Dəmir yumruq » Manşet »  Qəbələdə tarixi  Türk Zirvəsi  
Manşet / Siyasət / 8-10-2025, 14:52

 Qəbələdə tarixi  Türk Zirvəsi  

 

Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu gün Türk dünyasının birliyinin yüksək zirvəyə çatdığı məqamları yaşayırıq və sözsüz ki, tarixi Zəfərimiz Azərbaycanın digər sahələrdə olduğu kimi xarici siyasət uğurlarında, xüsusilə türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsində əhəmiyyətli rol oynayır. Naxçıvandan başlayan missiya bu gün daha da yüksələn xətlə davam edir. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən ötən müddət ərzində əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Bu mühüm məqam Azərbaycanın Türk dünyasının birliyinə töhfələrinin aydın mənzərəsini yaradır. 2009-cu ilin oktyabrın 9-da türkdilli dövlət başçılarının Naxçıvan Zirvə Görüşündə saziş imzalandı və türkdilli dövlətlər arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Həmin sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. O zaman sənədi dörd ölkənin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri imzalamışdır. İllər keçdikcə, xüsusilə Azərbaycanın və Türkiyənin liderliyi sayəsində quruma üzv ölkələr arasında əlaqələr daha da genişləndi. Bu müddətdə türkdilli dövlətlərin birliyinin daha da dərinləşdirilməsinə xidmət edən konfranslar, zirvə görüşləri keçirildi, mühüm qərarlar qəbul edildi. Təbii ki, tariximiz, mədəniyyətimiz, ənənələrimiz, ortaq keçmişimiz bu birliyi zəruri edirdi. Türk dünyasını böyük bir ailə kimi dəyərləndirən dövlət başçımız çıxışlarında birliyimizin daha da möhkəmləndirilməsi gələcəyimizlə bağlı çağırışların bütün məqamlarını özündə əks etdirən yol xəritəmizi müəyyənləşdirərək ötən görüşlərdə bildirmişdir ki, Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq. Bu gün real mənzərə onu deməyə əsas verir ki, türk birliyi artıq qlobal gücə çevrilib və eyni zamanda türk dünyası ölkələrinin əlaqələrinin genişlənməsi, dərinləşməsi və strateji xarakter alması çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycan hər zaman türk dünyasının birliyinə çağırışlar edərək bütün bunları atdığı addımları ilə təsdiqləyir. Birmənalı olaraq deyə bilərik ki, bu gün türkdilli dövlətlərin başçıları arasında tamamilə yeni formatda təmasların mütəmadi xarakter almasında prezident İlham Əliyevin danılmaz rolu vardır. İlk növbədə bu ondan irəli gəlir ki, ölkəmizin yürütdüyü xarici siyasətdə türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi və prioritet istiqamət olaraq müəyyən edilib. Və bu ölkələrlə iqtisadi, siyasi, humanitar, sadaladığımız digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.


Bu baxımdan ötən gün Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü türk dünyasının siyasi qüdrətini, iqtisadi gücünü və qlobal faktor kimi sarsılmaz potensialını bir daha nümayiş etdirən və eyni zamanda bütün bu çağırışları əks etdirən mühüm məqamlarla yadda qaldı.


Zirvə görüşündə prezident İlham Əliyevində bəyan etdiyi kimi, ortaq tarixi və etnik köklərə, müştərək milli-mənəvi dəyərlərə malik türk dünyasının böyük əməkdaşlıq platforması olan TDT bu gün regional və qlobal statuslu təsisat kimi mövqeyini artırır. Daxili siyasi və iqtisadi sabitlik, geostrateji mövqe, nəqliyyat logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan imkanlar TDT-nı yeni güc mərkəzinə çevirir. Ümumilikdə prezident İlham Əliyevin dərin məzmunlu çıxışı həm təşkilatın, həm də bütün türk dünyasının gələcək istiqamətinə aydın yol xəritəsi oldu. Dövlət başçısı ortaq tarixi və mənəvi dəyərlərimizin bizi bir ailə kimi birləşdirdiyini bir daha qeyd edərək və bu birliyin gələcəkdə dünya siyasətində mühüm rol oynayacağını xüsusi olaraq diqqətə çatdırdı. Prezident İlham Əliyev çıxışında Türk Dövlətləri Təşkilatının siyasi-iqtisadi və mədəni potensialının reallışdırılmasının zəruriliyini qeyd edərkən bildirdi ki, bu birlik sülh, sabitlik və inkişafın təmin edilməsində mühüm rol oynayır. Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir. Dövlət başçısı dünyanın üzləşdiyi hazırki geosiyasi və təhlükəsilik çağırışları fonunda məqamlara diqqət çəkərək bildirdi ki, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsi və bugünkü Zirvə Görüşünün “Rəqəmsal sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir. Türk dövlətlərinin qlobal iqtisadi və siyasi sistemdə vahid mövqedən çıxış etməsi, qarşılıqlı dəstək və birgə inkişaf prinsiplərinin qorunması olduqca əhəmiyyətlidir. Bu, Türk dünyasının regional sabitlik və beynəlxalq təhlükəsizlik sistemində rolunun daha da möhkəmlənməsinə xidmət edir.


Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər və 2023-cü ildə keçirilən antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünün tam bərpası təkcə hərbi uğur deyil, həm də ədalətin bərpasıdır. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın atdığı addımlar sülh gündəliyinə sadiqliyi təsdiqləyir. Dövlət başçısı Vaşinqton Zirvə Görüşünə də diqqət çəkərək bildirdi ki, Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması yeni reallıq yaradacaq. Bu, bölgəni qarşıdurmadan əməkdaşlığa aparan tarixi addımdır və bu addımın müəllifi məhz müstəqil siyasət yürüdən, milli maraqlara söykənən Azərbaycan dövlətidir.


Prezident İlham Əliyevin çıxışında nəqliyyat-kommunikasiya layihələrinin türk dünyası üçün strateji əhəmiyyəti də vurğulandı. Qeyd olundu ki, Azərbaycan bu istiqamətdə həm Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin əsas halqasına çevrilib. Zəngəzur dəhlizinin açılması məsələsi ölkə başçısının nitqində xüsusi olaraq qeyd olundu. Türk dünyasını fiziki olaraq birləşdirəcək və iqtisadi əlaqələri yeni səviyyəyə qaldıracaq həmin nəqliyyat arteriyası əhəmiyyətli rol oynayacaqdır. Bununla yanaşı Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rol - hazırda 14 ölkəyə təbii qaz ixracı ölkə başçısının nitqində eyni zamanda vurğulandı.


Prezident İlham Əliyev çıxışında həmçinin 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini xüsusi qeyd edərək, gələn il bu tarixi hadisənin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə qeyd edilməsini təklif etdi. Ölkə başçısının nitqində səslənən bu təşəbbüs təkcə elmi və mədəni hadisə deyil, həm də türk birliyinin tarixi dərinliyini və gələcəyə inamını əks etdirir.


Azərbaycan lideri çıxışının sonunda Qarabağ və Şərqi Zəngəzurun bərpasına verdikləri dəstəyə görə qardaş ölkələrə öz təşəkkürünü bildirdi. Prezidentin çıxışında qeyd olunduğu kimi qardaş ölkələrin işğaldan azad olunmuş ərazilərədə həyata keçirilən tədbirlərə göstərdiyi dəstək türk həmrəyliyinin parlaq nümunələridir. Bu layihələr təkcə tikinti deyil, mənəvi birliyin, qarşılıqlı etimadın və sarsılmaz qardaşlığın bariz nümunəsidir və bu istiqamətdə görülən işlər türk birliyinin gələcəyini təmin edən mənəvi-ideoloji baza yaradır.


Beləliklə oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü tarixə yazılan növbəti türk zəfəri kimi yadda qaldı və bir daha sarsılmaz türk birliyini dünyaya nümayiş etdirdi.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.