Dəmir yumruq » Manşet » Azad və çiçəklən Qubadlı
Manşet / Siyasət / Dün, 20:01

Azad və çiçəklən Qubadlı

 

 

Azərbaycanın səfalı, dilbər guşələrindən olan Qubadlı rayonunun işğalından azad olunmasından 5 il ötür. Beş il öncə 25 oktyabr 2020-ci il tarixində rəşadətli silahlı qüvvələrimiz Qubadlı şəhərini və rayonun daha bir neçə kəndini işğalçılardan təmizlədi. Şəhərin azad edildiyini Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev özünün Tvitter hesabından elan etdi. Prezidentin müharibə dövrü öz sosial media hesablarından etdiyi paylaşımlar, xalqa müraciətlər ən yeni dövr tariximizin unudulmaz parlaq səhifələridir. Həmin tarixi günlərdən olan Qubadlının azad olunması ilə bağlı şəhər gününün təsis olunması tarixi əhəmiyyətli hadisələrdəndir. Belə ki, 31 iyul 2023-cü il tarixli Sərəncama əsasən artıq 3-cü ildir ki, 25 oktyabr tarixi qubadlılar tərəfindən böyük təntənə ilə qeyd edilir.


44 günlük İkinci Qarabağ müharibəsində hər günü tariximizə Qələbə günü kimi yazan Silahlı Qüvvələrimiz vətən sevgisinin qələbə əzmində nə qədər əhəmiyyətli rol oynadığını nümayiş etdirdi. Azərbaycan Ordusu 2020-ci ilin sentyabrın 27-də başlayan Zəfər yürüşü zamanı addım-addım irəli getdi, ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdi. 44 gündə elə bir gün olmadı ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza hansısa şəhərin, kəndin, strateji yüksəkliyin azad edilməsi müjdəsini çatdırmasın. Vətən müharibəsinin 29-cu günündə, 25 oktyabr 2020-ci il tarixində növbəti qələbə müjdəsi xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Həmin tarixi gün İkinci Qarabağ müharibəsinin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkmişdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunduqdan sonra növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular, yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün ilk növbədə yüksəkliklər götürülməli idi. Ətraf yüksəkliklərdə də eyni zamanda Ermənistan hərbi birləşmələri yerləşmişdi. Bu baxımdan Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan ordusu bu peşəkarlıq və fədakarlığı bundan əvvəlki döyüşlərdə olduğu kimi yüksək vətənpərvərliklə nümayiş etdirdi. İlk növbədə şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu, Əfəndilər, Yusifbəyli, Çaytumas, Mollabürhan kəndləri və strateji yüksəkliklər azad edildi. Aparılan hərbi əməliyyatlar zamanı Qubadlı şəhəri və rayonun 41 kəndi işğaldan azad olundu. 2020-ci ilin 23 dekabr tarixində isə prezident İlham Əliyevin Qubadlıda şanlı Azərbaycan Bayrağını ucaltması tarixi hadisə olaraq yaddaşlara həkk olundu.


Dövlətimizin başçısı 2021-ci il 25 oktyabr tarixində Qubadlı rayon ictimaiyyəti ilə görüşündə bir daha bu qələbə hissini böyük qürur hissi ilə xatırladaraq qeyd etdi ki, biz Qubadlıdan sonra öz Zəfər yürüşümüzü, Zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada Zəfər bayrağını ucaltdıq.


Qələbədən danışarkən ilk növbədə şəhidlərimizin xatirəsini yad etməliyik. Azərbaycan xalqı indiki və gələcək nəsillər həmişə qəhrəman şəhidlərimizlə fəxr edəcək. Şəhidlərimizin xatirəsi əbədiləşdirilir və əbədiləşdiriləcək. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olundu.


Artıq o günlərdən bizi beş illik zaman ayırır. Tarixi Zəfərimiz Azərbaycan ordusunun gücünün, qüdrətinin, liderinin qətiyyətinin, xalqımızın yenilməzliyinin, məğrurluğunun dünyaya təqdimatı oldu. Böyük Qələbəmizdən 3 il sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi.


Bu gün Qubadlı yeni inkişaf dövrünü yaşayır, Qubadalı şəhəri və işğaldan azad edilən kəndlər yenidən qurulur. Qubadlının gələcək inkişafı ilə bağlı əməli-praktik işlər aparılır, yeni infrastruktur layihələr icra olunur. Dövlət başçısının bu müddət ərzində rayona etdiyi səfərlərin hər biri mühüm addımların atılması ilə yadda qalıb. Azad edilmiş torpaqlarda artıq 7 yarımstansiya inşa olunub. Nazirlər Kabineti 2025-ci il 9 sentyabrında “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı”nı təsdiq edib. Aparılan bərpa-quruculuq işləri nəticəsində Qubadlının yeni inkişaf tarixi başlanıb. Rayon ərazisində 27 oktyabr 2021-ci il tarixində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradıldı. Mahruzlu və Zilanlı kəndləri yenidən qurulur. Böyük Qayıdış konsepsiyası çərçivəsində Zilanlıda birinci mərhələdə 159 evin tikintisi və 772 nəfərin məskunlaşdırılması nəzərdə tutulub. Gələcəkdə bu kənddə 2520 nəfərin (630 ailə) yaşaması planlaşdırılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi davam etdirilir. Həmçinin prezident İlham Əliyevin “Yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamı bu istiqamətdə mühüm addımlardandır.


Göründüyü kimi əzəli və əbədi torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzur tarixinin öz yeni mərhələsini yaşayır. Burada həyata keçirilən tədbirlər isə xalqımızın bərpa-quruculuq fəlsəfəsinin ruhunu özündə ehtiva etməklə yanaşı, dövlətimizin potensialını, iqtisadi gücünü təcəssüm etdirir.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.