Dəmir yumruq » Manşet » Azərbaycan tarixində təhsillə bağlı ilk yaşandı! - Siyahı
Manşet / Cəmiyyət / Bugün, 07:56

Azərbaycan tarixində təhsillə bağlı ilk yaşandı! - Siyahı

 

Ölkə tarixində ilk dəfə 6 universitetimiz “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-ə daxil olub. Ümumi olaraq, sözügedən reytinqdə Azərbaycan universitetlərinin sayı 9-a yüksəlib.
 
Demiryumruq. Az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 3 universitetimiz mövqeyini ötən ilə nisbətən əhəmiyyətli dərəcədə gücləndirib. 6 universitetimiz isə ilk dəfə sözügedən qlobal reytinqə daxil olub.
 
Ölkə üzrə ən yüksək nəticə əldə edən Bakı Dövlət Universiteti 300 pilləyə yaxın irəliləyərək 688-ci mövqeyə yüksəlib. Azərbaycan Dövlət İqtisad Universiteti (801-850) və  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (851-900) mövqeyi ötən ilə nisbətən əhəmiyyətli dərəcədə yüksəlib.  
 
İlk dəfə olaraq Azərbaycan Texniki Universiteti (851-900), Bakı Mühəndislik Universiteti (901-950) və Xəzər Universiteti (951-1000) “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-də yer alır. 
 
Azərbaycan Memarlıq və İnşaat Universiteti (1001-1200), Sumqayıt Dövlət Universiteti (1001-1200) və ADA Universiteti (1201-1400 ) də sözügedən qlobal reytinqə ilk dəfə daxil olub.
 
Sözügedən reytinqə yeni daxil olan universitetlərin sayına görə Azərbaycan təmsil olunan 106 ölkə arasında 2-ci sıradadır!
 
“Akademik nüfuz”, “İşəgötürənlər arasında nüfuz”, “Müəllim-tələbə nisbəti”, “Əcnəbi müəllim payı”, “Əcnəbi tələbə payı” və “Məşğulluq nəticələri” indikatorları üzrə Azərbaycan universitetlərinin göstəricilərində müsbət dinamika müşahidə olunur.
 
Qeyd edək ki, “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə nəticələrinə görə Azərbaycan Cənubi Qafqaz regionunda liderdir. Azərbaycandan reytinqə daxil olan universitetlərin sayı digər Cənubi Qafqaz ölkələrindən reytinqə daxil olan universitetlərin toplam sayından 3 dəfə çoxdur.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.