Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımlardan biri işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 8 Noyabr Şuşa Şəhəri Günüdür. 2020-ci il noyabrın 8-də şanlı Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edərək qəhrəmanlıqla dolu tarix yazdı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm Qələbə prezident İlham Əliyevin sərəncamı ilə əbədiləşdirildi. Belə ki, Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi.
Ali Baş Komandan Vətən müharibəsinin ilk günlərindən bildirirdi ki, Şüşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi. Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm Zəfərin memarı prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğa çatdırdı. Bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi yazdırdı.
Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən bu addımlar hər birimizi qürurlandırır. Bu gün işğaldan azad edilmiş ərazilərimizə, o cümlədən azad Şuşaya yenidən həyat qayıdır. Bu qayıdışla Şuşaya yeni ruh, yeni nəfəs gəlir. Azadlığına qovuşmuş qədim şəhərimiz artıq böyük quruculuq, bərpa işləri, möhtəşəm tədbirlər məkanına çevrilib. Müasir idarəçilik sistemi tədbiq edilib.
Prezidentin şəxsi nümayəndəliyi ilk olaraq Şuşada fəaliyyətə başlayıb. Görülən işlərin səmərəliliyinin artırılmasına xidmət edən təkmil idarəçilik sisteminin uğurları həm bərpa işlərinin miqyasında, həm də bu torpaqlara sakinlərin mərhələ-mərhələ qayıdışında aydın ifadəsini tapır. Şuşanın əvvəlki simasının özünə qaytarılması üçün mühüm tədbirlər həyata keçirilir. Hər daşının, qayasının altında bir tarix yatan Şuşa bu gün eyni zamanda iqtisadi, siyasi, diplomatik mərkəz kimi dünyanın diqqət mərkəzinə çevrilib.
Şuşa artıq 5 ildir ki, azaddır, dirçələn, dünyaya açılan Qələbə şəhəridir. Hər yeni tikilən tikili, hər abidə, hər səfər bu şəhərin timsalında Qalib Azərbaycan obrazını möhkəmləndirir.