Dəmir yumruq » Manşet » 107 yaşlı Azərbaycan ordusu
Manşet / Siyasət / Bugün, 16:41

107 yaşlı Azərbaycan ordusu

 

107 il öncə Azərbaycanın dövlətçilik tarixində ən mühüm hadisələrdən biri olan Silahlı Qüvvələrin yaranması baş verdi. Hərb tariximizin şanlı səhifəsi olan 26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk nizami hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım oldu.


AXC dövründə Azərbaycan Silahlı Qüvvələrinin təsis edilməsi ilə bağlı qəbul edilmiş qərarlar və bu istiqamətdə həyata keçirilən bir çox tədbirlər hazırki ordumuzun formalaşmasında təməl oldu. Lakin 1920-ci il 28 aprel tarixində sovet imperiyasının təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Bundan sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı.


Yalnız milli ordu quruculuğunda əsaslı dönüş Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində yeni mərhələyə qədəm qoydu. İlk mərhələdə hərbi kadrların hazırlanması bu prosesin aparıcı istiqamətini təşkil etdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.


Ulu Öndər Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Cəmşid Naxçıvanski adına hərbi məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu Öndərin ordu quruculuğu sahəsində həyata keçirdiyi mütərəqqi addımlar sonrakı mərhələlərdə də öz uğurlu nəticələrini göstərdi. Həyata keçirilən uğurlu siyasət nəticəsində silahlı qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə böyük diqqət yetirildi. Ordu quruculuğu sahəsində genişmiqyaslı islahatlar nəticəsində peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdı.


Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi ön xəttə səfərlər edir, qəhrəman döyüşçülərimizlə görüşərək onları döyüşlərə ruhlandırırdı. Beləliklə Ümummilli Liderin rəhbərliyi dövründə ölkədə milli hərbi kadr hazırlığı, hərb sənətinin gücləndirilməsi, zəngin hərb tarixinin öyrənilməsi, gənclərin qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsi məsələləri hər zaman diqqət mərkəzində saxlanıldı. Ardıcıl və sistemli görülən işlər sayəsində silahlı qüvvələrimiz regionun ən güclü və mütəşəkkil ordusuna çevrildi.


Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.


Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.


Ulu Öndərin bütün istiqamətlərdə siyasi kursunu uğurla davam və inkişaf etdirən prezident İlham Əliyev ordu quruculuğunu da daim diqqət mərkəzində saxlayıb.


Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən ərazi bütövlüyünün bərpa olunması məsələsini dövlət siyasətinin başlıca vəzifəsi kimi diqqət mərkəzində saxlayıb. Prezident İlham Əliyev diplomatik, hüquqi, siyasi yollarla yanaşı, lazım gələrsə hərbi yolla ərazi bütövlüyümüzün bərpasını təmin etmək üçün bu sahələrin hər birinə ayrı-ayrılıqda çox böyük əhəmiyyət verib və görülən işlərə xüsusi nəzarət edib.


Milli ordumuzun bu müddətdə keçdiyi döyüş yolunun zirvəsi sözsüz ki, Vətən müharibəsində qazanılmış möhtəşəm qələbə - Qarabağ Zəfəridir. Dönə-dönə vurğulandığı kimi xalqımızın çoxəsrlik tarixində buna bənzər Qələbə olmayıb. Bu bənzərsiz Qələbə vətən hissini bütün duyğulardan üstün tutan milli ordumuzun əsgər və zabitlərinin bu şərəfli yolda ölümdən belə çəkinmədiklərini, qəhrəmanlıq salnaməsi yaratdıqlarını əbədi olaraq yaddaşlara həkk etdi. Eyni zamanda 2023-cü ilin sentyabr ayında Qarabağda həyata keçirilən antiterror tədbirləri göstərdi ki, Azərbaycan əsgərinin aşa bilmədiyi sədd yoxdur, bu Ordu ildən-ilə güclənir və daha da mütəşəkkilləşir. Şanlı zəfərlərə imza atan rəşadətli Azərbaycan ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazandığı bu qələbələr təkcə Azərbaycan tarixinin deyil, dünya hərb tarixinin qəhrəmanlıq səlnaməsini təşkil edir.


İftixarla qeyd etmək yerinə düşər ki, bugünkü qüdrətli Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanımızın birbaşa müəllifliyi ilə qalib ordu statusunu alıb. İndi Azərbaycan qalib dövlət kimi tarixinin ən şanlı və şərəfli dövrünü yaşayır. Xüsusilə bu il “Konstitusiya və Suverenlik İli” çərçivəsində qüdrətli Azərbaycan dövləti 26 iyun Silahlı Qüvvələr Gününü qalib, Müzəffər Ordunun Günü kimi qürurla qeyd edir.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.