Azərbaycan dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bu mənada Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir və dostlarının və tərəfdaşlarının sayı artır. Təsadüfi deyil ki, hazırda ayrı-ayrı dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, ölkəmizlə müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verir. Bu münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşımaqla yanaşı, eyni zamanda bir-birinin maraqlarına, hörmət prinsiplərinə əsaslanır.
Bu münasibətlər kontekstində Azərbaycan və İtaliya arasında əlaqələr son illərdə xüsusi önəm daşıyır, təkcə ikitərəfli əməkdaşlıq nümunəsi deyil, həm də regional və qlobal səviyyədə strateji tərəfdaşlığın uğurlu modelinə çevrilib. İtaliya prezidentinin respublikamıza bu dəfəki səfəri geniş gündəliyə malik olmaqla yanaşı, xüsusi məqamlarla yadda qaldı. Səfər çərçivəsində prezidentlər mühüm müzakirələr aparıblar və mətbuata bəyanatlar veriblər. Hər iki dövlət başçısı ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində maraqlı olduqlarına bir daha xüsusi diqqət çəkiblər. Səsləndirilən bəyanatlarda hər iki ölkənin strateji tərəfdaşlığının tarixi və bugünkü reallıqlar tam əksini tapıb. Prezident İlham Əliyev öz çıxışında xüsusi olaraq vurğulayıb ki, İtaliya-Azərbaycan əlaqələri bu gün çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq. Bəyanatda eyni zamanda qeyd olunub ki, bir-birindən uzaqda yerləşən ölkələr arasındakı münasibətlərin qurulması bizim timsalımızda bir nümunə ola bilər.
Prezident İlham Əliyev italiyalı həmkarı ilə mətbuata birgə bəyanatında bu məqamlara xüsusi diqqət yönəltdi ki, ölkələrimiz arasındakı əlaqələri səciyyələndirən iki strateji tərəfdaşlıq sənədi var: “Birinci sənəd 2015-ci ildə imzalanmışdır. İkinci sənəd - Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanmışdır. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. Qeyd etdiyim kimi, biz tez-tez görüşürük. İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik.”
Azərbaycan-İtaliya əməkdaşlığının ən mühüm sinvollarından biri Trans-Adriatik Qaz Kəməri (TAP) layihəsidir. Prezident İlham Əliyev qeyd etdi ki: “Bu gün Prezident Mattarella ilə söhbət əsnasında onun keçən səfərini xatırladıq. O vaxt TAP layihəsinin icrası məsələsi gündəlikdə idi. Müxtəlif problemli məqamlar mövcud idi və Prezident Mattarellanın səfərdən sonra şəxsən bu məsələyə müdaxilə etməsi, bu məsələnin tənzimlənməsi imkan verdi ki, TAP layihəsi uğurla icra edildi. Bu addım bir daha göstərdi ki, siyasi iradə iqtisadi layihələrin də taleyində həlledici rol oynayır. 2020-ci ildən başlayaraq bu layihə vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilməyə başladı və bu gün Cənub Qaz Dəhlizi 14 ölkəyə enerji resursları çatdırır.”
İtaliya hazırda Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Neft və qaz ixracı sahəsində əldə olunmuş uğurlar yalnız iqtisadi maraqların təminatı deyil, həm də qarşılıqlı etimada əsaslanan siyasi tərəfdaşlığın nəticəsidir. Prezident İlham Əliyev bu məqama diqqət çəkərək qeyd etdi ki, Azərbaycan nefti İtaliya neft balansında birinci, qazı isə ikinci yerdə qərarlaşıb. Bu fakt özü-özlüyündə münasibətlərin miqyasını göstərir.
Bəyanatda vurğulandı ki, artıq iki ölkə arasındakı enerjidən təhsilə doğru əməkdaşlığın yeni üfiqləri açılıb. İkitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri də humanitar əməkdaşlıqdır. İtaliyada keçirilən Azərbaycan mədəniyyəti günləri, sənaye və mədəni layihələr xalqlar arasında əlaqələrin güclənməsinə xidmət edir. Bu zəncirin ən mühüm həlqəsi isə Bakıda İtaliya-Azərbaycan Universitetinin təsis olunmasıdır. Oktyabrın 1-də prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ölkəmizdə rəsmi səfərdə olan prezident Sercio Mattarellanın iştirakı ilə İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpusunun açılışı olub. Bu universitet yalnız müasir biliklərin ötürülməsi üçün platforma deyil, həm də gələcəkdə iki ölkənin xalq diplomatiyasını həyata keçirəcək mütəxəssislərin yetişdirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
Bakı-Roma münasibətləri təkcə ikitərəfli əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda Azərbaycan-Avropa İttifaqı dialoquna da mühüm dəstək verir. İtaliyanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə dəstək verməsi bu münasibətlərin strateji əhəmiyyətini daha da artırır.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan-İtaliya münasibətləri hazırda yeni inkişaf mərhələsini yaşayır və İtaliya prezidenti Sercio Mattarellanın səfəri tərəfdaşlığa əsaslanan əlaqələrimizi daha da möhkəmləndirəcək.