Sentyabrın 27-i Azərbaycanda Anım Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təssis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Bu günlər Azərbaycan xalqı Anım Gününü öz suverənliyini təmin etmiş bir ölkə olaraq qeyd edir.
27 Sentyabr 2020-ci il tarixindən başlayan şanlı və möhtəşəm Zəfər yürüşünün hər bir anı, hər məqamı qəhrəmanlıq dastanıdır. Məlumdur ki, Ermənistanın uzun müddət işğalçı siyasətini davam etdirməsi, beynəlxalq birliyin isə laqeyd, qərəzli, ikili standartlara əsasən yanaşması Azərbaycan dövlətinin və xalqının səbrini tamamilə tükəndirmişdir. Təcavüzkar dövlətin növbəti təxribatından sonra Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası ilə nəticələndi. Bu, eyni zamanda, xalqımızın milli qürurunun, milli ləyaqətinin bərpası oldu. Bu həqiqətlər prezident çıxışlarında da öz əksini tapmış, Müzəffər Ali Baş Komandan tərəfindən dəfələrlə dilə gətirilmişdir. Dövlət başçısının 2021-ci ilin 27 sentyabr tarixində xalqa etdiyi müraciət buna sübutdur. Prezident İlham Əliyev həmin tarixi müraciətində demişdir:
“İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyün bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdm ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfərlərə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu topaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyət ilə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldıraraq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ədalətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq.”
Dövlətimizin qətiyyəti, iqtisadi qüdrəti, müasir ordu quruculuğu Azərbaycan xalqının əzmi, iradəsi, Prezident-xalq birliyi İkinci Qarabağ müharibəsində qələbəmizi təmin edən ən mühüm faktorlar idi. 44 günün hər günü, hər dəqiqəsi, hər saniyəsi qəhrəmanlıq salnaməsi olan şərəfli qələbəmiz xalqımızın bir daha yenilməzliyinin, mətinliyinin, mübarizliyinin başlıca təcəssümü oldu. Azərbaycan xalqı nə qədər böyük, nə qədər vətənpərvər, nə qədər dəmir iradəyə malik xalq olduğunu bütün dünyaya nümayiş etdirdi. Milli həmrəyliyimizin təcəssümü olan bu qələbə tarixdə əbədi qalacaq. Bu qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədəkarlığı artıq dastana çevrilib.
Vətən müharibəsindən sonra xalqımız şanlı qələbənin davamını, Qarabağda seperatçı rejimin və qanunsuz erməni silahlı birləşmələrinin mövcudluğuna son qoyulmasını gözləyir və buna inanırdı. Nəhayət həmin tarixi an yetişdi. 2023-cü il sentybarın 19-da Azərbaycan Silahlı Qüvvələri bölgədə lokal xarakterli anti-terror tədbirlərinə başladı. Bir sutkadan az müddət ərzində düşmən aldığı ağır zərbələrdən sonra silahı yerə qoymağa və Azərbaycan tərəfinin şərtlərini qəbul etməyə razı oldu. Bununla da suverənliyimiz və ərazi bütövlüyümüz tam bərpa edilidi. Azərbaycan ərazisində seperatizmin kökü kəsildi. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri tərk-silah edilərək, ərazilərimizdən çıxarıldı.
Zəfərimizdən bəhs edərkən, qələbənin əsas qəhrəmanı Azərbaycan əsgəri, Azərbaycan zabiti olduğunu dövlət başçısı hər bir çıxışında xüsusi olaraq qeyd edir. 3000-ə yaxın əsgər və zabitlərimiz şəhid olub. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Şəhid ailələri, qazilərimiz daim dövlətin diqqətindədir. Bu Şanlı Qələbəni xalqımıza yaşatmış rəşadətli ordumuzun qəhrəmanlığını Prezident Ali Baş Komandan İlham Əliyev döyüşlərdə igidlik göstərmiş hərbi qulluqçularımızın təltif olunması ilə bağlı sərəncamlar imzalayıb. Bu sərəncamlar əsasında Vətən müharibəsinin on minlərlə iştirakçısı müxtəlif medallarla təltif olunub. Tarixi zəfərimizdən sonra bu Qələbənin əbədiləşdirilməsi istiqamətində atılan adddımlar bu gün də davamlılığı ilə diqqətdədir.
Anım Gününün qeyd olunması, qələbə münasibətilə medal və ordenlərin təsis olunması, Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Əliyevanın diqqəti və qayğısı, xəstəxanalarda, reabilitasiya mərkəzlərində müharibədə xəsarət almış şəxsləri şəxsən ziyarət etmələri, Vətən müharibəsi iştirakçılarına olan ali diqqətin təcəssümüdür.
Vətən yolunda şəhidlik zirvəsinə yüksələn və sağlamlıqlarını itirərək qazi olan qəhrəmanlarımızla qürur duyuruq. Əminliklə söyləmək olar ki, dövlətimizin gücü, qüdrəti, Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasəti, xalqımızın mübariz ruhu-sarsılmaz birliyi Azərbaycanı yeni zəfərlərə aparacaq, yeni zirvələr fəth edəcəyik. Azərbaycan xalqı bundan sonra da müzəffər və qurucu xalq kimi öz adını tarixi yaddaşına silinməz izlərlə həkk edəcək, üçrəngli bayrağımız daim ən yüksək zirvələrdə dalğalanacaq.