Xəbər lenti
Dəmir yumruq » Manşet » Qarabağdan sülh və əməkdaşlıq mesajı
Manşet / Siyasət / Dün, 17:07

Qarabağdan sülh və əməkdaşlıq mesajı

 

İyulun 19-da Xankəndidə “Rəqəmsal Keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumu bu dəfə də iştirakçıların sayı və nüfuzuna, əhatə etdiyi mövzulara görə əhəmiyyətli məqamlarla yadda qaldı. Forumda 52 ölkədən 140 qonağın, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrinin iştirakı onun əhatə dairəsinin hər il daha da genişləndiyini göstərir. Forumun məhz Xankəndidə keçirilməsi həm rəmzi, həm də siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Davamlı olaraq informasiya hücumlarına məruz qalan Azərbaycan indi əsl gerçəkləri birbaşa Şuşadan, Xankəndidən, Laçından – uzun illər erməni yalanlarının girovuna çevrilmiş şəhərlərimizdən dünyaya çatdırılmaqla dezinformasiya kampaniyalarının qarşısını müvəffəqiyyətlə alır.


Milli mətbuatımızın 150 illiyi ərəfəsində Xankəndidə keçirilən bu böyük mediaforum informasiya dayanıqlığı, media savadlılığı, dezinformasiyaya qarşı mübarizə və süni intellektin mediada tətbiqi kimi mühüm məsələlərin müzakirəsi baxımından da kifayət qədər faydalı nəticələrlə yadda qaldı. Bu baxımdan qlobal çağırışlara cavab olaraq informasiya məkanı üçün süni intellekt və rəqəmsal texnalogiyaların yeni imkanlarını diqqət mərkəzinə gətirməyimiz informasiya təhlükəsizliyinin təmin olunması, milli media inkişafı və rəqəmsal suverenliyin qorunması istiqamətində vacib addımlar atmağımızı təsdiq edir.


Ənənəvi keçirilən Şuşa Qlobal Media Forumu digər tərəfdən həqiqətlərimizin təbliğində mühüm platformadır. Bu beynəlxalq tədbir ilk növbədə Azərbaycanın kommunikasiya strategiyasının gücləndirilməsi məqsədini daşıyır. Forumun işğalan azad edilmiş ərazilərdə keçirilməsi təsadüfi deyil. Bununla ölkəmiz postmünaqişə dövründə tarixi reallıqların düzgün təqdimatına nail olur. Keçirilən forumlar işğaldan azad edilmiş ərazilərin o dövrdə yaşadığı durumu, indiki vəziyyətini bir daha göz önündə canlandırmağa imkan verir. Azərbaycan dövlətinin qısa zaman kəsiyində gördüyü misilsiz işlər bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Və sözsüz ki, tədbirə özəllik qatan əsas faktor prezident İlham Əliyevin orada iştirakı və ona ünvanlanan sualların tutarlı arqumentlərlə cavablandırmasıdır. Forum iştirakçılarının çoxsaylı suallarını cavablandıran prezident İlham Əliyev öncə diqqəti Qlobal Media Forumunun ənənə halını almasına yönəldərək bildirdi ki, bu ənənə davam edəcək, vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Burada söhbət təkcə mediadan deyil, həm də qlobal gündəlikdən gedir.


Forum çərçivəsində diqqət göstərilən mühüm hadisələrdən biri kimi ötən ilin noyabrında Azərbaycanın ev sahibliyi etdiyi COP 29 iqlim konfransı oldu. Dövlət başçısı İlham Əliyev əsaslı şəkildə Azərbaycanın Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Yaşıl gündəliyimizin geniş olması ilə yanaşı, bu reallıq da xüsusi qeyd edildi ki, neft və qaz olmadan inkişafı, gələcəyi planlaşdırmaq, vətəndaşlarımız üçün lazımi şəraitləri təmin etmək mümkün olmayacaq. Azərbaycanın yaşıl gündəliyi, müxtəlif tərəflər arasında anlaşma yaratmaq kimi məsələlərdə göstərdiyi səylər BMT və bir çox beynəlxalq tərəfdaşlar tərəfindən yüksək dəyərləndirilir. COP 29 bunun bariz nümunəsi oldu. İqlim konfransı bir daha Azərbaycanın çoxtərəfliliyin tərəfdarı olduğunu göstərdi.


Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinə dair suallara prezident İlham Əliyevin cavabı çox dəqiq və konkret oldu. Dövlət başçısı bildirdi ki, yekun sülhə nail olmaq üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-nın Minsk Qrupunun ləğvi vacibdir. Cənubi Qafqazın əsrlər boyu qan tökülmə, toqquşma, işğal məkanı olduğunu, Qafqaz xalqlarının çox əziyyət çəkdiyini xatırladan dövlət başçımız qeyd etdi ki, bizə sabitlik, təhlükəsizlik lazımdır. “Ona görə də kifayətdir. Biz artıq sülh şəraitində yaşamalıyıq. Cənubi Qafqaz sabit məkan olacaqdır.”


Prezident İlham Əliyev ötən ilin sonunda AZAL-a məxsus təyyarənin Rusiya səmasında vurulmasından 7 ay keçməsinə baxmayaraq qarşı tərəfin hələ də heç bir məntiqli açıqlama verməməsini təəssüflə xatırladaraq Azərbaycanın prinsipial mövqeyindən geri dönməyəcəyini də qeyd etdi: “Bizim üçün hər şey aydındır, biz bilirik nə baş verib. Bu o demək deyil ki, biz bunu unudacağıq. Xeyr, biz bunu unuda bilmərik. Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik.


Prezident İlham Əliyev forumda çıxışı zamanı ABŞ prezidenti Donald Trampa Azərbaycanın və Ermənistanın sülhə doğru atdığı addımların təşviqində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi. İlham Əliyev ABŞ prezidentinin Cənubi Qafqazdaki prosesləri diqqət mərkəzində saxlamasını yüksək qiymətləndirdi: “Azərbaycan və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ABŞ prezidenti Donald Trampa çox minnətdarıq. O, beynəlxalq təhlükəsizlik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də özünün diqqət mərkəzində saxlayır. Əlbəttə onun qələbəsi bir çox səbəbdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton batağlığı”na gəldikdə, onu dibinə qədər qurutsun.”


Prezident İlham Əliyev tarixi Zəfərə, suverenliyimizin bərpasına qədər keçilən yolu təhlil əsasında bir daha bu çağırışı etdi ki, heç vaxt təslim olmamaq və heç vaxt ərazi bütövlüyünün pozulması ilə barışmamaq lazımdır. Bizim Qələbəmiz ədalətli və tam qələbədir. Ədalət var, sadəcə, ona nail olmaq lazımdır. Bu ədaləti əldə etmək üçün hər gün işləmək, hər gün qələbəyə yaxınlaşmaq lazımdır. Əgər son qərar səndən asılıdırsa, həyatını bu işə həsr etməlisən. Yalnız bu halda bu, baş verə bilər.


Prezident İlham Əliyev forumda dünya siyasi liderləri üçün də maraq doğuran dəyərli fikirlər də səsləndirdi, yürütdüyü siyasətin təməl prinsiplərinin xalqına həmişə həqiqəti söyləmək, obyektiv və dürüst olmaq, istənilən şəraitdə beynəlxalq hüquqa əməl etmək kimi prinsiplərini bəyan etdi.


Azərbaycan Prezidentinin Xankəndi mesajlarından biri də “Böyük Qayıdış”ın təntənəsi ilə bağlı oldu. Dövlət başçısının vurğuladığı kimi Qarabağ və Şərqi Zəngəzurda nəhəng infrastruktur və məskunlaşma planları nəzərdə tutulduğundan da sürətlə aparılır. Bu isə onu göstərir ki, Ali Baş Komandan “Qarabağ, Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” - deyə verdiyi vədinin böyük hissəsini yerinə yetirib.


 

 

 

 

 


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.