















Dövlət Turizm Agentliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Göyçay şəhərində ənənəvi "Nar Festivalı" keçirilir.
Göyçay informasoya agentliyinin verdiyi məlumata görə Oxu.Az-a istinadən festivalın əsas məqsədi regionun narçılıq ənənələrinin qorunması və təbliği, bu ənənələrin turizm məhsuluna çevrilməsi, eləcə də yerli istehsalçılar üçün satış və tanıtım imkanlarının genişləndirilməsidir.
Məlumata əsasən, 65-dən çox stendin yer aldığı festivalda istehsalla məşğul olan müəssisələrin nardan hazırlanmış məhsulları, fermerlər tərəfindən yetişdirilən müxtəlif nar növləri və onlardan hazırlanan məhsullar, narla bağlı əl işləri nümayiş etdirilir, məhsulların dequstasiyası, yarmarka, ustad dərsləri, rəsm sərgisi, müxtəlif müsabiqələr və folklor qruplarının çıxışları təşkil edilir.
Festival çərçivəsində konsert proqramı nəzərdə tutulub.
Qeyd edək ki, 2006-cı ildən etibarən təşkil olunan "Nar Festivalı" ölkənin kənd təsərrüfatı və aqrar mədəniyyətinin bir hissəsi kimi aqroturizmin inkişafına töhfə verir. Göyçayda yüksək dad və keyfiyyət göstəricilərinə malik "gülöyşə", "vələs", "şirin", "şıxbaba", "şelli mələsi", "qırmızıqabıq", "bala mürsəl", "şahnaz", "ağşirin" və s. kimi nar növləri yetişdirilir. Azərbaycanın aqrar ixrac potensialının mühüm hissəsi kimi Göyçayda istehsal olunan nar və nar məhsulları xarici bazarlarda tanınmaqdadır.