Azərbaycanın dünyanın əksər dövlətləri ilə həm siyasi, həm də iqtisadi əlaqələri genişlənməkdədir. Bu, qarşılıqlı inama, etibara, etimada və ehtirama əsaslanır. Azərbaycan dövləti neçə-neçə beynəlxalq dünyəvi təşkilatın üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) da belə təşkilatlardan biridir.
İyul ayının 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirildi. Bu tədbir iqtisadi əlaqələr formatında siyası əlaqələrin möhkəmləndirilməsinə yönəldilmiş tədbir kimi xarakterizə edilməlidir. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, ECO-nun Zirvə görüşü Azərbaycanda üçüncü dəfə keçirilir. Dövlət başçımız bugünkü Zirvə görüşününün Qarabağda, Xankəndi şəhərində keçirilməsini Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasına ehtiram kimi dəyərləndirdi və 2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünün bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünün məntiqi davamı kimi xarakterizə etdi.
İşğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Ermənistanın ərazimizin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxladığını, etnik təmizləmə həyata keçirdiyini, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin saldığını xatırladan dövlət başçımız dedi: "İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdir. 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə olunub. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi".
Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi keçirildiyini, Şuşada ECO-nun Biznes Forumunun, Ağdamda Gənclər Forumunun, Laçında Qadınlar Forumunun təşkil olunduğunu, ECO-nun Azərbaycanda Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasını təmin etmək istiqamətində işlərin davam etdiyini xatırladan Prezident İlham Əliyev dedi ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizdən istifadə edir.
Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü beynəlxalq iqtisadi əməkdaşlığın genişlənməsində tarixi hadisə oldu.
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı