9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə təsis edilib. Həmin ilin dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirilib.
Azərbaycan Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Cümhuriyyət Hökumətinin iclasında qəbul edilib. 1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız 70 il sonra – 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Heydər Əliyevin rəşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə Naxçıvan MR-da yenidən ucaldılıb. Bir qədər sonra – 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən Dövlət Bayrağı kimi qəbul olunub.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” konstitusiya aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varici kimi dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa etdi.
30 il müddətində Azərbaycan tarixinin müstəqillik dövrünü əhatə edən üçrəngli bayrağımız Azərbaycanın müstəqilliyinin qorunması, suverenliyinin bərpa olunması, qələbələrimizin təmin olunmasında iradəmizi daha da möhkəmləndirmiş, bizə mənəvi güc vermişdir. Ulu Öndər Heydər Əliyev irsinin davamçıları bayrağa olan böyük məhəbbət hisslərinin aşılanmasını Vətən borcu kimi yeni nəsillərə təbliğ etmiş, bayrağımızın daha ucada dalğalanması üçün hər bir azərbaycanlını məsuliyyət daşımağa təşviq etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət quruculuğunda hər zaman bayrağımıza olan məhəbbəti əsas hesab etmiş, dövlət rəmzlərimizə, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizə, gələcək inkişafımıza böyük həssasləqla yanaşmışdır. Məhz prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə 2010-cu ildən etibarən hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunmağa başlanmışdır. Bu sərəncamdan irəli gələn və Dövlət Bayrağını əhatə edən qanunvericilik bazasının təkmilləşdirilməsi mərhələli şəkildə həyata keçirilmiş, milli varlığımız və atributumuz olan bayrağımızın müqəddəsliyi qanunlarımızda da öz əksini tapmışdır.
Dövlət rəmzlərinə hər zaman sahib çıxan, onu göz bəbəyi kimi qorumağı bacaran Azərbaycan xalqı şanlı dövlətçilik rəmzimizi ən yüksək zirvələrdə dalğalandırmağı bacardı. 44 günlük Vətən müharibəsində azad edilən hər bir kənddə, şəhərdə, qəsəbədə, yüksəklikdə ucaldılan üçrəngli bayrağımız milli qürur hissimizin ən uca zirvəsi hesab edilirdi. Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qürurla yüksəltdiyi uca bayrağımız bu gün ölkəmizin bütövləşmiş sərhədləri boyu dalğalanmaqdadır. Dostlarımızı sevindirən, düşmənlərimizi xar edən üçrəngli bayrağımız dövlətimizin əzəmətini və gücünü bütün dünyaya təsdiqləyir. Bütövləşən Vətənimizdə qürurla dalğalanır – bu torpaqların əbədi sahibinin kim olduğunu bir daha bəyan edir.
Bayrağımız daim uca zirvələrdə dalğalansın!