2020-ci ildən başlayan şanlı tariximizə prezident İlham Əliyevin qətiyyətli iradəsi, apardığı uğurlu daxili və xarici siyasəti, dönməz mövqeyi sayəsində möhtəşəm hadisələr yazılıb. Azərbaycanın nüfuzunu dünyada möhkəmləndirən, gücünə güc qatan hər bir qalibiyyət və uğur Cənubi Qafqaza sülhü gətirən böyük lider İlham Əliyevin uğurlu siyasəti, gərgin əməyidir. İkinci Qarabağ savaşından dərhal sonra işğaldan azad edilən ərazilərdə başlayan tikinti-quruculuq işləri nəticəsində bərpa edilən və yenidən qurulan hər bir şəhər, kənd Azərbaycanın iqtisadi gücünün bariz nümunəsidir. Aparılan sürətli işlərin nəticəsidir ki, Vətən müharibəsindən iki il ötməmiş Azərbaycan şərəfli tarixinin “Böyük Qayıdış” səhifəsini də açdı. Bu, illərlə gözüyaşlı, doğma yurdundan didərgin düşmüş vətən həsrətlilərinin arzularının gerçəkləşdiyi gün idi. Bu baxımdan prezident İlham Əliyev haqlı olaraq qeyd edir ki, bu torpaqlara qayıdış təkcə fiziki deyil, həm də mənəvi bir dönüşdür. Bu qayıdış Azərbaycan xalqının əzmini, iradəsini və milli birliyini təcəssüm etdirir. Bu torpaqlar artıq əbədi olaraq Azərbaycan xalqına məxsusdur. Burada həyat yenidən canlanır və bu, bizim ortaq zəfərimizin təntənəsidir.
Avqustun 21-də dövlət başçısının Kəlbəcərə səfəri və səfər çərçivəsində sakinlərlə görüş və çıxışı həm “Böyük Qayıdış” Proqramının yeni mərhələsinin başlanğıcı, həm də Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərinin növbəti bariz nümunəsi oldu. Kəlbəcər sakinlərinin doğma yurdlarına qayıdışı isə “Böyük Qayıdış” Proqramının ardıcıl mərhələsi olmaqla yanaşı, Qələbənin 5-ci ildönümündə azad olunmuş ərazilərdə gedən inkişafın, dövlət siyasətinin mərkəzində vətəndaş rifahının dayandığının parlaq göstəricisi oldu. Bütün bunlar bu proseslərin uğurla başa çatacağını, soydaşlarımızın bütünlüklə öz doğma yurd-yuvalarına qayıdacağlarına əminliyi bir daha artırır.
Qalib xalqın qalib liderinin Kəlbəcər şəhərinin sakinləriylə görüşü, onlara mənzillərin açarlarını təqdim etməsi xalqımızın yaddaşında əbədi iz buraxacaq. Kəlbəcərin azad olunmasını siyasi qüdrəti ilə təmin edən prezident İlham Əliyev bu əsrarəngiz yurd yerimizi sürətlə dirçəltmək əzmini ortaya qoyub. Dövlət başçısının Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində inşa olunmuş fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olan zaman sakinlərlə səmimi görüş zamanı səsləndirdiyi fikirlər ölkəmizin inkişafı və işğaldan azad olunmuş torpaqların gələcəyi baxımdan da mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev çıxışı zamanı vurğuladı ki, bu gün Kəlbəcər artıq dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı əzmli xalqdır, öz doğma torpaqlarına bağlıdır və bütün çətinliklərə baxmayaraq biz heç vaxt inamımızı itirmədik, hər birimiz - bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı. Bu gün o cümlədən ona görə tarixi bir gündür ki, ölkəmizin ən böyük rayonu olan Kəlbəcər və onun şəhəri artıq canlanır, buraya həyat qayıdır. Əminəm ki, siz burada rahat yaşayacağsınız. Siz buna layiqsiniz.
Təbii ki, bu əminliyə əsas verən Azərbaycanın qarşıya qoyduğu hər bir hədəfə zamanında nail olmasıdır. Bugünkü reallıqlarımızı düzgün dəyərləndirmək üçün daim keçilən yola nəzər salmağa bir zərurət duyulur. Prezident İlham Əliyev sözügedən görüşdə 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün gerçəkliklərinə diqqət yönəldərək bildirdi ki, bizim gücümüz, xalqımızın iqtidarla bir yerdə olması, hərbi Zəfərimiz, cəmiyyətdəki ovqat, vətənpərvərlik ruhu, bütün bu amillər dünyaya göstərdi ki, hər kəs bizimlə hesablaşmalıdır. Azərbaycan güclü ölkədir. Son 80 ildə dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır. Düşməni kapitulyasiya aktını imzalamağa məcbur edən və eyni zamanda sülhün təminatçısı da Azərbaycandır.
Prezident həmçinin tarixi qələbələrimizə diqqət çəkərək bildirdi ki, 2020-ci ilin 8 noyabrı, 2023-cü ilin 19 sentyabrı şərəfli və tarixi günlərdir. Tarixi zəfərimizdən 2023-cü ilin sentyabrınadək əsas hədəf Azərbaycanın suverenliyini tam bərpa etmək idi. Biz bütün bunlara nail olduq. Artıq həmin vaxtdan Azərbaycan xalqı sülh şəraitində yaşayır və bundan sonra da yaşayacaq. Ermənistan - Azərbaycan münasibətlərinin normallaşması prosesi başa çatıb və imzalanmış sənədlər maraqlarımızı tam təmin edir. Bununla yanaşı dövlət başçısı Vaşinqtonda baş tutan görüşdən söz açaraq bəyan etdi ki, Ermənistanla sülh müqaviləsinin müəllifi də Azərbaycandır, hazırlanan sənədlərin bəndlərində Azərbaycanın mövqeyi əsas götürülüb və məhz bu mövqe bölgədə sabitliyin və davamlı sülhün bərqərar olmasında həlledici rol oynayıb.
Dövlət başçısı Kəlbəcər şəhərinin sakinləri ilə görüşdə bu çağırışı da etdi ki, keçmişimizi heç vaxt unutmamalıyıq və ayıq olmalıyıq. Bu gün bunu yenə də deyirəm, biz qalib xalq kimi bəyan edirik. Biz o pisliyi, vəhşiliyi unutmayacağıq. Ancaq biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik. Əgər bizə qarşı hər hansı təhlükə çıxarsa, onda yenə də dəmir yumruğumuzu hər kəs görəcək. Bu gün bu gözəl binaların ətrafında görüşümüz də çox böyük rəmzi məna daşıyır. Onlar buranı dağıdıblar, biz isə qurub yaratmışıq.
Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan qarşıya qoyduğu hədəfləri uğurla yerinə yetirir, bu yolda inamla irəliləyir. Perspektivdə isə Böyük Qayıdış layihəsi çərçivəsində azad olunmuş ərazilərimiz dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək.