Dəmir yumruq » Manşet » Bakıda Azərbaycanla Ukrayna arasında mühüm iclas...
Manşet / Siyasət / Dün, 16:29

Bakıda Azərbaycanla Ukrayna arasında mühüm iclas...

 

Bakıda Azərbaycan Respublikası və Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclası keçirilib.
 
Demiryumruq.az xəbər verir ki, iclasdan əvvəl komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Ukraynanın energetika naziri German Qaluşçenko arasında görüş olub.
 
Görüşdə ikitərəfli münasibətlərin qarşılıqlı etimada və səmərəli tərəfdaşlığa əsaslandığı vurğulanıb. Azərbaycanın Ukraynaya davamlı humanitar dəstəyinə görə minnətdarlıq ifadə edilib. Müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.
 
Hökumətlərarası Komissiyanın hibrid formatda keçirilən iclasında iki ölkə arasında siyasi, iqtisadi, ticarət və sənaye, enerji, nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları, elm və təhsil, mədəniyyət sahələrində əməkdaşlığın cari vəziyyəti və potensial imkanlar müzakirə edilib. Komissiyanın həmsədri, energetika naziri Pərviz Şahbazov bildirib ki, Komissiya çərçivəsində Fəaliyyət Planının qəbulu ölkələr arasında əməkdaşlığı yeni mərhələyə yüksəldəcək, enerji, faydalı qazıntılar, kənd təsərrüfatı və digər perspektivli sahələrdə, həmçinin sənaye parkları və azad iqtisadi zonalarda mövcud imkanlardan geniş istifadəni təşviq edəcək.
 
Komissiyanın Ukrayna tərəfindən həmsədri, energetika naziri German Qaluşçenko isə deyib ki, ölkələrimizi güclü tarixi əlaqələr, qarşılıqlı hörmət, regional əməkdaşlıq və davamlı inkişaf üçün ortaq baxış birləşdirir.
 
“Ukrayna Azərbaycan ilə strateji tərəfdaşlığa böyük əhəmiyyət verir. Azərbaycan Ukraynanı enerji avadanlıqları ilə dəstəkləyən ilk ölkələrdən biri olub və enerji sahəsində göstərilən bu dəstək bizim üçün həyati rol oynayıb. İnanırıq ki, bu iclas ölkələrimiz arasında uzunmüddətli tərəfdaşlığın əsaslarını gücləndirmək üçün yeni birgə təşəbbüsləri müəyyən etməyə imkan verəcək”, - deyə nazir əlavə edib.
 
Müzakirələrdən sonra Hökumətlərarası Komissiyanın iclasının yekunlarına dair Protokol imzalanıb. Komissiyanın 14-cü iclasının Kyiv şəhərində keçirilməsinə qərar verilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.