Azərbaycan Prezidenti cənab İlham Əliyevin 7-8 avqust tarixlərində Vaşinqtona etdiyi işgüzar səfər Azərbaycanın siyasi və diplomatiya tarixinə qızıl hərflərlə yazıldı. Prezident Donald Trampın dəvəti ilə reallaşan bu səfər Azərbaycan – ABŞ münasibətlərini yeni mərhələyə yüksəldilməsi və Azərbaycanla Ermənistan arasındakı sülh gündəliyinin hüquqi müstəvidə daha da möhkəmləndirilməsi, sülh sazişinin imzalanması istiqamətində əsas maneələrin aradan qaldırılması baxımından mühüm razılaşmaların əldə edilməsi ilə əlamətdar oldu.
Xüsusi qeyd etmək yerinə düşər ki, ötən 5 ilə yaxın dövr dövlətçiliyimizi və müstəqilliyimizi şərəfləndirən çoxsaylı hadisələrlə zəngindir. Müzəffər liderimizin uzaqgörən və qətiyyətli siyasətinin nəticəsi olaraq torpaqlarımızın işğaldan azad olunması, Qarabağda erməni separatizminə son qoyulması, bütün ərazilərimiz üzərində milli suverenliyimizin tam təmin edilməsi tariximizin qürur doğuran səhifələridir. Çoxəsirlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsi əsasında atılan addımlar sayəsində bütün bu ugurlarını günbəgün möhtəşəm zəfərlərlə davam etdirir. Ölkəmiz öz strateji hədəflərini ardıcıl olaraq reallaşdırır, dövlətimizin qüdrəti mütəmadi olaraq artır.Vaşinqtonda Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması ilə bağlı atılan nəticəyönümlü addımlar, sülh sazişinin paraflanması, Birgə Bəyannamənin imzalanması və dünyanın ən qüdrətli dövlətinin bu prosesə həm dəstək verməsi, həm də şahidlik etməsi Prezident İlham Əliyevin ölkəmizə qazandırdığı növbəti tarixi və diplomatik nəaliyyətdir. Göründüyü kimi tarixi ədaləti haqq yolu ilə bərpa edən Müzəffər Ali Baş Komandan qətiyyətli siyasəti ilə diplomatik müstəvidə də ölkəmizə qələbələr qazandırır, vətən müharibəsində yaratdığı reallıqların qlobal səviyyədə tanınmasına nail olur, regionda sülhü bərqərar edir. “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” – deyən cənab prezident özünün siyasi erudisiyası ilə Azərbaycanı milli hədəflərinə laiyqincə çatdırır. Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri bütün tərəflləri ilə göstərdi ki, dövlətimizin başçısı Azərbaycanın milli maraqlarını və mənafelərini uğurla təmin edir.
Səfərin ən vacib siyasi-tarixi əhəmiyyəti isə öz ərazi bütövlüyünü və dövlət suverenliyini təkbaşına bərpa edən Azərbaycan Prezidentinin qalib dövlətin lideri kimi Ağ Evdə böyük hörmət və diqqətlə qəbul edilməsi idi. Vaşinqtonda Donald Tramp tərəfindən yüksək səviyyədə qarşılanma, olduqca səmimi ortamda keçirilən görüş, dövlətimizin başçısına Ağ Evin rəmzi açarının təqdim olunması Prezident İlham Əliyevin qlobal səviyyədə ehtiram göstərilən siyasi lider olduğunu bir daha nümayiş etdirdi.
Səfər çərçivəsində Prezident Donald Trampın vasitəçiliyi və şahidliyi ilə imzalanan Azərbaycan Respublikasının prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ-nin Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair Birgə Bəyannamə əsrin sülh manifesti kimi dünya siyasi tarixinə yazıldı. Bəyannamə Azərbaycanın uzun illər ərzində irəli sürdüyü sülh təşəbbüsünün beynəlxalq səviyyədə geniş dəstəklə qarşılandığını və rəsmən qəbul olundğunu nümayiş etdirir. Sözügedən sənəd həm regionda sülhün bərqərar olunması üçün vacib siyasi çərçivədir, həm də gələcək qarşılıqlı anlaşmanın əsasını təşkil edir. Həmçinin sənəddə “Azərbaycan və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması da mühüm dönüş nöqtəsi kimi əksini tapıb. Sənəd Cənubi Qafqazda yeni rifah və dayanıqlı sülh arxitekturasını qurmaq üçün möhkəm etimad təməli, etibar strategiyası kimi qəbul oluna bilər.
Dövlətimizin başçısının Prezident Donald Trampın dəvəti ilə ABŞ-yə işgüzar səfəri təbii ki Azərbaycan - Amerika münasibətlərində də yeni səhifə açdı. Baxmayaraq ki ABŞ və Azərbaycan prezidentləri arasında keçirilən bu görüş ilk görüş idi. Lakin nəticəyönümlü məqamlarla yadda qaldı. Prezident İlham Əliyevin qeyd etdyi kimi ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlər yeni pilləyə qalxır və iki ölkə arasında artıq strateji tərafdaşlıq başlayır. Azərbaycan üçün bu, tarixi nəaliyyətdir. Çünki starteji tərafdaşlıq kontekstində dünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulur. Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində bu barədə danışan prezident İlham Əliyev Amerika - Azərbaycan münasibətlərində yeni səhifə açıldığını bəyan etdi və qeyd etdi ki, “Mən səfərin nəticələrini yüksək qiymətləndirirəm. İlk növbədə, prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan - Amerika münaibətləri üçün çox önəmli bir məsələdir. Deyə bilərəm ki, bu gün Amerika - Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərafdaşlıq səhifəsi”.
Bütövlükdə Prezident İlham Əliyevin Vaşinqtona səfərinin yekunları Azərbaycan – ABŞ münasibətlərinin keyfiyyətcə yeni dövrə qədəm qoymasına xidmət edən nüanslarla zəngin oldu. Ona görə də səfərin nəticələri həm də Azərbaycanın xarici siyasətinin mühüm uğurlarıdır.
Prezident İlham Əliyev səfərin hər bir uğurunu tarixi hadisə adlandıraraq bildirib ki: “Təbii ki, 907-ci düzəlişin ləğv olunması hesab edirəm ki tarixi hadisədir. Artıq strateji əməkdaşlıq formatına başlamağımız da hesab edirəm ki, tarixi hadisədir. Ona görə də mən səfərin nəticələrindən çox məmnunam və əminəm ki, bu səfərin konkret nəticələri yaxın gələcəkdə özünü büruzə verəcək”.
Bütövlükdə Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfərinin nəticələri Azərbaycan diplomatiyasının növbəti tarixi uguru və qələbəsidir. Azərbaycanın Zəfər diplomatiyasının yeni səhifəsi kimi qeyd olunan bu hadisə dövlətimizin və regionun gələcək inkişafına mühüm töhfə verəcək. Bu ugur ölkəmizin beynəlxalq arenada mövqeyini gücləndirməklə yanaşı, həm də regionda sülhün və sabitliyin təmin edilməsində əsaslı rol oynayacaqdır.