Dəmir yumruq » Manşet » Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi
Manşet / Siyasət / Dün, 17:37

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

 

2021-ci ilin 15 iyun tarixi yalız Azərbaycanın siyasi təqvimində deyil, bütövlükdə Türk dünyasınn inteqrasiya xəritəsində dönüş nöqtəsi kimi qeyd olunur.


Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan qardaş Türkiyə dövləti ilə münasibətlərin möhkəmləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticari, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyatı qurumların rəhbərlərinin qarşılıqlı səfərləri, keçirilən görüşlər əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Bütün bunlar ölkələrimiz arasında strateji və tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə çatmasına səbəb olub.


Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib arasındakı dostluq, qardaşlıq, səmimi münasibətlər sayəsində bu əlaqələr ən yüksək mərhələyə çatıb. Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fikirləri bu tarixi qardaşlığın mahiyyətini açıq şəkildə ifadə edir: “Mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda biz – iki qardaş ölkə öz siyasətimizlə bu birliyi möhkəmləndiririk.


Bəyannamədə xalqlarımızın böyük liderləri M.K.Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.


2021-ci ilin iyunun 15-də Şuşada imzalanan Bəyannamə eyni zamanda tarixi Qələbəmizi həzm edə bilməyən bir çox qüvvələr üçün birlik mesajı olaraq nümayiş olundu. İki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan Bəyannamə müttəfiqlik sənədi və geostrateji əhəmiyyət daşımaqla, həmçinin dünyada söz və nüfuz sahibi kimi iki qardaş, dost ölkənin mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Tariximizdə ilk dəfə olaraq Azərbaycan liderinin digər dövlətin başçısını Qarabağda qarşılaması tarixi yurd yerimiz olan Şuşa şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması mühüm tarixi hadisə olaraq yaddaşlara həkk olundu.


Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının tarixində və taleyində böyük əhəmiyyət kəsb edən hadisə olan Qurtuluş Gününə - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Bəyannamə tərəflərin öz istiqlalını və ərazi bütövlüyünü eyni dərəcədə yüksək və toxunulmaz olaraq dəyərləndirmək baxımından yüz illik siyasi tarixin əvəzi olunmayan müqaviləsidir. Şuşa Bəyannaməsi Türkiyə ilə münasibətlərin real ittifaq halında ifadəsi ilə yanaşı, həm də Türk dünyasının birliyi üçün də müstəsna əhəmiyyətə malik bir tarixi hadisədir.


100 ildən sonra, 2021-ci ildə azad edilmiş Şuşada imzalanmış Bəyannamə bir əsrlik tarixi mərhələnin tamamlandığını və yeni mərhələnin başlandığını göstərir.


Bəyannamənin ildönümündə keçirilən beynəlxalq tədbirlər - 2022-ci ildə “Qafqaz və region üçün sülh və sabitlik”, 2023-cü ildə “Qurtuluşdan Zəfərə”, həmçinin  2024-cü ildə “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfranslar bu sənədin yalnız hüquqi deyil, həm də siyasi simvolik rəmzə çevrildiyini göstərir.


Şuşada başlayan bu müttəfiqlik tarixdən gələcəyə uzanan strateji yol xəritəsi olmaqla yanaşı, həm də siyasi iradənin, milli yaddaşın qələbəsidir.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.