlarda sosial sabitliyin möhkəmlənməsinə xidmət edir.


Dövlət başçısı bildirdi ki, bölgələrdə insanları işlə təmin etmək üçün dövlət müxtəlif addımlar atır, müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir. Artıq on minlərlə insan bu proqramla əhatə olunub. Ona görə yerlərdəki rəhbərlərdən də tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Təbii ki, onlara dəstək vermək lazımdır. Çünki yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda, yerli istehsalı da gücləndirir.


Prezident çıxışında ekologiya və ətraf mühitin qorunması məsələsinə də xüsusi diqqət ayırdı. Dövlət başçısı çay məcralarının dəyişdirilməsi, torpaqdan səmərəsiz istifadə və digər qanunsuz fəaliyyətlərin qarşısının alınması barədə tapşırıqlar verərək ekoloji tarazlığın qorunmasının dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu bir daha vurğuladı.


Bütövlükdə, Prezident İlham Əliyevin Naxçıvana təyin etdiyi Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonlara təyin etdiyi icra başçılarını qəbul etdiyi zaman verdiyi tapşırıq və tövsiyyələr, səsləndirdiyi tezislər dövlət idarəçiliyinin əsas prinsiplərini müəyyən edən, xalqa xidmət və sosial ədalət ideyasını bir daha təsdiqləyən proqram xarakterli çıxışı kimi tarixə düşdü.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.