1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü-xalqımızın tarixi-mədəni yaddaşının, mənəvi irsinin və milli varlığının rəmzi olan ana dilinə hörmətin, sevginin və sədaqətin ifadə olunduğu xüsusi bir gündür. Bu əlamətdar tarix 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin müdrik siyasi iradəsi ilə rəsmiləşdirilərək, ölkəmizdə özünüdərk və dövlətçilik ruhunun daha da möhkəmləndirilməsinə xidmət etmişdir.
Bu gün qalib, bütövləşən, zəfər ruhu ilə addımlayan Azərbaycan hər bir əlamətdar tarixi, günü Qələbəmizin, suverenliyimizin bərpasının yaratdığı yeni reallıqlar fonunda qeyd edir. Bu baxımdan müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin hər bir qərarı, imzaladığı hər bir fərman və sərəncam bu günümüzə və gələcəyimizə hesablanmış mühüm addımların əsas tərkib hissəsidir.
Ulu Öndərin dil siyasəti onun dövlət quruculuğu siyasətinin əsas tərkib hissələrindən olmuşdur. Hələ sovetlər dövründə Ümummilli Lider Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri olan sosial iqtisadi əsasları,milli kadr potensialını formalaşdırmaqla yanaşı, Azərbaycan dilinin inkişafına da xüsusi diqqət yetirmişdir. Həmin dönəmdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq böyük cəsarət tələb edirdi. Hətta ayrı-ayrı respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdən çəkinirdilər. Bütün bunlara baxmayaraq o vaxt Azərbaycanın rəhbəri olan Heydər Əliyev ana dili məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə ifadə edirdi. 1977-ci ildə SSRİ-nin yeni konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərdi. 1978-ci il aprelin 2-də IX çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alındı. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirirdi. Ulu Öndərin bu tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu.
Müstəqillik illərində də Ulu Öndər Heydər Əliyev tərəfindən milli dilimizin qorunması istiqamətində tarixi əhəmiyyət kəsb edən qərarlar qəbul edildi. “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir” – deyən Ümummilli Lider ana dili məsələsinə yeni səviyyədə - müstəqil dövlət quruculuğunun tələb etdiyi səviyyədə yanaşmağın nümunəsini yaratdı. 1995-ci ildə qəbul edilən milli konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edildi. Ulu Öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı müasir dövrün tələblərinə uyğun dil siyasətinin əsasını qoydu. Bu fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması, dövlət dilinin tətbiqi və qorunması sahəsində ardıcıl və sistemli fəaliyyətin başlanğıcı oldu. Fərman həmçinin dövlət idarəçiliyində, təhsil sistemində və informasiya resurslarında Azərbaycan dilinin üstünlüyünü təmin etdi.
Bu gün Ulu Öndərin siyasi kursunu layiqincə və qətiyyətlə davam etdirən prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ana dilimizə dövlət səviyyəsində diqqət və qayğı daha da artmışdır. Əlifbamızın latın qrafikasına keçidi ilə bağlı qəbul olunmuş mühüm qərarlar, Azərbaycan dilində ensiklopedik nəşrlərin həyata keçirilməsi, dünya ədəbiyyatının incilərinin ana dilimizə tərcüməsi, dilimizin saflığının qorunması məqsədi ilə görülən tədbirlər dövlətimizin bu sahədə tutarlı mövqeyinin parlaqnümunəsidir. Ana dilimizə hər zaman böyük sevgi bəsləyən, dil mədəniyyətinin zənginləşməsinə daim xüsusi diqqət və qayğı göstərən ölkə prezidenti öz çıxışlarında qeyd etmişdir: “Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyan bizim ana dilimizdir, Azərbaycan dilidir. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir.”
Göründüyü kimi, ana dilimizin qorunması və zənginləşməsi ilə bağlı görülən işlər tariximizdə ciddi bir istisnalıq təşkil edir və hər bir soydaşımız üçün əbədi bir örnəkdir.