Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
Prezidentin AMEA-nın 80 illiyinə həsr olunmuş yığıncaqda tarixi nitqi mühüm mesajları özündə ehtiva edir.
Dövlət başçısının çıxışının ilk hissəsində Akademiyanın keçdiyi yol, müasir şərait və Azərbaycan elminin qarşısında duran bir çox vacib məsələlər öz əksini tapmışdır. Prezident qeyd edib ki, Akademiya 80 il ərzində böyük yol keçmişdir, Azərbaycan elminin inkişafında aparıcı rol oynamışdır. Bu illər ərzində müxtəlif ictimai-siyasi quruluşlarda yaşasaq da Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirirdi. Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi. Ötən əsrin 70-ci illərində Akademiyanın fəaliyyəti təkmilləşdirilmiş, bir neçə yeni elmi tədqiqat institutları yaradılmış, elmin inkişafına böyük vəsait ayrılmışdır. Bu siyasət müstəqillik illərində də davam etdirilmişdir. Bu gün də on minlərlə Azərbaycan gənci dünyanın aparıcı ali məktəblərinə ezam olunur. Onların böyük əksəriyyəti oxuyub vətənə qayıdırlar və beləliklə, ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər. Prezident həmçinin qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycan ziyalıları ilə, Azərbaycan ictimaiyyəti ilə ilk görüşü məhz 1993-cü ildə Milli Elmlər Akademiyasında olmuşdur. Beləliklə, o, bir daha müstəqil Azərbaycanın, yəni, yenilənən Azərbaycanın prioritetlərini açıq şəkildə bəyan etmişdir. Ölkə başçısının qeyd etdiyi kimi həmin dövr Azərbaycan üçün ağır dövr olmağına baxmayaraq yenə də Akademiyanın işinə, Akademiyanın qorunmasına, alimlərin fəaliyyəti üçün vəsait ayrılırdı. Sözsüz ki, illər keçdikcə bu proses daha uğurla davam etdirilmiş bu istiqamətdə, yəni Azərbaycan elminin inkişafına göstərilən diqqət Ulu öndərin siyasətinə uyğun şəkildə aparılmışdı. Akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Milli Ensklopediya üçün yeni bina inşa edilməsi, yeni böyük elmi kitabxananın inşası, elmi-tədqiqat institutlarının təmiri və avadanlıqlarla təchizi, elmin inkişafı üçün Milli Strategiyanın qəbul edilməsi və bu istiqamətdə bir çox işlər görülmüşdür. Dövlət başçısı bildirdi ki, bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də Heydər Əliyev siyasəti davam edir, yaşayır, yeni formalarla zənginləşir.
Dövlət başçısının nitqində həmçinin texnoloji inkişaf, informasiya təhlükəsizliyi ilə bağlı mühüm məqamlar, Azərbaycan elminin qarşısında dayanan dövrün aktual çağırışlarından olan süni intellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik kimi məsələlər mühüm yer alıb. Prezident İlham Əliyev eyni zamanda Azərbaycanda müdafiə sənayesinin inkişafı istiqamətində də mühüm fikirlər səsləndirib. Dövlət başçısı elmin iqtisadiyyatla, sənaye ilə əlaqələndirilməsini, elmin nailiyyətlərinin istehsalatda tətbiqini ön plana çəkərək bildirib ki, Azərbaycan elminin praktik nəticələri tədbiq olunmalı və səmərə verməlidir. Prezident İlham Əliyev həmçinin müasir dünyada güc faktorunun ön plana çəkildiyini, beynəlxalq təşkilatların artıq öz funksiyalarını yerinə yetirməkdə aciz olduğunu vurğulayıb.
Prezidentin çıxışının ən mühüm hissəsində Azərbaycan elminin qarşısında dayanan strateji hədəflər, tariximizin tədqiqi, onun yeni tarixi baxışla, yenilənən diskursla araşdırılması, Qərbi Azərbaycan gerçəklərinin gələcək nəsillərə və eyni zamanda dünyaya çatdırılması, separatist yalanların ifşası, Azərbaycan dilinin saflığının keşiyində dayanılması məsələləri, Vətən müharibəsində şanlı qələbəmiz, Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işləri, yeni müasir texnologiyaların tətbiqi və bu kimi vacib məqamlar öz əksini tapıb.
Prezident İlham Əliyev Azərbaycan tarixinə dair dərin tədqiqatların aparılmasının vacibliyini xüsusi olaraq vurğulayıb. Bildirib ki, tarixi həqiqətlər bir daha dünya ictimaiyyətinə çatdırılmalı, müstəqillik dövrü tariximizin araşdırılması, bu istiqamətdə əsərlərin yazılmasının zəruriliyini qeyd edib. Dövlətçilik tarixinin yazılmasının önəmini xüsusi qeyd edib.
Prezident İlham Əliyev qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur haqqında danışarkən Azərbaycan tarixi haqqında da danışmalıyıq. Bizim zəngin tariximiz əfsuslar olsun ki, Ermənistan tərəfindən, erməni diasporu tərəfindən uzun illər ərzində təhrif edilmişdir və bu istiqamətdə bizə qarşı aparılan təbliğat bu gün də dayanır. Ona görə də bunun qabağına biz öz həqiqətlərimizi qoymalıyıq. Biz öz tariximizi tədqiq və təbliğ etməliyik. Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri zəngin tariximizi bilməlidirlər. Bilməlidirlər ki, Azərbaycan xalqının tarixi, dövlətçilik tariximiz, xalqımızın qurub yaratma tarixi çoxəsrlidir. Dövlət başçısı həmçinin vurğulayıb ki, Azərbaycan xalqı yaşadığı bütün coğrafiyada ləyaqətli vətəndaş kimi hər zaman yaşayıb. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün də heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir xalq üçün problem yaratmır və yaratmayacaq. Prezident İlham Əliyev nitqində tarixi həqiqətlərimizi bir daha səsləndirib, xüsusilə Qərbi Azərbaycana qayıdış məsələsinə dair fikirləri mühüm yer alıb. Dövlət başçısı qeyd edib ki, biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq. Bunu etmək üçün, əlbəttə ki, əsas vəzifə dövlətin üzərinə düşür. İctimai təşkilatlar və eyni zamanda Azərbaycan alimləri daha fəal işləməli, bu istiqamətdə elmi əsərlərin sayı çoxaldılmalı, sərgilər, təqdimatlar, tarixi xəritələr dərc edilməlidir. Daha çox elmi əsərlər, daha çox hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır ki, həm Azərbaycan gəncləri öz tarixini yaxından bilsinlər, həm dünya ictimaiyyəti bilsin və eyni zamanda, indiki Ermənistana bizim qayıdışımız da tamamilə məntiqli və ədalətli səslənsin. Prezident vurğulayıb ki, artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsirlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var.
Prezident İlham Əliyevin nitqində digər vacib məqam Azərbaycan dilinin qorunması istiqamətində səsləndirdiyi fikirlər xüsusi diqqət çəkib. Dövlət başçısı Azərbaycan dilinin saflığının qorunmasının vacibliyini ön plana çəkib. Bildirib ki, hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir. Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Prezident vurğulayıb ki, düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir. Ölkə başçısı xüsusi olaraq vurğulayıb ki, Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Azərbaycan alimlərindən də bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm.
Prezident İlham Əliyev çıxışının sonunda bildirib ki, bir neçə gündən sonra tarixi Zəfərimizin beş illiyini qeyd edəcəyik. Hərbi parad təşkil ediləcək. Dövlət başçısı həmçinin qeyd edib ki, beş il əvvəl, 2020-ci ilin dekabrında Zəfər paradı keçirilmişdir. 2023-cü ildə Xankəndidə hərbi parad keçirilmişdir ki, Azərbaycanın suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqı bu Şanlı Zəfərlə bundan sonra əbədi fəxr edəcək.