1993-cü il oktyabrın 3-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmizin inkişaf tarixində yeni bir səhifənin başlanğıcı oldu. Həmin gün xalqımız öz xilaskarına – Heydər Əliyevə etimad göstərərək onu Azərbaycan Respublikasının prezidenti seçdi. Bu seçim ölkəmizi xaosdan, tənəzzüldən və anarxiyadan xilas edərək sabitlik və tərəqqi yoluna çıxardı, dövlətimizin gələcək taleyini müəyyənləşdirdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.
1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövləti səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. O dövr hadisələrini düzgün qiymətləndirə bilməyən iqtidar xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələrdən öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən hakimiyyət özü belə xilas üçün sonda Heydər Əliyevdən kömək istədi.
Azərbaycan xalqı qanı-canı bahasına əldə etdiyi müstəqilliyinin qorunması üçün və bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz lideri Heydər Əliyevi dəvət etdi. 1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan ziyalıları da Heydər Əliyevə hakimiyyətə qayıdış üçün müraciət etmişdilər. 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi.
Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə surətlənmişdir. Ümummilli Lider ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən azad olmuşdur.
Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi məhz bu dövrdən başlayaraq reallaşdırılan tədbirlərin nəticəsində baş verdi. Bütün bunlar ulu öndər Heydər Əliyevin gərgin və qətiyyətli səyləri, uzaqgörən və müdrik siyasəti nəticəsində həyata keçirildi və 30 il sonrakı zəfərlərə gedən yolun başlanğıcı oldu.
Məhz bu möhkəm təməlin üzərində prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə tarixi Böyük Zəfər qazanıldı, torpaqlarımız işğaldan azad edildi, Azərbaycan Heydər Əliyevin arzuladığı kimi qüdrətli və qalib dövlətə çevrildi. Zaman 3 oktyabr seçkilərinin tariximizdə yerini və böyük zirvələrə gedən yolun başlanğıcı olduğunu bir daha təsdiq etdi. Prezident İlham Əliyev Ümummilli Liderin əsasını qoyduğu strategiyanı zirvələrə daşımaqla bərabər, həm də bütövlükdə son 200 illik tariximizin qələbə və zəfər salnaməsini yaratdı.
Bu gün Ümummilli Liderin arzusu reallaşıb. Ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin olunub, qüdrətli və qalib Azərbaycan eyni zamanda geopolitik liderliyi ilə böyük tarixi zəfərlərə doğru addımlayır.