8 Noyabr Zəfər Günü tariximizin qızıl səhifəsi, xalqımızın iradəsi, Ordumuzun qüdrəti, Ali Baş Komandanın müdrik rəhbərliyi ilə qazanılmış böyük Qələbənin rəmzidir. Bu tarixi Zəfər ilə prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu xalqın, ölkənin deyil, dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti, vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımız uca oldu. Qürurumuz özümüzə qaytarıldı. Birləşdik, bütövləşdik, Qalib, Müzəffər, yenilməz xalq olaraq bütün dünyaya öz gücümüzü göstərdik.
Bu gün hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq eyni duyğulu anları yaşayır və hər zaman belə olacaqdır. Çünki şəhidlərimizin qanı ilə yazılan bu şərəfli tarix xalqımızın yaddaşında əbədi qəhrəmanlıq dastanı kimi yaşayacaq.
Təəssüf ki, Zəfərə gedən yol xalqımıza çox böyük qurbanlar və itkilər hesabına başa gəlmişdir. 10 minlərlə azərbaycanlı qətlə yetirilmiş, yaralanmış, şikəst edilmiş, kütləvi etnik təmizləmə nəticəsində 1 milyondan artıq soydaşımız 30 ildən artıq qaçqınlıq və köçkünlük həyatı yaşamağa məhkum edilmişdir. Lakin düşmənin vəhşiliyi və qəddarlığı xalqımızın mübarizə əzmini qıra bilməmişdi. 30 il ərzində ölkəmizin ərazi bütövlüyünün təmin olunması hər zaman Azərbaycanın siyasi gündəliyinin mərkəzində dayanmışdır. Qətiyyətli və prinsipial mövqe, yüksək diplomatik məharət Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında böyük rol oynamış, eyni zamanda ölkəmizin milli gücünün artırılmasına hesablanan siyasət möhtəşəm zəfərimizi günbəgün yaxınlaşdırmışdı. Özünün iqtisadi müstəqilliyinə nail olan Azərbaycan həmçinin istənilən xarici təhdidi dəf etməyə və düşmənin başını əzməyə qadir olan güclü ordu qurmağa nail oldu.
Artıq 5 ildir ki, müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Hələ 2016-cı ilin aprel ayında Lələtəpə və 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını bütün dünyaya nümayiş etdirmişdi. Bu döyüşlərdə misilsiz qəhrəmanlıqlar nümayiş etdirən hərbçilərimizin Vətən sevgisi, torpaq təəssübkeşliyi ən danılmaz amillərdən idi. Yüksək vətənpərvərlik ruhu torpağa, yurda sonsuz sevgilərlə savaşa atılan əsgər və zabitlərimiz üçün bu sadəcə ərazilərimizin, torpaqlarımızın azad edilməsi deyil, bu şərəfli missiyanın həm də xalqımızın ləyaqəti, şərəfi, taleyi olduğunu yaxşı bilirdilər.
Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin 8 noyabr tarixində Qarabağın tacı, Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər Xiyabanında xalqa çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi. Əslində tarixi Şuşa Zəfəri müharibənin faktiki olaraq taleyini həll etdi. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş hərb məktəblərində öyrənilir. Azərbaycan 44 günlük Vətən müharibəsində yalnız döyüş meydanında deyil, informasiya cəbhəsində də üstünlüyünü qorudu. Dövlət başçısının 30-dan artıq xarici mətbuata müsahibələri dünyaya səsləndirdiyi çağırışlar fonunda keçmiş münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq oldu. Ön və arxa cəbhədə sarsılmaz birlik haqlı olaraq dəmir yumruq kimi səciyyələndirildi.
Qələbəmizin hərbi siyasi əhəmiyyəti ilk növbədə Azərbaycanın regionda müəyyən edici gücə çevrilməsi, sülhün və sabitliyin təminatçısı kimi çıxış etməsi ilə ölçülür. Digər tərəfdən bu qələbə Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradaraq regionda ədalətli balans və əməkdaşlıq imkanlarının əsasını qoydu. Beynəlxalq səviyyədə isə bu Zəfər yeni dünya nizamının formalaşmasında Azərbaycanın üstün mövqeyinin və getdikcə artan rolunun, o cümlədən suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinin bərqərar olmasının parlaq nümunəsinə çevrildi.
Bu gün dünya Azərbaycanın sülh, bərpa, əməkdaşlıq və yenidənqurma istiqamətində sərgilədiyi inkişaf modelini diqqətlə izləyir. Qalib Azərbaycan xalqı Vətən müharibəsində göstərdiyi hünərləri Qarabağ və Şərqi Zəngəzurda geniş vüsət alan bərpa-quruculuq işlərində davam etdirir, işğal dövründə viran qoyulmuş torpaqlarımıza yeni həyat qayıdır. Məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına yönələn nəhəng layihələr həyata keçirilir. Bütün bunlar bir daha dövlətimizin iqtisadi gücünü bütün dünyaya nümayiş etdirir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək “Azərbaycanın quruculuq missiyası başlanır, azad edilmiş torpaqlara həyat qayıdır və bu qayıdış əbədidir.”