Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri çağdaş tariximizə qızıl hərflərlə yazılmış 15 iyun – Milli Qurtuluş Günüdür. Müasir tariximizin ən şanlı səhifələrindən olan bu əlamətdar gün xalqımızın nicatına doğru gedən yolun başlanğıcı olmaqla yanaşı, eyni zamanda bugünkü zəfərlərimizin başlıca təməlidir. Bu şərəfli tarixin müəllifi isə sözsüz ki, xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevdir.
Bəllidir ki, XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa müddətdən sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı, gərginləşmiş xaos və anarxiyanın tüğyan etməsi, işğal faktoru respublikanı çox ciddi faciəvi duruma sürüklədi. Həmin dövr 1991-93-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Mövcud vəziyyət həmçinin vətəndaş müharibəsi dərəcəsinə qədər yüksələn qarşıdurmaya gətirib çıxararaq, nəinki,dövlət müstəqilliyimizi hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı.
Təbii ki, bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan rəhbər şəxslərin əlində olması ilə birbaşa bağlı idi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtki iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi:
“Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük zəngin sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə belə bəzi dairələri qane etmirdi. Digər tərəfdən isə Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı.”
Belə bir vəziyyətdə isə xalqın qurtuluşu üçün yeganə ümid və pənah yeri məhz Ümummilli Lider Heydər Əliyevə bağlı idi. Əslində bu, bütün xalqın ürəyinin səsi idi. Bununla xalq Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıdır. Həmin gün sözün həqiqi mənasında ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa dair mühüm addım atıldı. Xalqımızı nicata aparan yol məhz həmin hadisə ilə başladı. Həmin il iyunun 15-də isə Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi əsl Qurtuluş missiyasının başlanğıcı oldu.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyən Ümummilli Lider tək sözdə deyil, bütün əməlləri ilə xalqımıza ləyaqətlə xidmətin nümunəsində bütün bunları şərəfli missiyası ilə sübut etdi. Ulu Öndər eyni zamanda yenilməz iradəsi, uzaqgörənliyi, qətiyyəti, fədakarlığı, vətənpərvərliyi ilə bütün dünya azərbaycanlılarının liderinə çevrilərək xatirələrdə əbədiləşdi.
Ölkəmizin inkişaf strategiyasının birmənalı olaraq müəllifi olan Heydər Əliyev həmçinin çoxşaxəli və zəngin fəaliyyəti ilə yanaşı, misilsiz insani keyfiyyətləri ilə də zəmanəmizin əbədiyaşar qəhrəmanına çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsinin müstəqilliyinin təminatçısı kimi qəbul edir və sözsüz ki, bu irsin, bu siyasətin alternativi yoxdur. Ona görə də qədirbilən xalqımız Ulu Öndərin xalq qarşısında tarixi xidmətlərini unutmur, onun xatirəsini qəlbində əbədi yaşadır.
Bugükü müstəqil, qüdrətli Azərbaycan məhz Ulu Öndərin başlıca amalı, hədəfi olan və görmək istədiyi güclü Azərbaycandır. Sözsüz ki, bu nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və bu kursu böyük qətiyyət və inamla davam etdirən İlham Əliyev fenomeni dayanır. Bu siyasətin ən böyük uğuru isə 2020-ci ilin sentyabrında başlayan – Vətən müharibəsində qazandığımız tarixi Zəfər zirvəsidir. Bu Zəfərin fonunda isə belə bir həqiqət öz təsdiqini tapır ki, yalnız və yalnız güclü və müdrik lideri olan dövlət qarşısında dayanan məqsədlərə çata bilər.
Bu siyasət Vətən müharibəsindən sonra da Azərbaycanın öz milli maraq və mənafelərini qətiyyətlə və inamla davam etdirilməsi ilə uğurla həyata keçirilir. Bu çərçivədə ən böyük uğur və nailiyyət beynəlxalq ictimaiyyətin 44 günlük müharibədən sonra regionda yaranmış yeni reallıqları tam bölüşməsidir. Bu isə öz növbəsində Azərbaycanın Vətən müharibəsində Qələbəsinin qəbul olunması və eyni zamanda torpaqlarımızın işğaldan azad edilməsinə göstərilən beynəlxalq ehtiramın başlıca təzahürüdür. Və sözsüz ki, bu siyasi kurs Azərbaycanımızı daha böyük uğurlu gələcəyə aparır, onun işıqlı ideyaları daim yaşayacaqdır. Azərbaycan və Heydər Əliyev əsrlər boyu qoşa səslənəcəkdir.